Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya "2005-ci ilin adamı" mükafatı təqdim olunmuşdur
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı "2005-ci ilin adamı" elan etmişdir.
Yanvarın 31-də "Park İnn" hotelinin böyük mərasim salonunda mükafatın təqdim edilməsi mərasimi olmuşdur.
Mərasimi ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev açaraq dedi:
- Xanımlar və cənablar! Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən "2005-ci ilin adamı" mükafatının təqdim olunması mərasimini açıq elan edirəm. 2001-ci ildən başlayaraq təqdim edilən bu mükafat, bir qayda olaraq, vətənpərvərliyi və millətə göstərdiyi xidmətləri ilə seçilən insanlara verilir. Azərbaycanın tərəqqisi, milli keyfiyyətlərin qorunub saxlanılması, habelə ölkəmizin dünyadakı imicini layiq olduğu şəkildə formalaşdırmaq kimi böyük amallara xidmət edən mükafatın əsas mənası özlərinin fəaliyyət və yaşam tərzlərini Azərbaycanın rifahına yönəldən şəxslərin müəyyən edilməsi və həvəsləndirilməsindən ibarətdir. Hesab edirik ki, dünya xəritəsində balaca görünən Azərbaycan adlı respublikamızın və eyni zamanda, olduqca böyük vətənimizin qüdrətlənməsinə yönəlmiş hər bir addım təbliğ edilməlidir. Klassiklərdən birinin sözləri ilə desək, bu mükafat həm də hər bir vətəndaşın özünə verməli olduğu "sən bu vətən üçün neyləmisən?" sualının məntiqəuyğun cavabıdır. Əsas qayəsi Azərbaycan və azərbaycançılıq uğrunda çalışan insanların həyat və fəaliyyətini hər bir vətəndaş üçün örnəyə çevirmək olan Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilmiş "İlin adamı" mükafatı artıq ictimai həvəsləndirmə və təşviqetmənin ciddi atributuna çevrilibdir.
Mən mötəbər tədbirimizə dəvət edilmiş qonaqları, mətbuat nümayəndələrini salamlayır və sözü ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə verirəm.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin çıxışı
- Xanımlar və cənablar!
Hər şeydən əvvəl, bizim bu məclisimizə təşrif buyurduğunuza görə sizə təşəkkür edirəm.
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”. Bu sözlərin müəllifi indi artıq həm də “2005-ci ilin adamı”dır. Söhbət Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevadan gedir.
Mehriban xanım Əliyeva 2005-ci ildə gördüyü işləri ilə sübut etdi ki, bu ifadəni gözəl söz kimi işlətməyibdir. O, öz fəaliyyəti ilə bu günə yox, daha çox gələcəyə hesablanmış addımlar atmağı bacardı. Ölkənin birinci xanımının diqqət yetirdiyi sahələr olduqca həssas qütblər idi. Bu qütblərin mərkəzində milli genefondumuz olan uşaqlar və xalqımızın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni-etnoqrafik ənənələr dayanır. İlk baxışdan, bəlkə də, diabetli və talassemiyalı uşaqlara qayğı ilə “Qarabağ xanəndələri” layihəsi arasında elə bir rabitə yoxdur. Amma bu iki ciddi layihə arasında onları bir-birinə bağlayan mərkəzi bir xətt var. Bu da Azərbaycanın milli genefondunun prioritetə çevrilməsidir. Doğrudan da, istər “Yeniləşən Azərbaycana yeni məktəb”, istərsə də tikilən və ya bərpa edilən uşaq evləri, internat məktəbləri, istərsə də mədəni irsimizin təbliği üçün həyata keçirilən irimiqyaslı layihələr milli genefondumuzun qorunub saxlanılması kimi vahid bir məqsədə qulluq edir.
Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun maliyyə dəstəyi ilə reallaşdırılmış “Qarabağ xanəndələri” layihəsinin sətiraltı mənası da var. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində tar-mar edilmiş bir çox muzeylər, sıradan çıxarılmış tarixi abidələr əvəzində, dünyaya Qarabağın korifeyləri şəxsən çıxarıldı. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və onlar kimi neçə-neçə incəsənət ustaları öz səsləri və şanlı tarixləri ilə Azərbaycanın səsini düşmənlərdən daha yüksək səsləndirdilər. Bu, həm də çox vətənpərvər məna kəsb edən siyasi layihə idi. Bu baxımdan Beynəlxalq Muğam Mərkəzinin tikintisi də bu siyasətin tərkib hissəsidir. Bundan sonra dünyada artıq “Muğamın vətəni haradadır?” sualı gündəlikdən çıxacaqdır.
Bir qədər əvvəl mən Mehriban Əliyevanın fəaliyyətinin birmənalı olaraq milli genefondumuzun xeyrinə olduğu haqqında danışdım. O, uşaqlara bir toplu kimi yox, fərdi qaydada yanaşır, onların Azərbaycan dövlətinin gələcəyində tutacağı yerə hesablanmış işlər görür. Təsadüfi deyil ki, YUNESKO-nun xoşməramlı səfiri olan xanım Əliyevanın təşəbbüsü ilə “YUNESKO-Azərbaycan: gələcəyə körpü” mövzusunda Parisdə və Bakıda geniş konfranslar təşkil olunur, qaçqın və məcburi köçkün uşaqlarının təhsil problemləri ilə əlaqədar məruzə hazırlamaq məqsədi ilə YUNESKO-nun nümayəndələri Sabirabad, Saatlı və İmişli rayonlarına aparılır. Onlar burada məcburi köçkün məktəblərinin vəziyyəti ilə yaxından tanış olurlar. Bu isə, təkcə təhsil problemi deyildir. Təbii ki, hər bir məcburi köçkün uşağı öz simasında Qarabağ probleminin ona vurduğu zərbənin izlərini, müharibənin acı dəhşətlərinin informasiyalarını da daşıyır.
İndi isə bir qədər statistika:
2005-ci ildə Mehriban Əliyevanın təşəbbüsü və birbaşa iştirakı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edildi. Bu, hər ay orta hesabla iki məktəbin bərpa olunması deməkdir. Bakıda, Xaçmazda, Əli Bayramlıda, Sumqayıtda, Şəkidə, Astarada, İsmayıllıda, Ağdam və Bərdədə, Beyləqanda, Gədəbəy, Saatlı, Zərdab, Yardımlı, Qax, Göyçay, Qusar, Lerik, Salyan şəhərlərində və bir sıra kəndlərdə yerləşən və qəza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi üzrə xüsusi proqram hazırlandı və bu istiqamətdə intensiv işlərə başlanıldı. Təşəbbüsün əvvəlində çoxunun gözəl arzu kimi yanaşdığı “Yeniləşən Azərbaycana yeni məktəb” ideyası artıq reallığa çevrilibdir.
Mehriban Əliyevanın başçılığı altında Azərbaycan Gimnastika Federasiyası bu il idman sahəsinə də sanballı töhfələr veribdir. Zəriflik, gözəllik, güc və incəsənəti özündə birləşdirən gimnastikanın müxtəlif növlərinin ənənələrini bərpa etmək üçün əsaslı tədbirlər görülübdür. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı xanım Əliyevanın təşəbbüsü və zəhməti ilə Azərbaycanda keçirildi və xüsusi vurğulamaq istəyirəm ki, bu, milli tariximiz ərzində Azərbaycanda keçirilən ilk dünya çempionatı idi.
Ölkənin birinci xanımı xeyriyyəçilik sahəsində də nəzərəçarpacaq işlər görmüşdür. Diabetli və talassemiyalı uşaqlar Heydər Əliyev Fondunun xətti ilə zəruri dərman preparatları ilə təmin olunmaqdadır. 2005-ci ildə 1 nömrəli körpələr evi, 2 nömrəli internat və mərdəkandakı Pir Həsən ziyarətgahı əsaslı təmir olunaraq istifadəyə verildi. Bir sözlə, Mehriban Əliyevanın fəaliyyəti uşaqdan böyüyə qədər bütün yaş təbəqələrini əhatə etdi.
