Azərbaycan MOK İcraiyyə Komitəsinin üzvü, Respublika Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva BOK-un ali diplomu ilə təltif edilmişdir
Azərbaycan olimpiya hərəkatı tarixində əlamətdar hadisə baş vermişdir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, respublika Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva BOK-un ali diplomu ilə təltif edilmişdir.
Bu mükafata beynəlxalq olimpiya hərəkatında müstəsna xidmətləri olan şəxslər layiq görülürlər. BOK-un prezidenti Jak Roqqun imzaladığı diplomda göstərilir ki, Mehriban Əliyeva qadın və qızların idmanda iştirakı və davamlı uğurlar qazanmasında müstəsna xidmətlərinə görə bu ali mükafatla təltif olunmuşdur.
Mehriban Əliyevanın BOK-un ali diplomuna layiq görülməsi onun Azərbaycanda bədii gimnastikanın inkişafında gördüyü işlərin beynəlxalq miqyasda doğurduğu əks-səda ilə bilavasitə bağlıdır. Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra ölkədə idmanın bu növü sürətli inkişaf yoluna qədəm qoymuşdur. Qısa müddətdə respublikada bədii gimnastika ilə məşğul olan qızların sayı xeyli artmışdır. Ölkəmizdə bədii gimnastika üzrə mötəbər beynəlxalq yarışların, o cümlədən qitə və dünya çempionatlarının keçirilməsi ənənə şəklini almışdır. Azərbaycan 2004-cü ildə Afina Olimpiya Oyunlarında ilk dəfə bədii gimnastika növündə təmsil olunmuşdu. Bu il Pekin Olimpiadasında isə gimnastlarımız fərdi və qrup yarışlarında iştirak edəcəklər.
Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Gimnastika Federasiyasının həyata keçirdiyi proqram çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində gimnastika bölmələri yaradılmış, gimnastika üzrə qadın məşqçilərin hazırlanması, onların başqa ölkələrdə ixtisaslarının artırılması sahəsində ardıcıl işlər görülmüşdür.
Mehriban Əliyevanın BOK-un ali diplomu ilə təltif olunması Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq miqyasda böyük nüfuz qazanmasının daha bir təsdiqidir.
Xalq qəzeti.- 2008.- 17 may.- № 106.- S. 2.