Mehriban Əliyeva yalnız ilin adamı deyil, ən başlıcası xalqın adamıdır
Heydər Əliyev Fondunun sədri, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın gördüyü humanist işlər dövlətimizin inkişafına xidmət edir.
Müqəddəs Qurani-Kərimdə deyilir ki, Cihada gedən ən qısa yol elmdən, təhsildən keçir. Təbii ki, burada. cihad döyüş, vuruş mənasını deyil, daha çox düşmənə ağılla, yüksək elmlə, bir sözlə, kamil düşüncə ilə qələbə çalmaq anlamını verir. Anamız Azərbaycanı ən qlobal problemlərdən, gələcək təhlükələrdən qurtarmaq üçün bugünkü təhsil ocaqlarında vətənpərvər, yüksək təhsilli gənclər yetişdirmək isə vicdan və şərəf işidir ki, bunu hər bir Azərbaycan ziyalısı gerçəkləşdirməlidir.
Bu məlum həqiqətdir ki, bir elm ocağı tikdirən, bir məktəbin təməlini qoyan, Məkkəni ən azı 10 dəfə ziyarət etmiş kimidir. Belə insanların xətri göydə Allahın, yerdə xalqının yanında daim xoşdur, əzizdir. Azərbaycanda son il yarım ərzində təxminən 150-dən çox yeni məktəb tikilmiş, onlarca məktəb əsaslı təmir olunmuş və bərpa edilmişdir. Azərbaycan dövlətinin indiki məqamında (bir tərəfdə 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz, bir tərəfdə işğalda qalan 20 faiz ərazimiz, digər bir tərəfdə isə iqtisadiyyatımızın yenicə inkişaf yoluna qədəm qoyması, ordumuzun nizami hərbi qüvvə kimi formalaşdırılması) təhsilə dövlət qayğısı kifayət etmirdi. Dövlətimiz büdcəsindən hər il təhsilə ayrılan payı artırsa da, bu problemlərin yalnız bir qismini əhatə edirdi. Məhz belə bir məqamda Heydər Əliyev Fondu ölkə təhsilinin inkişafına yardımçı oldu. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva öz humanist və nəcib fəaliyyəti ilə böyük bir missiyanı - Azərbaycan təhsilinin inkişafına dəstəyi və milli-mədəni dəyərlərimizin qorunmasını özünün gündəlik iş fəaliyyətinə çevirdi. O, bu amalını gerçəkləşdirməyə başlayanda dərk edirdi ki, çox böyük məsuliyyətin altına girir. Amma bu məsuliyyətin böyüklüyündən çəkinməyən Mehriban xanım cəmiyyətə səmimi bir mesaj da verdi: "Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də ki, kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir". 2005-ci ildə onun gördüyü işlər imkan verir qətiyyətlə deyək ki, Mehriban xanım bu fikri gəlişigözəl söz kimi deməyibdir və öz gücünə, millət və dövlətə olan sevgisinə güvənərək deyibdir. Məhz bu nəcib xanımın təşəbbüsü ilə " Yeniləşən Azərbaycana-yeni məktəb" ideyası gündəmə gəldi və reallaşmağa başladı. Onun bu xoş niyyəti nəinki ölkəmizdə, hətta beynəlxalq təşkilatlarda da xoş münasibət yaratdı. YUNESKO Mehriban xanımın belə nəcib fəaliyyətini vaxtında qiymətləndirdi və onu özünün xoşməramlı səfiri elan etdi.
2005-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 təhsil ocağı təmir edilərək bərpa olundu. Bakıda, Xaçmazda, Ağdamda, Bərdədə, Lerikdə, Salyanda və bir neçə digər rayonlarda qəza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi planlaşdırıldı və gerçəkləşdi. O, axtarır, arayır və müşahidə edirdi. Təhsilin harada daha çox problemlə üzləşdiyi yer vardısa, oraya köməyə tələsirdi. O, eyni zamanda, milli-mədəni dəyərlərimizin, milli musiqimizin şahı olan muğamlarımızı qorudu, onun geniş təbliğ olunması üçün xeyli işlər gördü. "Qarabağ xanəndələri" ideyasının təbliğinə nəinki ölkəmizdə, hətta xaricdə yüksək qiymət verən Mehriban xanım muğam ustadlarımıza da xüsusi qayğı və diqqət yetirirdi.
Mehriban Əliyeva xeyriyyəçilik sahəsində də nəzərə çarpan işlər gerçəkləşdirib. Heydər Əliyev Fondunun təşəbbüsü və xətti ilə diabetli və talassemiyalı uşaqlar dərmanlarla vaxtı-vaxtında təmin olunublar, onların müalicə olunduqları tibb müəssisələri təmir edilib, yeni avadanlıqlar alınıb. Məhz belə xeyirxah işlərinə görə, Mehriban xanım "2005-ci ilin adamı" elan olundu. Bu nəticəyə ANS şirkətlər qrumun apardığı sorğular və araşdırmalardan sonra gəlinib. Həmçinin televiziya rəhbərlərinin dediyi kimi, 2005-ci ildə on minlərlə insan öz problemlərinin həlli üçün üzünü məhz Mehriban xanıma tutub və ondan yardım istəyib. Ona müraciət edənlər naümid qalmayıblar. Bu isə o deməkdir ki, insanlar onların problemlərini həll edənlərə üz tuturlar.
Ümumiyyətlə, Mehriban xanımdan belə nəciblik, millətə bağlılıq gözləmək başa düşüləndir. Çünki o, ümummilli lider Heydər Əliyev ailəsinin gəlinidir. Bu ailədə isə millətə, dövlətçiliyə bağlılıq, xeyirxah işlər görmək həyati təlabatdır. Mehriban xanımın ömür-gün yoldaşı, ölkə Prezidenti İlham Əliyev də dövlətimizin ən qlobal problemlərini həll etməkdə davam edir və ölkəmizi regionda liderlik səviyyəsinə yüksəldib. Prezidentin dövlətimizin inkişaf etdirilməsi missiyasına Mehriban xanımın da qoşulması və bu işdə ona dəstək olması öz müsbət nəticələrini bu gün də verir, sabah da verəcəkdir.
Bir sözlə, Mehriban xanım bu ziyalılığı və nəcibliyi ilə millətə, vətənə xidmət nümunəsini göstərir. Hətta Çingiz Mustafayev adına Fonddan ona verilən 4 min yeni Azərbaycan manatını Ümummilli liderin təşəbbüsü ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna keçirməsi bir daha göstərdi ki, bu xanımın humanist fəaliyyətini bundan sonra da genişləndirəcəkdir.
Leyla İmanova,
Nərimanov rayon Təhsil Şöbəsinin müdiri
Ədalət.- 2006.- 3 fevral.- № 18.- S. 3.