İndi isə sizi 2005-ci ilin adamının nailiyyətlərini əks etdirən qısa videoçarxa baxmağa dəvət edirəm.
(Mehriban Əliyevanın respublikamızın ayrı-ayrı regionlarında təhsil, səhiyyə, mədəniyyət obyektlərində keçirdiyi görüşləri, beynəlxalq səviyyəli tədbirlərdə iştirakı və çıxışlarını əks etdirən videokadrlar maraqla qarşılandı).
Burada bir haşiyə çıxmaq istəyirəm. Bilirsiniz, ANS vətəndaşlardan müxtəlif problemlərlə bağlı məktublar alır. Adətən, belə məktubların surəti əlaqədar dövlət təşkilatlarına yollanır. Lakin 2005-ci ildə ANS-ə daxil olan on minlərlə məktubun böyük bir hissəsinin surətləri artıq əlaqədar təşkilatlara yox, məhz Mehriban Əliyevaya ünvanlanır. Bu isə o deməkdir ki, insanlar onların problemlərini, sözün əsil mənasında, həll edənlərə üz tuturlar.
Bir sözlə, milli mədəni irsimizin qorunub saxlanılması, YUNESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın dünyada müsbət imicinin qaldırılması, Azərbaycanın tarixində ilk dəfə olaraq, dünya çempionatının təşkili və keçirilməsi, xeyriyyəçilik fəaliyyəti, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Azərbaycanın təhsil sisteminin inkişafı sahəsində xidmətlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Arif qızı Əliyeva Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən “2005-ci ilin adamı” elan edilir.
* * *
Vahid Mustafayev mükafatı, dünyanın ilk və ən məşhur saat firması tərəfindən xüsusi olaraq hazırlanmış saatı və mükafatın əsasnaməsinə uyğun olaraq, 20 milyon manatı (4 min yeni manatı) Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim etdi.
Mehriban xanım Əliyeva mərasimdə çıxış etdi.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çıxışı
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupuna fəaliyyətimi yüksək qiymətləndirib məni "İlin adamı" elan etdiklərinə görə öz dərin minnətdarlığımı bildirirəm. 2005-ci il Azərbaycanın tarixində və insanların yaddaşında bir sıra mühüm və həlledici hadisələrlə yadda qalacaqdır: Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi, parlament seçkiləri, ölkəmizin iqtisadiyyatında misli görünməyən nailiyyətlər, ölkəmizdə olimpiya idman növü olan bədii gimnastika üzrə ilk dəfə dünya çempionatının keçirilməsi. Yəqin ki, bu siyahını davam etdirmək olar və belə bir gərgin hadisələrlə dolu ilə yekun vurularkən, "İlin adamı" elan edilməyim, əlbəttə, mənim üçün, bir tərəfdən, çox böyük şərəf, digər tərəfdən isə, çox böyük məsuliyyətdir.
Təbiidir ki, mən öz işlərimi qurub-planlaşdıranda heç bir mükafat barədə düşünmürdüm. Mən sadəcə öz səylərimi, qüvvəmi qarşıya qoyduğum bir sıra məsələlərə yönəltmişdim. Mən hər hansı bir fəaliyyətimə başlayarkən məsuliyyətimi hiss edirdim. Hesab edirəm ki, işin vacibliyi və xarakterindən asılı olmayaraq, əsil məsuliyyət insanın özü qarşısında, özünə verdiyi vədləri qarşısında olan məsuliyyətdir. Bir daxili tələb olaraq, mən hər addımımda bu məsuliyyəti hiss edirəm. Digər tərəfdən, bu, sizlərin, cəmiyyətin, millətin qarşısında olan məsuliyyətdir və onun böyüklüyü inkaredilməzdir. Bu sırada mənə ünvanlanan məktubların, göstərilən etimadların sayı nə qədər çox idisə, məni bu işləri bir o qədər çox davam etdirməyə çağırır, bunların mənə arxa olduğunu və qüvvə verdiyini duyurdum.
