Xeyirxahlıq və humanizm
Bu gün sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun ilk qadın xoşməramlı səfiri adına layiq görülmüş Mehriban xanım Əliyevanın bu ad altında fəaliyyətinin 4 ili tamam olur. Bu dövr ərzində birinci xanımın gördüyü işlər bütün dünya ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir.
Mehriban Əliyeva - Azərbaycanın birinci xanımı, millət vəkili, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri namizədi...
Onun təkcə Azərbaycan üçün deyil, türk dünyası, müsəlman dünyası və ümumiyyətlə dünyamız və insanlıq üçün xidmətlərini göz önündə canlandıranda görürük ki, o, bu gün türk və müsəlman dünyasının şəriksiz qadın lideridir.
Bu gün Azərbaycanın hansı bölgəsinə getsəniz, hamı Mehriban Əliyevanın məhz oradan millət vəkili olmasını arzulayır. Noyabrın 7-də keçirilən parlament seçkilərində bu fakt bir daha öz əyani sübutunu tapdı. Mehriban xanımın millət vəkili kimi təmsil etdiyi və yeni parlamentdə də təmsil edəcəyi Xəzər rayonu hər gün yeniləşir, inkişaf edir. Sadə insanlar bu qədər geniş fəaliyyət dairəsi olan bir insanın tez-tez onlara baş çəkərək problemləri, istəkləri ilə maraqlanmasını yüksək qiymətləndirir və bundan qürur duyurlar. Çünki onları təmsil edən millət vəkili təkcə bölgəsi üçün deyil, dövləti və milləti üçün böyük işlər görən bir insandır. insanlar ona humanizmin simvolu kimi baxırlar.
"Mən Azərbaycanın dünya müstəvisində təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də musiqi, arxitektura və s. kimi bir çox sahələrdə şedevrlər yaradan ölkə kimi təqdim olunmasını istəyirəm"- deyən Mehriban xanım bu məqsəd uğrunda daim fərəhlə çalışmış, Azərbaycan gerçəkliyinin bütün dünyada tanınmasına nail olmuşdur.
Mehriban xanımın hələ 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində böyük işlər görmüşdür. Onun 1996-cı ildə təsis etdiyi və 3 dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalı Azərbaycan mədəniyyətinin təbliğ olunması istiqamətində önəmli addım olmuşdur.
Azərbaycanın birinci xanımı tərəfindən 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu bu gün artıq dünya miqyasında qəbul olunan çox nüfuzlu bir təşkilata çevrilmişdir. Onun bir çox ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür. Xeyirxahlıq və humanizm təşkilat sədrinin bütün fəaliyyətinin ana xəttini təşkil edir. Onun rəhbərlik etdiyi fond maddi vəziyyəti ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. Mehriban xanım kasıb insanların müalicə olunaraq sağlamlıqlarına qovuşmasına dəstək göstərməsindən mənəvi rahatlıq tapır və öz timsalında bu önəmli ənənələrin cəmiyyətdə daha da möhkəmlənməsində böyük rol oynayır. Bu humanist aksiya cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Mehriban Əliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində əsl fədakarlıq göstərir və gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. Mehriban Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xalqımıza məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir.
Azərbaycanın islam mədəniyyətinin tarixində özünəməxsus yeri vardır. Milli və müasir sivilizasiyaların qovuşağında yerləşən bu diyar İslam mədəniyyətinə əvəzsiz töhfələr vermişdir. Mehriban xanım, müsəlman dünyasını özündə birləşdirən islam Konfransı Təşkilatının ən böyük qurumu olan İSESKO-nun da xoşməramlı səfiridir və artıq 4 ildir ki, uğurla icra etdiyi bu vəzifədə digər bütün fəaliyyətində olduğu kimi müsəlman dünyasını layiqincə təmsil edir. İSESKO tərəfindən Azərbaycan paytaxtı Bakı şəhəri 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı elan edilmişdir.
"Bu əziz ölkənin, çox istədiyim Azərbaycan ərazisinin müəyyən hissəsi erməni işğalı altındadır. Bir çox tarixi abidələr, dini məbədlər, muzeylər, mədəniyyət və sivilizasiya məkanları dağıdılıbdır. Biz İSESKO olaraq bunu qəti şəkildə pisləyirik. Biz beynəlxalq ictimaiyyəti bu gözəl ölkənin zəngin və şanlı tarixini qorumaq üçün öz konstruktiv rolunu oynamağa çağırırıq"- Bu sözləri İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri "Bakı - islam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılışı mərasimindəki çıxışında söyləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışında bu tədbir üçün Bakının seçilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Dövlət başçısı Bakı şəhərinin 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı təşkilata öz minnətdarlığını bildirib. Qərarın qəbul olunmasında İSESKO-nun dəstəyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev bildirib ki, təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tüveycri Azərbaycanın böyük dostudur. İSESKO ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, bu təşkilatla birgə çoxsaylı proqramlar həyata keçirilir. Dövlətimizin başçısı Azərbaycanın islam ölkələrinin həmrəyliyi üçün töhfə verməyə hər zaman çalışdığını qeyd edib.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yüzlərlə məktəblər tikilərək uşaqların daha yaxşı təhsil almalarına şərait yaradıb. Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolu oynaması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı Azərbaycanın bir çox ölkələrə nümunə olması haqqında dünyada yaranan müsbət təsəvvürün formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Mehriban xanımın da əvəzolunmaz xidmətləri vardır. Rəhbərlik etdiyi Fondun işinin prioritet istiqamətləri kimi təhsil, səhiyyə, mədəniyyət və sosial sahələri seçən Mehriban xanım Əliyeva İSESKO ilə çoxtərəfli əməkdaşlığa böyük önəm verir. Heydər Əliyev Fondu ilə İSESKO arasında 2007-ci ildə imzalanmış ikitərəfli protokol hər iki qurum arasında sosial, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Mehriban xanım Əliyevanın bütün bu uğurları dünyanın ən nüfuzlu mətbuat qurumlarının da diqqətini cəlb etmiş, onun haqqında geniş məqalələr dərc olunmuş, onun səmərəli fəaliyyəti nümunə kimi dəyərləndirilmişdir. Amerika Birləşmiş Ştatlarının nüfuzlu "Washington Times" qəzetində dərc edilmiş məqalədə deyilir: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müsəlman dünyası qadınları üçün ən yaxşı nümunədir!"
Onun fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün dünyada çox yüksək qiymətləndirilir. Mehriban xanım 2005-ci il iyunun 9-da ictimai, xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülüb. Bundan başqa, Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban Əliyevanı bu beynəlxalq təşkilatın mükafatı ilə təltif edib. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına, 2009-cu ildə mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Böyük Komandor Xaçı" ordeninə, 2010-cu ildə Fransa Prezidenti Nikola Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsinə layiq görülmüşdür.
Mehriban xanım Əliyeva hesab edir ki, hər bir vətəndaş dövlətinin və cəmiyyətinin inkişafı üçün təmənnasız kömək etməyi nəinki bacarmalı, bunu özü üçün bir vətəndaşlıq borcu kimi qəbul etməlidir. "Həmişə özünə və prinsiplərinə sadiq olmaq!" Azərbaycanın birinci xanımı bu həyat devizi ilə yaşayır və uğurları bir-birini əvəz edir...
Cəlil İmanov
İki sahil.- 2010.- 24 noyabr.-№ 218.- S. 5.