Çap etmək   ⁞     ⁞   Millət vəkili

Mehriban xanım Əliyeva 7 noyabr parlament seçkilərində ən çox səs toplayan namizəddir


Buna səbəb Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmiz üçün əhəmiyyətli qlobal xarakterli mühüm fəaliyyəti, şəxsi keyfiyyətləri, insanlara qarşı olan səmimi münasibətidir.

Azərbaycanda keçirilmiş parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə təşkil olunması və səsvermənin dinc atmosferdə baş tutması nəticəsində 2010-cu il 7 noyabr ölkəmizin tarixinə daha bir demokratiya zəfəri günü kimi daxil olub. Bu mənada beynəlxalq müşahidəçilər seçicilərin yüksək fəallığı, seçki prosesinin qanunauyğun və yüksək səviyyəli təşkili, Mərkəzi Seçki Komissiyasının, Seçki İnformasiya Mərkəzinin, dairə və məntəqə komissiyalarının fəaliyyəti barədə müsbət fikirlər bildirib, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, heç bir qanun pozuntusuna rast gəlinmədiyini xüsusi qeyd ediblər. Seçki prosesini izləyən müşahidə missiyaları keçirdikləri mətbuat konfranslarında da seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini təsdiq ediblər. Eyni zamanda, xarici mətbuat Azərbaycanda keçirilən parlament seçkilərinə böyük diqqət göstərib, televiziya kanalları, mətbuatda, internetdə verilən materiallarda seçki prosesi yüksək qiymətləndirilib. Bir sözlə, 7 noyabr parlament seçkiləri bir daha göstərdi ki, Azərbaycan demokratikləşmə prosesində doğru yoldadır.

Seçkilərin tam şəffaf və ədalətli şəkildə keçməsinin əsas səbəblərindən biri də məhz seçkilərə qatılmış namizədlərin insanlar tərəfindən yaxşı tanınması idi. Daha doğrusu, Azərbaycan seçiciləri səsvermə günü kimin namizədliyini dəstəkləyəcəyini çox yaxşı bilirdi. Bütövlükdə, seçkinin nəticələrinə nəzər saldıqda bir daha bəlli olur ki, Azərbaycan seçiciləri yalnız Vətən, xalq, dövlət üçün çalışan namizədləri parlamentdə onları təmsil etməyə layiq biliblər.

Əlbəttə ki, seçkilərə qatılanlar içərisində xüsusi çəkisi ilə seçilən məhz Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri idi. Onlar Azərbaycan dövlətinin hərtərəfli inkişafına, insanlarımızın rifah halının yüksəlməsinə, ölkəmizin dünya miqyasında öz maraqlarını müstəqil şəkildə qorumasına, Vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xüsusi töhfələr verdikləri üçün seçicilərin maksimum səviyyədə dəstəyini qazanıblar. YAP tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın 7 noyabr tarixində keçirilmiş parlament seçkilərində insanların yenidən etimadını qazanaraq, seçicilərinin 94,49 faizinin dəstəyini almasını xüsusilə qeyd etməliyik. Yəni, Mehriban xanım Əliyeva 7 noyabr parlament seçkilərində ən çox səs qazanan namizəddir. Buna səbəb isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmiz üçün əhəmiyyətli qlobal xarakterli mühüm fəaliyyəti, şəxsi keyfiyyətləri, insanlara qarşı olan səmimi münasibətidir.

Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm istiqamətlərindən biri məhz Vətənimizlə bağlı həqiqətlərin dünyada təbliğ olunmasıdır. Xüsusilə, nəzərə alsaq ki, bu gün Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş Ermənistanın terrorçu rəhbərləri elmi əsası olmayan, uydurma fikirlərə və miflərə əsaslanan tarix kəşf edərək onu dünya ictimaiyyətinə sırıması, torpaqlarımızın işğal olunmasından sonra ötən müddət ərzində təcavüzkarlar tərəfindən mədəni və ekoloji terrora məruz qalması bu cür fəaliyyətin nə qədər mühüm olduğunu üzə çıxarır.

