Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycan xalqı naminə xoşməramlı fəaliyyət


Xoşməramlı səfir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti nəinki cəmiyyətimiz, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Xanım Əliyevanın məhz zəngin Azərbaycan mədəniyyətinin qorunması və təbliği, kimsəsiz, valideyn himayəsindən məhrum, o cümlədən xəstə uşaqların himayə olunması sahəsindəki mühüm işi, həmçinin təhsilin, idmanın inkişafındakı xidmətləri - yəni kifayət qədər çoxşaxəli fəaliyyəti dünya ictimaiyyətinin də rəğbətini qazanıb. Xatırladaq ki, öz millətinə, xalqına təmənnasız xidmətdən qaynaqlanan bu fəaliyyət region ölkələrinin və dünya xalqlarının mənafeyinə uyğundur. Bəşəriyyət XXI əsrdə, qloballaşma və inteqrasiya proseslərinin sürətləndiyi vaxtda milli dəyərlərin və ənənələrin, qeyri-maddi irsin qorunub saxlanmasında, gələcək nəsillərin sağlam böyüməsində və mükəmməl təhsil almasında maraqlıdır.

Xanım Əliyevanın martın 3-4-də YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasında iştirak etmək üçün Parisə səfəri bu baxımdan böyük maraq doğurubdur. Əvvəla, onu nəzərə çatdırmağı vacib sayırıq ki, illik iclasda dünyanın bir sıra görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri, o cümlədən Mstislav Rostropoviç, Monserrat Kabalye, Mərakeş şahzadəsi Ləlla Məryəm, Lüksemburq hersoginyası Mariya Tereza, habelə Ömər Zülfü Livanelli, Zurab Sereteli və digər xoşməramlı səfirlər də iştirak ediblər. Öz vətəninə hədsiz bağlı olan azərbaycanlı xoşməramlı səfir ölkəsinin qədim tarixini, mədəniyyətini, ənənələrini dərindən mənimsəyib. 2004-cü ilin sentyabr ayından xoşməramlı səfir kimi mədəni irsin qorunmasına cəlb olunan xanım Əliyeva YUNESKO ailəsinə daxil olmaq imkanından həm də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün istifadə etməyə başlayıb ki, bu barədə bir az sonra söhbət açacağıq.

Azərbaycan Prezidentinin müxtəlif ölkələrə uğurla keçən səfərləri çərçivəsində həmin ölkələrin tarixi, mədəniyyəti, sosial həyatı ilə yaxından tanış olan Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin və indiki sosial siyasətinin sivil bəşəri dəyərlərin inkişafına böyük töhfələr verdiyinə əmin olub. 2003-cü ildə YUNESKO Azərbaycan muğamlarını bəşəriyyətin mədəni irs siyahısına daxil edilsə, burada xanım Əliyevanın rolu danılmazdır. Təşkilatın baş direktoru Koiçiro Matsuura xoşməramlı səfirlərin beşinci görüşündə ilk dəfə iştirak edən Mehriban xanım Əliyevanın ölkəmizdəki fəaliyyətindən razılığını bildirib. Onun sözlərinə görə, xanım Əliyeva 1995-ci ildən qeyri-hökumət təşkilatı olan Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbərlik etməklə yanaşı, mədəni irsin qorunması, muğamların təbliği və zəngin Azərbaycan musiqisinin inkişafı sahəsində xüsusi xidmətlər göstəribdir. Xoşməramlı səfir kimi Mehri-ban Əliyeva mədəni irsin qorunub saxlanmasına dair Konvensiyanın təqdimatı ilə bağlı ötən ilin dekabrında Kazan şəhərində keçirilmiş tədbirdə iştirak edib. Baş direktor xanım Əliyevanın xəstə və valideyn himayəsindən məhrum uşaqlara göstərdiyi qayğını da yüksək qiymətləndiribdir.

Xoşməramlı səfirlərin illik iclasındakı çıxışında Azərbaycan muğamlarını əhatə edən 10-dan çox layihə üzərində işlənildiyini vurğulayan Mehriban xanım yenicə başa çatmış bir layihə - Azərbaycan muğam sənətkarlarının əvvəllər yazılmış musiqi parçalarının təmizlənməsi və yenidən yazılması barədə danışdı. "Onların orijinallarının bir çoxunu xaricdə axtarmalı olduq. Buna baxmayaraq biz uğur əldə etdik və onları CD-lərə köçürə bildik. Sizə musiqi dəstini təqdim etmək istəyirəm. Ümid edirəm ki, bu musiqini dinləməklə zövq alacaqsınız. Buna əlavə olaraq biz məşhur xanəndələrin haqqında və muğam fəlsəfəsinə aid bir sıra kitablar nəşr etməyi də planlaşdırırıq" - deyən Mehriban Əliyeva Bakı şəhərində Beynəlxalq Musiqi Mərkəzinin yaradılması zərurətinə toxundu. Onun fikrincə, bu musiqi mərkəzi yaradıldıqdan sonra nəinki musiqiçilərin, həm də musiqisevərlərin mərkəzə gələrək musiqi dinləməsi, ənənəvi musiqimiz barədə müzakirələr aparması, yaşlı nəsildən olan sənətkarların öz təcrübələrini, biliklərini və ustalıqlarını yeni nəsillə bölüşdürməsi mümkün olacaqdır. Mərkəz həm də müxtəlif ölkələrdən olan insanların görüş yerinə çevriləcək, dünya mədəni irsinin qorunub saxlanması naminə daha bir imkan yaradılacaqdır.

