Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Sofiyanın tarixi abidələri ilə tanış olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sentyabrın 23-də Bolqarıstan Prezidentinin xanımı Zorka Pırvanovanın müşayiəti ilə Sofiyanın bir çox tarixi abidələri ilə tanış olmuşdur.
Həmin abidələr arasında müqəddəs "Aleksandr Nevski patriarx məbədi" öz əzəməti ilə daha çox diqqəti cəlb edir. Burada hörmətli qonağa məlumat verildi ki, bu nəhəng kompleks 1877-1878-ci illərdə Bolqarıstanın azadlığı uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların şərəfinə ucaldılmışdır. Deyilənə görə, məbədin tikintisində bütün bolqar xalqı iştirak etmişdir. Dünyanın hər yerindən buraya ibadətə gəlirlər. Pravoslav müqəddəslərinin ikona və şəkilləri ilə bəzədilmiş məbəd həm də tarixi abidə kimi mühafizə olunur. Məbədlə tanışlıq zamanı Mehriban xanım Əliyevaya məlumat verildi ki, sosializm dövründə Bolqarıstanda dinə qoyulmuş qadağalarla əlaqədar məbəd bir qədər diqqətdən kənarda qalmışdı. Son vaxtlar məbədin təmiri və bərpası üçün dövlət tərəfindən tədbirlər görülməkdədir.
Məbədin dini rəhbəri Azərbaycan xalqına, onun Prezidentinə və Mehriban xanım Əliyevaya firavanlıq, xoşbəxtlik, əmin-amanlıq arzuları ilə dua etdi.
* * *
Bolqarıstanın ən qədim sənət əsərlərinin əsas hissəsinin nümayiş etdirildiyi Milli Rəssamlıq Qalereyasının bolqar incəsənəti filialı ilə tanışlıq da xoş təəssürat doğurdu. Mehriban xanım Əliyevaya burada toplanmış eksponatlar barədə ətraflı məlumat verildi. Bildirildi ki, ikonalar, freskalar, müxtəlif sənət inciləri bu ölkənin qədim tarixindən xəbər verir. X əsrdən başlayaraq, tarixin müxtəlif dövrlərində, hələ sənətin nəzəriyyəsi və sistemi mövcud olmadığı zamanlarda yaranmış həmin sənət əsərlərinin əksəriyyəti öz qeyri-adiliyi ilə diqqəti cəlb edir. Əsasən apostolların, çarların və hökmdarların təsvir edildiyi şəkillərin bəzilərində qədim Şərq üslubunun cizgiləri də açıq-aydın hiss olunur. Pavilyonlarda nümayiş etdirilən əsərlərin böyük bir hissəsi XII əsr pravoslav incəsənətinə aiddir.
Bizans-Tırnovo İncəsənət məktəblərinin nümunələri ilə tanışlıq da böyük maraq doğurdu. Mehriban Əliyeva eksponatlara tamaşa etdi, onların yaranma tarixi ilə maraqlandı.
* * *
Daha sonra Mehriban xanım Əliyeva Bolqarıstanın məşhur orta əsr memarlıq və rəngkarlıq sənətini özündə geniş təcəssüm etdirən Boyana kilsəsinə gəldi. Əsrlər boyu bu bina həm tarixi abidə, həm də yerli əhalinin ibadət yeri olmuşdur. Ölkəmizin birinci xanımına məlumat verildi ki, divarlardakı rəsmlərin bir hissəsi XI əsrdə, digər hissəsi isə XIII əsrdə çəkilmişdir. XIV - XV əsrlərdə isə kilsənin divarları yeni-yeni rəsmlərlə zənginləşdirilmişdir. Maraqlıdır ki, bir neçə yüzilliklər keçməsinə baxmayaraq, həmin rəsmlər əsasən öz orijinallığını qoruyub saxlamışdır. Müharibələr zamanı dağıdılmış daş kitabələrin qalıqları da burada mühafizə olunur.
Mehriban xanım Əliyevaya bildirildi ki, bu tarixi memarlıq abidəsi 1979-cu ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidentinin xanımı kilsədə, aparılan təmir-bərpa işləri ilə də maraqlarıdı, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
* * *
Həmin gün Bolqarıstan Prezidentinin xanımı Zorka Pırvanova Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın şərəfinə nahar təşkil etdi. Söhbət zamanı Mehriban Əliyeva bu ölkədə onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
Azərbaycan Prezidentinin xanımı ölkəmizdə qadın siyasətinin uğurlu nəticələrindən söhbət açdı, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda həyata keçirdiyi layihələr, habelə mədəni irsin qorunmasına dövlət qayğısı ilə bağlı görülən işlər barədə məlumat verdi. Bolqarıstan Prezidentinin xanımı dövlətimizin başçısı İlham Əliyevin rəsmi səfərinin bütün sahələrdə olduğu kimi, iki ölkənin qadın təşkilatları, elm, mədəniyyət, təhsil qurumları arasında əlaqələrin genişlənməsinə də təkan verəcəyinə əminliyini ifadə etdi.