Hələ 1995-ci ildə Mehriban xanım Əliyeva tərəfindən yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu bir ictimai-iqtisadi və siyasi formasiyadan mahiyyətcə və köklü şəkildə fərqlənən digər bir ictimai formasiyaya keçid dövründə, üstəlik də nankor qonşumuzun - Ermənistanın uydurma “Dağlıq Qarabağ” probleminin yaratdığı çətinliklər dövründə milli mədəniyyətimizin üzləşdiyi taleyüklü məsələlərin, qarşıda duran başlıca məqsəd və vəzifələrin həlli istiqamətində ardıcıl, təsirli, kompleks tədbirlər həyata keçirib. Məhz həmin ildən başlayaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə müxtəlif istiqamətlərdə dünyanın bir çox ölkələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mənfi təsirləri, bundan əziyyət çəkən soydaşlarımızın hüquqlarının bərpa olunması istiqamətində intensiv işlər görülür. Bu gün Avropa ölkələrində, ABŞ-da, Rusiyada və digər ölkələrdə keçirilən tədbirlərdə Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə hazırladığı disklər, broşuralar, məlumat kitabçaları xarici ölkələrin nümayəndələrinə verilir...

Mədəniyyət və incəsənət nümunələri qorunur və təbliğ olunur

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın digər fəaliyyət istiqamətini xalqımızın tarixən formalaşmış mədəniyyətinin, incəsənətinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması təşkil edir.

Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, həmçinin, ümumbəşəri mənəvi dəyərlərlə zəngin olan milli mədəniyyətimizin inkişafına çox böyük töhfələr verib. Qədim və zəngin ənənələrə malik xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, eləcə də, bütün dünyaya yayılmasında çox mühüm rol oynayan “Azərbaycan-İrs” jurnalının 1996-cı ildən nəşrə başlaması da son dərəcə təqdirəlayiq tarixi faktdır. Mehriban xanım Əliyeva hələ o dövrdən məhz xeyirxah missiyanı qarşıya qoyub, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətimizin böhrandan qurtulmasına və inkişafına böyük töhfəsini verib. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən jurnalda qədim və zəngin mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı çoxsaylı məqalələr dərc olunub.

Mehriban xanım Əliyevanın dünya mədəni irsinin nadir incisi olan Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bilavasitə bağlı titanik fəaliyyəti onun mənəvi dəyərlərə nə dərəcədə sıx bağlı olduğunu sübut edir.

Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan növbəti addım “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomunun tərtib və nəşr edilməsi olub. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının keçirdiyi “Muğam televiziya müsabiqəsi-2007” bu sahədə atılan addımlardan biri olub. İndi əminliklə demək olar ki, mədəniyyətimizin hamisi olan Mehriban xanım Əliyeva bu sənətin yaşamasını təmin edən ənənənin təməlini qoyub. “Muğam aləmi-2009” Beynəlxalq müsabiqəsində 11 ölkədən 20 ən istedadlı ifaçı iştirak edib. Onların bu müsabiqəyə qatılması bir daha muğamın Azərbaycana məxsusluğunu təsdiq edib. Müsabiqə bu misilsiz sənət nümunəsinin yaşadılması və inkişafı yolunda ən ciddi addımların Azərbaycanda atıldığını göstərib.

Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq musiqi festivalları keçirilib. Bu festivallarda dünyanın ən tanınmış musiqiçiləri iştirak ediblər. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu tədbirlər həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edib. Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox tarixi abidələrin və dini məbədlərin bərpa olunması da məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məscidlər və minarələr ucaldan Mehriban xanım Əliyeva kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır.

Sosial sahəyə diqqət Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərindəndir

İnkarolunmaz həqiqətdir ki, Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçiləndən sonra bu mötəbər beynəlxalq təşkilat ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Böyük imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb edilməsi, təşkilat ilə birgə keçirilən tədbirlər yaxın gələcəkdə əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır. Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Elmin, təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda konkret və məqsədyönlü işlər görmək, ilk növbədə, həqiqi vətənpərvərlik nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son vaxtlar atdığı addımlar, xüsusən də, təhsilə böyük diqqət və qayğısı onun vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur.

Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir.

Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri çərçivəsində görülən tədbirlər böyük əhəmiyyət kəsb edir. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərmiş Heydər Əliyev Fondu milli genefondumuzun qorunmasında da sözünü deyir. Azərbaycanın birinci xanımının başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir.