Azərbaycan YUNESKO arasındakı münasibətlər heç vaxt indiki kimi yüksək səviyyədə olmayıbdır və ölkəmiz təşkilatın bir hissəsi olaraq onunla birlikdə dünyanın müxtəlif ölkələrində bəşəri və qlobal problemlərə dair layihələr həyata keçirməkdə israrlıdır. İkitərəfli əlaqələr qarşılıqlı faydalılıq zəminində qurulubdur və xanım Əliyeva Azərbaycan musiqisinə YUNESKO tərəfindən göstərilən qayğını yüksək dəyərləndiribdir. Əməkdaşlıq davam edir. Gələcəkdə digər layihələrin reallaşdırılması işində də təşkilatın yardımına ehtiyac duyduğunu söyləyən Mehriban xanım elm, təhsil və mədəniyyət sahələrində mövcud əlaqələrin daha da genişləndirilməsi üçün imkanların səfərbər olunduğunu vurğuladı.

Azərbaycan zəngin tarixi abidələrə, mədəniyyətə, musiqiyə, o cümlədən maddi-mədəni irsin qorunması sahəsində müəyyən təcrübəyə malikdir. Odur ki, xoşməramlı səfirlərin illik iclasından sonra Azərbaycan musiqisindən ibarət konsertin təşkilini qeyd etməliyik. Almaniyada yaşayan həmyerlimiz Firəngiz Əlizadənin pianoda çaldığı muğam parçaları fransızları və Parisə toplaşan müxtəlif ölkələrin nümayəndələrini riqqətə gətirdi. Bir bu deyil, Azərbaycan muğamının dünyanı fəth etməsi, müxtəlif dinlərə, dillərə malik insanları eyni hiss və duyğularla birləşdirməsi barədə çoxlu konkret fakt söyləmək olar. Belə bir mədəniyyətə, milli ənənələrə malik xalqımızın zəngin tarixi sərvətinin ermənilər tərəfindən dağıdılması, yaxud özününküləşdirilməsi beynəlxalq cinayət sayılmalıdır. İclasdan sonra jurnalistlərin bu barədə suallarına cavab verən xanım Əliyevaya görə, siyasətlə məşğul olmamasına baxmayaraq YUNESKO-da bizim üçün ağrılı olan bu məsələ qaldırılacaqdır: "Mən həm baş direktorla, həm də həmkarlarımla görüşlərimdə mövcud vəziyyət barədə məlumat verdim. YUNESKO-nun baş direktoru Bakıya dəvətimi qəbul etdi və bu il ərzində ölkəmizə səfər edəcəyinə söz verdi. Ölkəmizlə bağlı həqiqətləri öyrənmək baxımından Azərbaycanda belə görüşlərin keçirilməsi çox faydalı ola bilər və ümumi işimizə xeyir verər. Həmkarlarımdan bəzilərinin Azərbaycanda bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması barədə məlumatları, demək olar ki, yox idi. Xoşməramlı səfirləri Bakıya dəvət etməkdə əsas məqsədim onlarla birlikdə qaçqın və məcburi köçkün düşərgələrinə baş çəkmək, soydaşlarımızın yaşadıqları şəraiti göstərməkdir. Bildiyiniz kimi, bugünkü iclas "Hər bir insan üçün təhsil” probleminə həsr edilmişdi. Bizim çadır şəhərciklərində yaşayan ailələrdəki uşaqların hansı şəraitdə təhsil almaları barədə xoşməramlı səfirlərə məlumat verərkən onlar bunu çox təəccüblə qarşıladılar. Onlar mənə söz verdilər ki, Azərbaycanda olarkən mütləq çadır düşərgələrinə gedəcək və vəziyyətlə yerindəcə tanış olacaqlar. Keçirdiyim görüşlər zamanı dağıdılmış abidələrimiz barədə də danışdım. Əlbəttə, bu istiqamətdə hələ çox işləmək lazımdır və artıq bu səfərim zamanı həmin problemlə bağlı fəaliyyətə başlamışam". Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevə bu sözlərlə ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz xidmətini təklif edir. Bu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan ağır vəziyyətə - bir milyon azərbaycanlının doğma yurduna qayıda bilməməsi və uzun illər ağır şəraitdə yaşaması, çadır şəhərciklərindəki uşaqların təhsildən ayrı düşməsi və işğal altındakı mədəni sərvətlərimizin qəsdən məhv edilməsi ilə bağlı problemlərə YUNESKO-nun birbaşa müdaxiləsi demək olacaqdır. Nəzərə alsaq ki, Türkiyənin xoşməramlı səfiri ermənilər tərəfindən uydurulmuş "soyqırımı"nın YUNESKO xətti ilə araşdırılmasına dünyanın tanınmış tarixçi alimlərinin cəlb olunmasını xahiş edibdir, demək, Azərbaycanın və qardaş ölkənin eyni düşmənə qarşı ədalətli mübarizəsi bu qurumda da uğurla nəticələnəcəkdir.

