Milli Gimnastika Arenası "Bakı-2015"ə tam hazırdır
Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunları ilə bağlı ölkəmizdə aparılan hazırlıq işləri yekunlaşmaq üzrədir. Bir çox idman obyektləri artıq yarışları qəbul etməyə tam hazırdır. Hazırlıq işlərinin yekunlaşdığı möhtəşəm idman obyektlərindən biri də Milli Gimnastika Arenasıdır. Sözügedən arena artıq "Bakı-2015" I Avropa Oyunlarının yarışlarını qəbul etməyə tam hazır vəziyyətə gətirilib. Burada idmançıların hazırlığı, yarışların keçirilməsi, media nümayəndələrinin rahatlıqla işləməsi üçün hər cür şərait yaradılıb.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Milli Gimnastika Arenası üzrə meneceri Zərifə Həsənova bildirdi ki, Milli Gimnastika Arenasında yarışları 9600 azarkeş izləyə bilər. Onun sözlərinə görə, arenada quraşdırılan oturacaqların bir hissəsi azarkeşlərin sayına görə, lazım olan zaman yığılıb-açılma mexanizmi ilə təchiz olunub. Menecer arenada sınaq yarışları keçirildiyini və idman obyektinin bütün dünya standartlarına cavab verdiyini qeyd etdi: "Mart ayında Milli Gimnastika Arenasında sınaq yarışı keçirildi. Arenada yaradılan yüksək şərait yarış zamanı bir daha özünü göstərdi.
Artıq burada podiumlar hazırlanıb. Ancaq oyunlara yaxın başqa dəyişikliklər də olacaq. Burada gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcəyi üçün podiumlar da dəyişdiriləcək. Arenada eyni zamanda 2 növ üzrə yarışlar təşkil oluna biləcək. Quraşdırılmış pərdələr vasitəsilə idmançıların hazırlaşdığı hissəni arenadan ayırmaq mümkündür. Media nümayəndələri, VİP - qonaqlar üçün ayrıca oturacaqlar quraşdırılıb. Arenada media mərkəzi də fəaliyyət göstərir".
Qeyd edək ki, Milli Gimnastika Arenasında mehmanxana da inşa olunub. Hazırda milli komandamız və məşqçilər bu oteldə məskunlaşıblar. Onlar burada qalaraq, gün ərzində rahatlıqla hazırlıq prosesinə qatılırlar. Arenada gimnastlar üçün məktəb də fəaliyyət göstərir ki, onlar təhsillərini davam etdirə bilsinlər.
Əsas arenadan başqa, gimnastikanın bütün növləri üzrə hazırlıq keçmək üçün müasir avadanlıqlarla təchiz olunmuş böyük məşq zalı da fəaliyyət göstərir. Burada gimnastlar üçün bütün avadanlıqlarla yanaşı, xüsusi havalandırma sistemi, paltardəyişmə və istirahət otaqları inşa olunub. İdmançılara yüksək səviyyəli xidmət göstərilir və məşqlər dünyanın ən qabaqcıl mütəxəssisləri tərəfindən aparılır.
Onu da nəzərinizə çatdıraq ki, "Bakı-2015" I Avropa Oyunlarından öncə iştirakçı ölkələrin gimnastları Milli Gimnastika Arenasında məşqlər keçəcəklər. Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunları bu il iyun ayının 12-dən 28-dək Bakıda və Mingəçevirdə keçiriləcək.
Elgün Vidadioğlu
Səs.- 2015.- 15 aprel.- № 65.- S. 7.