Bakıda Üçüncü Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır
Bakı, 31 oktyabr (AzərTAc). Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişlər.
Forumda çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevi yenidən Azərbaycanın dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi.
Azərbaycanın sürətli inkişafının bundan sonra da davamlı olacağını bildirən Əbdüləziz bin Osman əl-Tuveycri dedi:
- İlk olaraq Zati-aliləri cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Zati-alilərinə davamlı uğurlar arzu edirəm. Heç şübhəsiz ki, Azərbaycan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında istər regional, istərsə də beynəlxalq səviyyədə sülhün təşviqinə çalışır, tolerantlığın və dialoqun inkişafına böyük səylər göstərir. Bu, beynəlxalq əlaqələrin təməlində duran məsələdir. Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın digər beynəlxalq təşəbbüsləri kimi çox gözəl göstəricidir. Azərbaycan müxtəlif adekvat dialoq mexanizmlərinin üzərində çalışır ki, beynəlxalq ictimaiyyətdə əməkdaşlıq və anlaşmaya nail ola bilsin.
Təəssüflər olsun ki, media müxtəlifliyinə baxmayaraq, bu dəqiqə radikallıq hökm sürür və bu gün böyük irqi ayrı-seçkilik vardır. Bu sahədə ən məyusedici məsələ Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilməsidir. Etnik təmizləmə, tarixi və mədəni obyektlərin dağıdılması bunun ən ağır nəticələrindəndir. BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanması ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq bu işğal bu gün də davam edir. Fələstin məsələsi də bu günədək həllini tapmamışdır. Bu davamlı münaqişələr bir daha onu göstərir ki, Təhlükəsizlik Şurası sülhün təmin edilməsində öz vəzifəsinin öhdəsindən gəlmir. Bu, çox məyusedici bir haldır. Sülhün, sabitliyin və ədalətin təmin edilməsi məsələsi təkcə bu Forumun deyil, digər forumların da əsas mövzusu olmalıdır.
Zati-aliləri cənab Prezident, xanımlar və cənablar, bugünkü Forum çox kritik tarixi bir mərhələdə keçirilir, münaqişələr və toqquşmalar dünyanın müxtəlif yerlərində, xüsusilə də müsəlman aləmində tüğyan edir və beynəlxalq ictimaiyyət bunun öhdəsindən gələ bilmir. Bu, təkcə böyük bir təhlükə deyil, region üçün sabitliyi təhdid edən bir məsələdir. Eyni zamanda, insan inkişafı və beynəlxalq münasibətləri hədələyən bir məsələdir.
İSESCO-nun baş direktoru zorakılıq, təcridolunma, ekstremizm, islamofobiya kimi dünyanı narahat edən halların kökündə duran məsələləri araşdırmaqda Bakı Humanitar Forumunun xüsusi önəm daşıdığını vurğulayaraq dedi:
- Biz inanırıq ki, müxtəlif sahələrdən liderləri, siyasətçiləri və alimləri bir araya toplayan üçüncü Bakı Beynəlxalq Forumu insan haqlarının qorunmasına, dözümlülüyə və dialoqa öz töhfəsini verəcəkdir. Biz beynəlxalq hüquq üzərində qurulmuş bir dünyaya nail olacağıq. Bu, Bakı Forumunun əsas məqsədidir. Diqqətinizə görə təşəkkür edirəm!
Xalq qəzeti.- 2013.- 1 noyabr.- № 241.- S. 2.