Çap etmək   ⁞     ⁞   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  •  Haqqında

Birinci vitse-prezidentin Rusiyaya rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirəcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri böyük ictimai-siyasi əhəmiyyət daşıyır. Bunu Mehriban Əliyevanın Rusiyanın ali rəhbərliyi tərəfindən yüksək səviyyədə qəbul edilməsi, səfər çərçivəsində keçirilən görüşlər də təsdiqləyir. Səfər çərçivəsində məlum oldu ki, Rusiyada Mehriban Əliyevaya həm Birinci vitse-prezident, həm də ictimai-siyasi xadim kimi böyük hörmət və ehtiram göstərilir.

Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova dedi. Bildirdi ki, Mehriban Əliyevanın bu səfəri, həm də iki ölkə arasında həyata keçirilən humanitar layihələrə təkan verəcək. Bununla yanaşı, iki ölkə arasında bütün sahələrdə münasibətlərin dərinləşdirilməsinə öz təsirini göstərəcək: “Mehriban Əliyevanın rəsmi səfəri Azərbaycanın Rusiya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu göstərdi. Rusiya Federasiyasında yaxşı bilirlər ki, Azərbaycan Qafqazda ən etibarlı qardaş və tərəfdaş ölkədir. Mehriban Əliyevanın səfəri bu anlamı bir daha təsdiqlədi. Birinci vitse-prezidentin Rusiya–Azərbaycan regionlararası forumunda iştirakı isə səfərin əhəmiyyətini daha da artırdı. Bu,onu göstərir ki, regionlararası forum artıq yeni mərhələyə qədəm qoyub. Forumda Azərbaycanın Birinci vitse-prezidentinin iştirakı Rusiya üçün böyük fəxr və məsuliyyət idi. Bütün bunlar iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsindən xəbər verir”.

Deputat bu səfərin nəticələrinin Rusiyada da yüksək qiymətləndirildiyini Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun fikirləri ilə əsaslandırdı: “Bu gün ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Üstəlik, deyərdim ki, bu münasibətlər yüksəlişdədir. Hər iki tərəf elm, iqtisadiyyat, humanitar sahələrdə çoxplanlı əməkdaşlığı möhkəmləndirmək, inkişaf etdirmək və genişləndirmək üçün mümkün olan hər şeyi edir. Hansı sahəni götürməyimizdən asılı olmayaraq, əhəmiyyətli nəticələr əldə edə bilmişik. Mehriban Əliyevanın səfəri əməkdaşlığımızın daha da genişlənməsinə güclü impuls verəcək”.

D.Cəbrayılova dedi ki, səfər çərçivəsində ən çox yaddaqalan amillərdən biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Rusiya Prezidenti Vladimir Putin tərəfindən bu ölkənin ali dövlət mükafatı olan “Dostluq” ordeninin təqdim edilməsi oldu.

Əliqismət Bədəlov

Xalq qəzeti.-2019.-29 noyabr.-№265.-S.2.