MDB ölkələri Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur
MDB ölkələri Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri aprelin 11-də Heydər Əliyev Fondunda olmuşdur.
Nümayəndə heyətinin üzvlərinə ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar. Sonra fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ilə görüş oldu. Mehriban xanım MDB ölkələrində yaşayan yəhudiləri birləşdirən təşkilatların təmsilçilərini ölkəmizdə və ulu öndərin adını daşıyan fondda görməkdən məmnunluğunu söylədi. O, fond haqqında qısa məlumat verərək bildirdi ki, fondun əsas məqsədi dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsini öyrənib gələcək nəsillərə çatdırmaqdan ibarət olsa da, təhsil, səhiyyə, mədəniyyət, sosial layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirir, ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verir. Ötən il Fondun təşəbbüsü və layihəsi ilə 132 məktəb tikilib istifadəyə verilmişdir, bu il isə daha 100 məktəbin inşası nəzərdə tutulur. Fond uşaq evləri və internat məktəblərində böyüyən, eləcə də talassemiyalı və diabetli uşaqlara ardıcıl qayğı və köməyi də özünün prioritet vəzifələrindən sayır, bu istiqamətdə xüsusi proqramlar hazırlayıb həyata keçirir. Nüfuzlu beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif ölkələrinin ictimai, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa da çox böyük əhəmiyyət verilir və onların sırasında yəhudi təşkilatları da vardır.
Yəhudi təşkilatlarının təmsilçiləri fondun və onun prezidentinin konkret insanların və ölkənin sosial problemlərinin həlli sahəsində çox böyük layihələr həyata keçirməsi barədə məlumatlı olduqlarını vurğuladılar. Onlar Bakıda olarkən Azərbaycan xalqının zəngin mədəniyyəti, klassik və müasir musiqi sənəti ilə əyani tanışlıqdan məmnun qaldıqlarını bildirdilər, Mehriban xanımın həm də YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Gimnastika Federasiyasının prezidenti kimi səmərəli fəaliyyətini yüksək qiymətləndirdilər.
Respublikamızda yəhudilərin azad, sərbəst yaşamaları üçün hər cür şərait olduğunu vurğulayan qonaqlar Azərbaycan Prezidenti ilə görüşün onlarda dərin təəssürat doğurduğunu, tarixən tolerantlığı ilə seçilən Azərbaycanın həqiqətlərinin yayılmasına yardımçı olacaqlarını söylədilər.
Nümayəndə heyəti adından Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edildi.
Mehriban xanım nümayəndə heyətinin üzvlərinə fondun layihəsi olan kitab, albom, audio-video disklərdən ibarət hədiyyələr bağışladı.
Qonaqlar Mehriban xanımla xatirə şəkli çəkdirdilər və fonddan xoş təəssüratla ayrıldılar.
Xalq qəzeti.- 2006.- 12 aprel.- № 78.- S. 2.