Çap etmək   ⁞     ⁞   Fond haqqında

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi daima dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edirlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib. Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanın iqtisadi-siyasi, elmi-mədəni və ictimai həyatında qadınların yüksək intellektual zümrəsi formalaşıb.

Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırırdı. Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artıb. Bu prosesdə onların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir.

Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ulu Öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurulub, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik bugünkü dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafında yorulmadan çalışan Azərbaycan qadını üçün ilham və enerji mənbəyidir. Bu yaradıcı enerjini xalq və dövlət üçün, bugünkü və gələcək nəsillərin rifahı üçün hərtərəfli real fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrin ən görkəmli Azərbaycan xanımı isə Mehriban Əliyevadır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəb”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova AZƏRTAC-a müsahibəsində bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul olunması və Milli Fəaliyyət Planın hazırlanması ilə oğlan və qız uşaqlarının balansında sabitlik olacaq və bu məsələlərə diqqət ayrılacaq. Ölkədə nə qədər ki, mənəvi dəyərlərin deqradasiyası, əxlaqi-mənəvi dəyərlərə söykənib erkən yaşda qız uşağını ərə vermək problemi gündəmdədirsə, qız uşaqlarına, qadına münasibət də mənfi olacaq. Bunların hamısı zəncirvari prosesdir. Qız uşaqlarının abortu, erkən yaşda, məcburi ərə verilməsi, qadının evdə döyülməsi, öldürülməsi, qız uşaqlarının təhsildən yayındırılması ictimai şüurda qadına olan münasibətin göstəricidir. Son illər selektiv abortların sayı durmadan artır. Bu fakt beynəlxalq təşkilatları, mütəxəssisləri də narahat etməyə başlayıb. Səbəb USM-in köməkliyi ilə cinsiyyətin müəyyənləşməsidir. Bundan sonra valideynlər körpənin həyatı ilə bağlı qərarlarını verirlər. Dünya Səhiyyə Təşkilatının hesabatlarından aydın görmək olur ki, əsasən müsəlman ölkələrində və kasıb regionlarda qız övladlarının sayı bu yolla azaldılır. Elə statistika da son illər doğulan körpələr arasında oğlanların çoxluq təşkil etdiyini göstərir. Bu insanlar oğlan övladını qız övladından üstün tuturlar. Övlad ayrı-seçkiliyi qəribə görsənsə də, günümüzdə də mövcuddur. Cəmiyyətimizdə belə bir fikir var: “Oğlan nəslin davamçısıdır” ailə üçün əsasdır, varisdir. Buna görə də ailələrdə daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Ailələrin əksəriyyəti düşünmədən, heç bir məntiqə söykənmədən qız uşaqlarından imtina edirlər. Elə valideynlər də var ki, qız övladının olmasını daha çox istəyirlər. Hər bir ailənin psixologiyası fərqlidir. Bəzi ailələr üçün qız uşağı önəmlidir, bəziləri üçün isə oğlan. Lakin bu doğru psixologiya deyil. Uşaqlar arasında ayrı-seçkiliyə əsasən irsi xüsusiyyətlərə qiymət verən ailələrdə rast gəlinir. Bu, ailələrin psixoloji, sosial cəhətdən maarifləndirilməməsindən irəli gəlir. Dünyagörüşü, ağlı, savadı olan valideyn övladları arasında seçim etməz. Bu, ailədə qısqanclığa, paxıllığa, hətta qardaş-bacı arasında düşmənçiliyə də səbəb ola bilər. Bunun bariz nümunəsi Məhəmməd Peyğəmbərin (s. ə. s) oğlunun olmamasına baxmayaraq onun nəslinin kəsilməməsidir. Qızı olub, oğlu olmayana sonsuz demək doğru deyil. Övladlarımızın hamısı bizim üçün əziz və qiymətli olmalıdır.

Bakı sakini üç qız atası Vüqar Əliyevin oğlu yoxdur. “Təəssüflər olsun ki, bu gün övladlar arasında ayrı-seçkilik edən ailələr mövcuddur. Bəziləri qız, bəziləri oğlan övladlara üstünlük verir. Qorxulusu odur ki, hətta belə ayrı-seçkiliyə görə ailələrini dağıdanlar da var. Hesab edirəm ki, bu, tamamilə yanlışdır. Məncə, valideynlərin maarifləndirilməsi lazımdır. Oğul-qız deyib, övladı ayırmaq olmaz. Tərbiyədən çox şey asılıdır. Tərbiyəni, milli dəyərlərimizi övladlarımıza düzgün çatdırmağı bacarmalıyıq. Övladları elə böyütmək lazımdır ki, nəinki onlar arasında qısqanclıq, əksinə bir-birinə ehtiyac, dəyər olsun. Bacı və ya qardaşlarının nə qədər dəyərli olduğunu uşaqlar özləri dərk etməlidirlər. Bir-birinə bağlı olan övladların valideynləri də heç vaxt kənarda qalmaz. Böyük qızım 14, ortancıl 10, son beşiyimiz isə 2 yaşındadır. Bəzən işlərimin çoxluğundan övladlarıma vaxt ayıra bilmirəm. Lakin istirahət günlərimi ailəmlə keçirməyə çalışıram. Oğlum yoxdur və buna görə heç vaxt təəssüf hissi keçirməmişəm. Övlad Allahın verdiyi paydır. Düşünürəm ki, mən üç qız övladı olan xoşbəxt atayam”, - deyə V. Əliyev bildirib.

Yazı Niderland Krallığı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən icra olunan “Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur.

AZƏRTAC
2017, 9 avqust