Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Ceyran Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəmzi olacaqdır


Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Avropa Gimnastika İttifaqının (UEG) katibliyinə istinadla xəbər verir ki, 2009-cu il mayın 15-17-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatında iştirak üçün 31 ölkə ərizə vermişdir: Azərbaycan, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Estoniya, Finlandiya, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Slovakiya, İsveç, Ukrayna, 30 ölkənin təmsilçiləri fərdi yarışlarda çıxış edəcək, yeniyetmələrdən ibarət 18 komanda isə qrup yarışlarında öz qüvvəsini sınayacaqdır.

Çempionatda hər bir ölkə 3 idmançı, bir ehtiyat gimnast və yeniyetmələrdən ibarət qrup hərəkətləri komandası ilə təmsil oluna bilər.

Avro-2009-un ilkin cədvəlinə görə, çempionatın əvvəlki iki günü komanda hesabında Avropa çempionu müəyyənləşəcəkdir. Yarışların son günü 5 lentlə qrup hərəkətlərində ən yaxşı yığma və ayrı-ayrı finallarda (ip, halqa, top və lent) qaliblər məlum olacaqdır.

Bu çempionat növbəti Olimpiyaqabağı yarışlar silsiləsində ilk əhəmiyyətli turnir olacaqdır. Avropanın ən yaxşı gimnastlarının yarışları ənənəvi olaraq Heydər Əliyev adına İdman-Konsert kompleksində keçiriləcəkdir.

Bakı tamaşaçısının dünyanın ən yaxşı bədii gimnastları ilə görüşmək, Pekin Olimpiadasının mükafatçılarının və iştirakçılarının parlaq çıxışlarını izləmək imkanı olacaqdır. Bu, bədii gimnastika pərəstişkarlarının ayrı-ayrı ölkələrin bədii gimnastika məktəblərinin son nailiyyətləri ilə tanış olmaları üçün gözəl fürsətdir.

Bakıda keçiriləcək Avropa çempionatının Azərbaycanın milli bayrağının rənglərindən istifadə olunmuş rəsmi loqotipi “Emosiyalar burulğanı” adlandırılmışdır. Axı, çempionat heç də təkcə idman tədbiri deyildir. Avro-2009 Bakı üçün əlamətdar hadisə, idmançılar üçün isə ümidlərin doğrulduğu, yeni “ulduz”ların doğulduğu məkandır. Məhz belə yarışları səbirsizliklə gözləyir, belə yarışlar naminə gərgin məşq edirlər. Bu isə həqiqətən arzular, ümidlər və emosiyalar burulğanıdır.

Çempionatın rəmzi isə yarış iştirakçılarına sevinc bəxş edəcək və yarış boyu onlarla olacaq “Gözəl” adlı qaragözlü ceyrandır.


AzərTAc
2008, 18 dekabr