Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin tanınmış aktrisası Türkan Şorayla görüşmüşdür
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış aktrisası Türkan Şorayla görüşmüşdür.
Əvvəlcə Türkan Şoray Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı filmə baxdı. Film fondun təhsil, səhiyyə sahələrində həyata keçirdiyi, mədəniyyətimizin inkişafına, milli mədəni irsimizin qorunmasına yönələn layihələrindən bəhs edir.
Sonra Mehriban xanım Əliyeva tanınmış aktrisa Türkan Şorayla görüşdü.
Azərbaycanın birinci xanımı türkiyəli məşhur sənətçini salamlayaraq onu Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirdi. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda Türkan Şoraya böyük sevgi və hörmətlə yanaşıldığını söylədi və onu "canlı əfsanə" adlandırdı. Mehriban xanım Əliyeva sənəti ilə dünyada məşhur olan Türkan Şorayla tanışlıqdan məmnunluğunu bildirdi.
"Azərbaycana gəlməyi çoxdan arzulayırdım", - deyən Türkan Şoray bu arzusunun reallaşmasından özünü xoşbəxt hiss etdiyini söylədi. Azərbaycana uzun illər əvvəl gəldiyini xatırladan tanınmış aktrisa kino sənəti ilə bağlı yeni nəşr edilən kitabını Mehriban xanım Əliyevaya təqdim etdi.
Xalq qəzeti.- 2012.- 28 noyabr.- № 265.- S. 3.