Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu təhsilin inkişafına xüsusi qayğı göstərir


"Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır".

Heydər Əliyev


Son üç ildə millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram ulu öndərimizin ali ideallarını özündə ehtiva edir. Fondun istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması təsadüfi deyil. Bu sahənin dinamik inkişafı milli-mədəni irsin qloballaşma tendensiyalarında hifz olunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının gələcəyin layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsindən, ilk növbədə həqiqi vətənpərvərlikdən irəli gəlir.

Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elm və təhsilin tərəqqisinə xüsusi münasibəti onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, xalqına olan sonsuz məhəbbətinin, nümunəvi vətənpərvərliyinin bariz ifadəsidir. Azərbaycanın birinci xanımı ulu öndərimizin əsasını qoyduğu, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məhz onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi kimi Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin mədəni və humanitar həyatında öz sözünü deyir.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsini həyata keçirən fond ölkədə müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi və s. sahələrdə artıq bir sıra uğurlu nəticələr əldə etmişdir. Təkcə 2005-ci ildə bölgələrdə 132 yeni məktəbin tikilib istifadəyə verilməsi fövqəladə göstərici sayıla bilər. Bu qeyri-adi göstərici ilə sübut edildi ki, yüksək əzm və iradə, vətənpərvərlik olan yerdə çox böyük uğurlara imza atmaq mümkündür. Fondun prezidentinin layihə ilə bağlı cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı qısa zamanda geniş əks-səda doğurdu, nəticədə Azərbaycanın bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi geniş vüsət aldı. Müasir tələblərə cavab verən həmin məktəb binaları yeni avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olundular.

Məhz yüksək işgüzarlıq şəraitində bəzən çoxlarına qeyri-real, əfsanə kimi görünən böyük işləri qısa müddətdə gerçəkləşdirmək mümkündür. Artıq "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ikinci mərhələsinin icrasına başlanmışdır. Fondun dəstəyi ilə 2006-cı ildə respublikamızda müasir üslubda 100-dən arıq yeni məktəb binasının inşası aparılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarının birində bu layihənin xüsusi əhəmiyyət daşıdığını bildirərək demişdir: "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə dəyirmi masa keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər". Bu bir daha göstərir ki, Azərbaycan cəmiyyətində hər kəs üçün bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin savadlanması, habelə dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi fondun fəaliyyətinin üstün sahələrindən biridir.

Fond yeni təhsil ocaqlarının tikintisi ilə yanaşı, mövcud müəssisələrin əsaslı təmiri və yenidən qurulması işini də daim diqqət mərkəzində saxlamışdır. Təkcə 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilmiş, zəruri avadanlıqlarla təchiz olunmuşdur. Hazırda 90 yeni məktəb və əlavə korpusların inşası, 10 məktəbin əsaslı təmiri başa çatmışdır. Bir faktı da qeyd edək ki, 2005-ci ildə 30 məktəb ən müasir avadanlıqlarla təmin edilmişdisə, bu il belə məktəblərin sayı 209 olacaqdır. Lakin bununla belə, 300-dən çox məktəbin hələ də qəza vəziyyətində olması, həmin sayda məktəbin əlverişli təlim şəraiti olmayan uyğunlaşdırılmış binalarda yerləşməsi, bir sıra məktəblərdə şagird sıxlığının yüksək olması, avadanlıqla, laboratoriya ilə, kompüterlə təminat və digər məsələlər bu sahədə hələ də problemlərin qaldığını göstərir.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş informasiya kommunikasiya texnologiyaları üzrə proqrama müvafiq olaraq 2005-ci ildə 218 məktəb kompüterlə təmin edilmiş, cari ildə isə 821 məktəbə kompüter, 75 məktəbə isə noutbuk və proyektorlar veriləcək.

Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafını sürətləndirmək məqsədilə YUNESKO ilə fəal əməkdaşlıq əlaqələri qurmuşdur. 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Əldə olunmuş razılaşmaya əsasən, 2005-ci ilin avqust ayında "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda növbəti konfrans Bakıda təşkil olunmuşdur. Bu mötəbər məclisdə çıxış edən Mehriban xanım Əliyeva Azərbaycan təhsilinin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün təhsilimizdə yaratdığı çətinliklər, problemlər YUNESKO-nun baş direktorunun və nümayəndə heyətinin nəzərinə bir daha çatdırılmışdır: "Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu məktəblər qaçqın-köçkün düşərgələrində yerləşir. Biz həm də müəllim kollektivini saxlaya bilmişik və onlar düşərgədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da nadir bir təcrübədir və mən inanıram ki, bu təcrübə bütün münaqişə zonalarında istifadə oluna bilər".