Bu gün mən ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan Fondla yanaşı, mənə inanan, etimad göstərən, məni dəstəkləyən hər bir insana öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu mükafat Heydər Əliyevin adını daşıyan və onun siyasətini davam etdirən Fondun fəaliyyətinə verilən yüksək qiymətdir. Fond yaradılan ilk gündən qarşısına çox böyük və mühüm məqsədlər qoymuşdur. Biz arzu edirdik ki, cəmiyyətimizdə adımıza layiqli bir yer tutaq və Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik fəlsəfəsini davam etdirməyə qadir olaq. Bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, hər bir insanı, hər bir təşkilatı, hər bir qurumu təmtəraqlı sözlər yox, tərif və parlaq epitetlər yox, gördüyü işlər və əldə edilən nəticələr xarakterizə etməlidir. "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəbləri və uşaq evlərinin inkişafı" proqramları, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız yaşam" layihələri, "Qarabağ xanəndələri" və "Qarabağ həqiqətləri" albomları - bütün bunlar Heydər Əliyev Fondunun 2005-ci ildəki fəaliyyətinin yalnız bir qismidir. Məhz bu əməllərə görə Heydər Əliyev Fondu bu gün cəmiyyətdə böyük nüfuza malikdir və böyük dəstəyə, hörmətə malik olan bir qurumdur. 2005-ci ilin ən parlaq aksiyalarından biri "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin gerçəkləşməsi oldu. Bu layihənin hazırlanması dövründə ölkəmizdəki bütün kənd məktəbləri təhlil edildi və ən yararsız vəziyyətdə olanların siyahısı tutuldu. İkinci mərhələdə, çox qısa bir zamanda 132 məktəb inşa olunub istifadəyə verildi. Azərbaycanın tarixində heç vaxt belə bir qısa zamanda bu qədər məktəb tikilməyibdir. Misal üçün demək istərdim ki, sovet dövrünün rekordu 110 məktəb olub və həmin məktəblərin əksəriyyəti şəhərlərdə tikilibdir. Bizim layihə isə kənd məktəblərinin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Biz 2005-ci ildə bu layihə çərçivəsində 22 min şagird yeri yaratmağa nail olduq və mən inanıram ki, bu ildə layihəmiz davam etdiriləcəkdir. Fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun təşəbbüsünə cavab verən hər bir quruma, təşkilata, yerli və xarici şirkətlərə, sahibkarlara, iş adamlarına dərin minnətdarlığımı bildirmək istəyirəm. Fondun daim diqqəti mərkəzində olan layihələr ölkəmizdə mövcud olan internat məktəbləri və uşaq evlərinin fəaliyyəti ilə bağlıdır. Bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması ilə yanaşı, biz çalışırıq, kimsəsiz uşaqlara mənəvi dayaq olaq, onlar üçün bir növ ailə mühiti yaradaq. Artıq mən deyə bilərəm ki, bütün bu uşaqlar bizim üçün əziz və doğma olublar, biz mütəmadi olaraq onlarla görüşürük və bu gün mən bütün cəmiyyətimizi bu problemə diqqət yetirməyə çağırıram. Mədəni irsimizin qorunması, zəngin tariximizi və ənənələrimizi, gözəl musiqimizi və ədəbiyyatımızı qoruyub saxlamaq və gələcək nəsillərə, bütün dünyaya çatdırmaq Heydər Əliyev Fondunun mənəvi borcudur. Keçən il işıq üzü görən "Qarabağ xanəndələri" albomu cəmiyyətimizdə çox böyük diqqət və maraqla qarşılanmışdır. Yaxın gələcəkdə muğam sənətinə həsr olunmuş bir sıra yeni kitablar da işıq üzü görəcəkdir. Gələcəkdə bu istiqamətdə olan fəaliyyətimizi genişləndirməyə çalışacağıq.