Xeyriyyəçilik Mehriban xanım Əliyevanın əsas amalıdır

Müstəqil Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən və inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan müasir xeyriyyəçilik institutunun əsası isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən qoyulub. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri, ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır: “Çünki bu amillər bir-birilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır. Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə, xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür. Buna müvafiq olaraq, xeyriyyəçilik resursları getdikcə daha artıq dərəcədə başqa ictimai ehtiyaclara - mədəniyyətin, elmin, təhsilin, səhiyyənin, idmanın inkişafına, təbii mühitin qorunmasına və yaxşılaşdırılmasına, digər oxşar sahələrə yönələcəkdir. Azərbaycan cəmiyyətinin sosiomədəni transformasiyası xeyriyyəçilərin öz fəaliyyətlərində “ənənəvi” cəmiyyət üçün daha çox səciyyəvi olan adət və ənənələri deyil, səmərəlilik, praqmatizm, ictimai faydalılıq mülahizələrini və özlərinin üstünlük verdikləri məqamları rəhbər tutacaqlarına gətirib çıxaracaq”. Bu gün Azərbaycanda Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyriyyəçilik sektorunun köhnə filantropiyaya xas olan paternalizm ruhundan azad olunması və onun mütəşəkkil, ölkə miqyasında konsolidasiya edilmiş, öz standartları, infrastrukturu və texnologiyaları olan müasir “sənaye”yə çevrilməsini müşahidə edirik.

Həyata keçirilən xeyirxah işlər Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və ölkəmizdən xaricdə artan nüfuzunun ifadəsidir. Son illərdə görülmüş bütün bu işlər, qazanılmış uğurlar, ilk növbədə, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir. Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə Azərbaycanda deyil, dünya miqyasında da yaxından izlənilir və yüksək qiymətləndirilir.

Bütün bunların nəticəsi olaraq, Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, cari ildə isə iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Mosart” medalına layiq görülüb...

Seçicilərə qarşı səmimi münasibət və diqqət

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli ictimai fəaliyyəti ilə xalqımızın ehtiramını və məhəbbətini də qazanıb.

Mehriban xanım Əliyevanın YAP-ın namizədi kimi seçicilərlə görüşləri zamanı insanlar bu məhəbbəti bir daha öz sözlərilə, dəstəklərilə nümayiş etdiriblər.

Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı sayəsində Xəzər rayonunun bir sıra qəsəbələrinin son illər həm simasını dəyişib, həm də yeni inşa olunan sosial-mədəni obyektlər ilə xeyli zənginləşib. Heydər Əliyev Fondunun prezidenti tez-tez qəsəbələrdə olur, sakinlərin arzu və istəkləri, problemləri, görüşlərdə qaldırılan məsələlərin həlli ilə yaxından maraqlanır.

Mehriban xanım Əliyeva hər zaman seçicilərinə deyir ki, biz birlikdə çalışmalıyıq ki, bütün problemləri çox qısa bir zamanda həll edək: “Əhalinin yaşayış səviyyəsi daha da yaxşı olsun. Yeni iş yerləri, yeni müəssisələr açılsın. Su, qaz, elektrik təminatı daha da yaxşılaşsın. Ümidvaram ki, biz bütün problemləri birlikdə həll edəcəyik. Mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən beş ildə daim sizin diqqətinizi, qayğınızı və dəstəyinizi hiss etmişəm və bu da mənə işləməyə güc vermişdir”.

Məhz bu cür diqqət və qayğı Mehriban xanım Əliyevaya olan ehtiramı daha da artırır. Qəsəbələrdə keçirilən görüşlərdə sakinlər Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəsəbədə görülən işlərin minlərlə ailəyə sevinc gətirdiyini, sakinlər tərəfindən böyük rəğbətlə qarşılandığını deyirlər. Hətta insanlar Mehriban xanım Əliyeva kimi deputatın onların seçki dairəsindən seçilməsini özləri üçün çox böyük xoşbəxtlik sayırlar...

Bir sözlə, 7 noyabr parlament seçkilərində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın seçicilərin 94,49 faizinin dəstəyini qazanmasının ciddi əsaslarının olduğunu gördük.

Qeyd edək ki, xalq hər zaman Vətən naminə fəaliyyət göstərənləri özlərinin təmsilçisi, elçisi seçir və taleyini onlara etibar edir. Budəfəki parlament seçkiləri bir daha sübut etdi ki, Mehriban xanım Əliyeva da məhz həmin insanlardan biridir.


Ramil Vəlibəyov

Yeni Azərbaycan.- 2010.- 9 noyabr.- № 210.- S. 4.