Konfrans Azərbaycanda təhsilin ümumi vəziyyəti ilə bağlı YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları məlumatlandırmaq, müştərək layihələrlə çıxış etmək baxımından uğurlu nəticələrlə yadda qalmışdır. Son illər Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir.

Fond təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görür. BMT-nin İnkişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan böyük əhəmiyyət kəsb edir. Həmin sazişə əsasən Azərbaycanda kor və görmə qabiliyyəti zəif olanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 320 min əlil insan yaşayır, onlardan 40 mini isə kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları vasitəsi ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğun artırılmasına, ümumən bu insanların yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir. Həmin saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk uğurlu nəticəsidir.

Heydər Əliyev Fondunun təhsillə bağlı daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də Azərbaycanda mövcud olan internat məktəblərinə və uşaq evlərinə qayğının artırılmasıdır. Fond bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması ilə yanaşı, həm də kimsəsiz uşaqlara mənəvi dayaq olmağa, onlara bir növ ailə mühiti yaratmağa çalışır. "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində fondun nümayəndələri Bakıda və Abşeronda olan uşaq evi və internat məktəblərinə getmişlər və həmin məktəblərin mövcud problemlərinin həlli üçün müzakirələrdən sonra dörd prioritet istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. İşçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərindəki mövcud vəziyyətin monitorinqini aparmış, uşaqların sayı, aylıq, illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait göstəricilərini müəyyənləşdirmişlər. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu aşkar edilmişdir.

Fondun təhsil sahəsində uğurla gerçəkləşdirdiyi layihələrdən biri də məhz kitab nəşri ilə bağlıdır. Son illər bu sahədə müəyyən problemlərin olduğunu nəzərə alan Heydər Əliyev Fondu klassik yazıçı və şairlərin, o cümlədən ali məktəblər üçün dərs vəsaitlərinin mərhələlərlə yenidən nəşr olunması prosesində yaxından iştirak etməyə çalışır. 2006-cı il iyulun 5-də isə fondun kitab nəşri ilə bağlı təqdimatını keçirdiyi yeni layihə bu baxımdan xüsusi maraq doğurur. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif elm sahələrinə aid Rusiyada nəşr olunmuş 4 mindən artıq kitab respublikamızın 14 ali məktəbinə hədiyyə edilmişdir. Fond kitab nəşrini gələcəkdə də davam etdirmək niyyətindədir.

Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr də olduqca təqdirəlayiqdir. Bu sırada "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri xüsusi aktuallıq kəsb edir. Birinci layihə çərçivəsində diabetli uşaqların problemlərinin həllinə həsr olunmuş konfrans keçirilmiş, 14 yaşınadək olan diabetli uşaqlara dərman preparatları paylanmışdır. Hazırda layihə üzrə işlər davam etdirilir və fond uşaqlarımızın sağlamlığı üçün lazım olan hər bir yardımı verməyə çalışır. Səhiyyə sahəsində həyata keçirilən layihələr sırasında talassemiya ilə bağlı tədbirlər də xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunda ölkəmizdə belə xəstələrin sayı, onların vəziyyəti ətraflı təhlil olunur, talassemiyanın müalicəsi və profilaktikası üçün proqramlar hazırlanır. 2005-ci ildə 1 nömrəli körpələr evi, 2 nömrəli internat təmir olunaraq istifadəyə verilmişdir və fondun fəaliyyəti bütün yaş təbəqələrini əhatə edir. Cari ildə isə fondun təşəbbüsü ilə respublikamızda Talassemiya Mərkəzinin inşasına başlanmışdır. Eyni zamanda fondun prezidentinin təşəbbüsü ilə yeni Diaqnostika Mərkəzinin tikilməsi də nəzərdə tutulur.

Heydər Əliyev Fondu öz fəaliyyətini uğurla davam etdirir, xeyriyyəçilik missiyasını həyata keçirir. Məhz bu fəaliyyətinə görə fond ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilmişdir.


İ. Əliyeva

Azərbaycan.- 2006.- 15 sentyabr.- № 208.- S. 4.