Səhiyyə ilə bağlı olan layihələri xüsusi vurğulamaq istərdim: diabet xəstəliyinə tutulmuş uşaqlara kömək, talassemiya və başqa irsi xəstəliklərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər. Bizim ünvanımıza yüzlərlə məktub gəlir və müxtəlif xəstəliklərdən əzab çəkən insanlar bizdən kömək istəyir və biz də çalışırıq ki, bu köməyi daim onlara göstərək. 2005-ci ilin ən uğurlu layihələrindən biri Azərbaycan portalının yaranmasıdır. Üç dildə olan bu portal dünya ictimaiyyəti üçün ölkəmiz barədə ətraflı, dolğun və ədalətli bir məlumat mənbəyinə çevrilibdir. Bir sözlə, 2005-ci ildə Heydər Əliyev Fondunun fəaliyyəti çox zəngindir və bütün layihələr, proqramlar barədə çox söz demək olar. Bir neçə gün bundan əvvəl biz ilə yekun vurduq, hesabatı ictimaiyyətə təqdim etdik. Fondun fəaliyyətinin bütün istiqamətlərinin hamısını açıqlamağa çalışdıq. Ona görə bu gün mən yalnız layihələrimizin, proqramlarımızın yalnız bir qismi haqqında bir neçə söz dedim.
Heydər Əliyev Fondu hər bir təşkilatla, hər bir qurumla və hər bir vətəndaşla əməkdaşlığa daim açıq olan qurumdur və mən inanıram ki, biz birlikdə ölkəmizin inkişafı və xalqımızın gələcəyi naminə hələ çox-çox böyük işlər görəcəyik.
Əziz dostlar, bu gün biz müasir texnika, yüksək texnologiya və qloballaşma dövründə yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanların arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmaq istəmir. Bu gün bütün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir. Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim Fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq.
Hər bir insanın yəqin ki, öz yaşam fəlsəfəsi var. Hökm deyil ki, bu fəlsəfəni sözlərlə izah etsin. Onun hərəkətlərində, əməllərində istər-istəməz özünü büruzə verəcəkdir. Bizim Fondumuzun da belə bir fəlsəfəsi var. Bu fəlsəfənin əsasında çox sadə bir ideya, əməl durur: insanlara yaxşılıq etmək. Hər bir insan nəinki çətin anlarında, həm də gündəlik həyatında özünə qarşı xoş münasibəti hiss etsə, bu, onun ömrünü başqa bir məna ilə doldurmağa qadirdir. Mən inanıram ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür. Sonda bir arzumu da diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, Heydər Əliyevin təşəbbüsü ilə yaranan Silahlı Qüvvələrə Yardım Fondu ictimaiyyətin dəstəyi ilə fəaliyyət göstərir. ANS teleradio şirkəti millətçiliyə, vətənpərvərliyə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü mövzusuna hər zaman böyük diqqətlə yanaşır və bu, təqdirəlayiq bir faktdır. Mən istərdim ki, bu gün mənə verilən pul mükafatını məhz həmin Fondun hesabına keçirim.
Bir daha ANS Şirkətlər Qrupuna və Milli Qəhrəman Çingiz Mustafayev Fonduna öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, 2006-cı il sizlər üçün, bütün ölkəmiz üçün daha uğurlu, daha işıqlı və bütün arzularınızın gerçəkləşdiyi il olsun. Çox sağ olun.
* * *
Vahid Mustafayev: Hörmətli xanımlar və cənablar! Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu adından və sizin hamınızın adından xanım Mehriban Əliyevanı "2005-ci ilin adamı" seçilməsi münasibətilə bir daha ürəkdən təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Yadınızdadırsa Çingiz Mustafayevin belə bir verilişi var idi: "Heç kim və heç nə unudulmayacaq". Biz onun ənənələrini davam etdirərək çalışacağıq ki, cəmiyyətdə vətən, xalq üçün əlindən gələni edənlərin heç biri, heç vaxt unudulmasın. Təşəkkür edirəm.
* * *
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondunun əməkdaşları ilə xatirə şəkli çəkdirdi. Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər, deputatlar, tanınmış ziyalılar, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.