Bu əminlik həm də təşkilatın baş direktorunun cavabından doğubdur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, son zamanlar isə Şuşa şəhərində ermənilərin "arxeoloji qazıntılar" aparması ilə bağlı YUNESKO-nun hansı addımlar atacağı barədə suallara cavab verən K. Matsuura hər bir xalqa məxsus abidələrin dağıdılmasını pisləyib, maddi-mədəni irsin qorunub saxlanması istiqamətində görülən işlərdən danışıb.

Bu ilin iyun ayında Yaponiyanın Naqoya şəhərində keçiriləcək beynəlxalq sərgiyə baş direktor tərəfindən xüsusi dəvət alan Mehriban xanım Əliyeva orada muğam ustalarından ibarət qrupun çıxışını nəzərdə tutur. Bu, Azərbaycan tarixində ilk dəfə xoşməramlı səfir adını qazanan və ölkəsini təşkilatda ləyaqətlə təmsil edən xanım Əliyevanın YUNESKO ilə birlikdə apardığı işlər çərçivəsində yalnız bir layihədir. Xoşməramlı səfir kimi qeyri-maddi irs sahəsində təşkilatın fəaliyyətinə Mehriban xanım çox böyük dəstək verir və həm Azərbaycan nümayəndəsinin, həm də YUNESKO-nun məramı bu sahədə üst-üstə düşür. Artıq onuncu ildönümü yaxınlaşan Azərbaycan Mədəniyyətinin Dostları Fondu Azərbaycanın qeyri-maddi, mədəni irsinin qorunub saxlanılması işində böyük xidmətlər göstərib və Mehriban xanım bu sahədə də ölkəsinə mühüm töhfələr verib. Bu il fevralın 18-də fondun YUNESKO ilə birlikdə Bakıda, Azərbaycan filarmoniyasında həyata keçirdiyi və dövlətimizin başçısı cənab İlham Əliyevin də iştirak etdiyi “Muğam dəstgahları” layihəsi ilə də tamaşaçılarını və dinləyicilərini öz cazibəsidə saxlamaqdadır.

Heydər Əliyev Fondunun geniş spektrli fəaliyyətinin öncül istiqamətlərindən biri də cəmiyyətimizdə yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır. Onlar qaçqın və məcburi köçkün ailələri, uşaq evləri, internat məktəblərdə tərbiyə alan və müxtəlif xəstəliklərdən əziyyət çəkənlərdir. Son vaxtlar fond bu istiqamətdə bir neçə layihə - diabetli uşaqlara ən yüksək qayğı, uşaq evlərinin və internat məktəblərin inkişafı, "Mən Azərbaycanı sevirəm" rəsm sərgisi, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlarla görüşlər, "Talassemiyasız həyat naminə" mövzusunda "dəyirmi masa" və s. hazırlayaraq həyata keçirib. Bütün bunlar Mehriban xanım Əliyevanın Azərbaycan xalqı naminə xoşməramlı fəaliyyətindən xəbər verir. Xüsusi bildirmək istəyirik ki, heç bir ölkənin birinci xanımı üzərinə bu qədər ağır və məsuliyyətli vəzifələr götürməyə, onların öhdəsindən uğurla gəlməyə cəsarət etmir.

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyevanın humanizmdən, mərhəmətdən, şəfqətdən yoğurulan qeyri-adi fəaliyyəti cəmiyyətin bütün təbəqələrində xoş ovqat yaradır. Onun nəcib siması əhalinin hansı kateqoriyasından asılı olmayaraq - uşaqlar, qadınlar, sadə insanlar arasında görünəndə hər kəs hörmət və ehtiramını nümayiş etdirir. Mehriban xanım isə Azərbaycanın qeyri-maddi irsinin, mədəniyyətinin qorunması və təbliği, qayğıya daha çox ehtiyacı olanlara xidmət sahəsində yeni layihələr üzərində düşünür, öz əməli ilə insanlara vətənpərvərlik, xalqına, dövlətinə sədaqət, bir-birinə hörmət hissləri aşılayır.


V. İsmayılova

Azərbaycan.- 2005.- 10 mart.- № 54.- S. 4.