Xalqın böyük məhəbbətini və etimadını qazanmış birinci xanım
Xoşməramlı təşəbbüslərin, nəcib fəaliyyətin, humanizmin və mərhəmətin simvolu
Azərbaycan xalqı tarixən öz qəhrəmanlığı, igidliyi, mərdliyi, namusu, qeyrəti, yüksək mədəniyyəti ilə örnək olub. Azərbaycanın mərd oğulları kimi qızları da qəhrəmanlıqları ilə ad çıxarmış, tarixdə silinməz izlər buraxmışlar. Tomris, Burla Xatun, Sara Xatun, Xan qızı Natəvan, Nigar, Həcər və digərləri mərdliyi, şücaəti, qabiliyyəti və milli təəssübkeşliyi ilə insanların qəlbində əbədi abidə ucaltmışlar. Bu gün də Azərbaycan qadınları həmin ənənələri davam etdirərək dünya aləmində şan-şöhrət qazanır, xalqımızın adının yüksəklərə qaldırılması üçün böyük fədakarlıq göstərirlər. Bu yolda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Artıq onun xoşməramlı, nəcib və bəşəri fəaliyyəti ölkəmizin sərhədlərini aşaraq böyük əks-səda doğurmuşdur. Dünyanın bir sıra ölkələrində Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyətinin bəhrələri özünü göstərməkdədir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti məhz bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr məhz Heydər Əliyevin fikir və ideyalarını, fəlsəfəsini yaşatmaq, davam etdirmək məramına əsaslanır. Ötən illərə nəzər saldıqda aydın görünür ki, Heydər Əliyev Fondu məram və məqsədlərinə doğru inamla irəliləyir, ictimai həyatda mühüm rol oynamaqla cəmiyyətin etimadını qazanır və müasir Azərbaycanın inkişafına layiqli töhfələr verir.
Heydər Əliyev Fondunun fəaliyyəti geniş və çoxşaxəlidir. Fondun rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən layihələr təhsil və səhiyyə sisteminin, mədəniyyətin inkişafına, ölkəmizin dünyada tanınmasına, mədəni irsimizin qorunmasına, xalqın rifah halının yüksəlməsinə istiqamətlənir. Müasir tələblərə cavab verən təhsil müəssisələrinin inşası, tarixi mədəniyyət obyektlərinin əsaslı surətdə yenidən qurulması, dünya standartlarının tələblərinə cavab verən muzey və muzey mərkəzlərinin yaradılması, dini məbədlərin və qədim tarixi abidələrin beynəlxalq səviyyədə bərpası, zəngin mədəniyyətimizin, xüsusilə, muğamın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması əsas diqqətçəkən məqamlardandır. Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir. Mərhəmət və nəcibliyə, humanizmə söykənən bu fəaliyyətin nəticəsidir ki, hazırda Heydər Əliyev Fondu insanların ümid, pənah yerinə çevrilib. Xalqın böyük məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir.
Təhsilin inkişafına əvəzsiz töhfə: "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
Uşaqlara, yeniyetmələrə qayğını, onların parlaq gələcəyinin təminatını tarixi missiyaya çevirən Heydər Əliyev Fondu yarandığı gündən bu vaxta qədər Azərbaycanda təhsilin inkişafına misilsiz töhfələr verib. Azərbaycan cəmiyyətində hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin zəruri biliklərə yiyələnməsini, milli təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını əsas fəaliyyət meyarlarından biri kimi müəyyənləşdirmiş Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sahədə göstərdiyi nümunəvi fəaliyyəti ilə cəmiyyətimizdə yeni bir ənənənin əsasını qoymuşdur. Bu ənənə ilk növbədə Azərbaycanın sosial-iqtisadi yüksəlişinin ölkəmizin mədəni tərəqqisinə, ictimai şüur səviyyəsinin yüksəlişinə yönəlməsi zərurətindən çıxış edir.
Ulu öndərimizin adını daşıyan fondun prezidenti Mehriban xanım Əliyevanın bu gün milli təhsilimizin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyəti bu ənənələrin illər sonra da Azərbaycan dövlətinin yüksəlişini təmin edəcək əsas amil kimi qorunmasına, zamanın dəyişən tələblərinə uyğunlaşdırılması məqsədlərinə hesablanmışdır. Mehriban xanım Əliyevanın irəli sürdüyü, böyük uğurla həyata keçirilməkdə olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının prioriteti də bundan ibarətdir. Bu proqram özündə təkcə respublikamızın ucqar əyalətlərində yeni məktəb binalarının tikilməsi, bu binaların ən müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz edilməsi məzmununu ehtiva etmir. Həm də insanlara qayğı, uşaqlara, yeniyetmələrə və gənc nəslə diqqət timsalında bütövlükdə ölkəmizin parlaq gələcəyə aparılması strategiyasını ehtiva edir. Artıq hər il yeni dərs ilini minlərlə məktəbli beynəlxalq standartlara uyğun müasir təhsil ocaqlarında qarşılamağa bir növ adət edib. Bütün bunlar sübuta yetirdi ki, aydın məqsəd, xalqın rifahına söykənən amal, inam və iradə ilə birləşəndə hər bir çətinlik bu qüdrətin qarşısında geri çəkilir.
Təhsil sahəsində reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi fondun həyata keçirdiyi ən böyük layihələrdən biridir. Qısa müddət ərzində Azərbaycanın bütün regionlarında müasir tələblərə cavab verən məktəblərin inşası geniş vüsət aldı. Layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində 300-dən çox yeni məktəb inşa edildi. Bu, indiki şəraitdə müasir tələblər səviyyəsində təhsil almaq imkanı qazanan yüz mindən artıq şagirdin həyatında ciddi dəyişiklik, yenilik deməkdir. Əgər bu gün biz ucqar dağ kəndində yaşayan məktəblinin internet vasitəsi ilə ümumrespublika olimpiadasında iştirakının şahidi oluruqsa, bu, artıq görülən işin parlaq təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Fondun təşəbbüsü ilə başlanmış geniş məktəb tikintisi, - mən bunu bu gün açıq deməliyəm, - biz bu təşəbbüsü əsas götürüb ölkəmizdə geniş miqyasda məktəb tikintisinə başlamışdıq. Amma ilk məktəblər məhz fondun təşəbbüsü ilə və fond tərəfindən tikilmişdir. O məktəblərdə oxuyan, kompyuterlə məşğul olan, yaxşı imkanlara malik olan uşaqlar gələcəyə nikbinliklə baxırlar. Onlar Azərbaycanın gələcəyidir. Mən birmənalı şəkildə deyə bilərəm ki, Heydər Əliyev Fondu mədəniyyət sahəsində və digər sahələrdə, ölkə həyatında önəmli bir amilə çevrilibdir və əminəm ki, fondu bundan sonrakı fəaliyyətində də ümumbəşəri prinsiplər irəliyə aparacaqdır. Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük olacaqdır".
Dünya miqyasında təşəbbüslər
Məlum olduğu kimi, təhsil elə bir ictimai hadisədir ki, cəmiyyətin keçəcəyi inkişaf yolu əksər hallarda bu sahəyə münasibətdən asılı olur. Təhsilin millətin, dövlətin və bir qədər də qlobal məcrada götürsək, ümumilikdə, bəşəriyyətin gələcəyi olduğunu söyləməklə, əslində, yeni bir nəzəriyyə kəşf etmirik. Son səkkiz ildə millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, ümummilli liderin ali ideallarını özündə ehtiva edir.
Fondun reallaşdırdığı layihələr Mehriban xanımın yüksək təşkilatçılığı sayəsində bənzərsizliyi ilə diqqəti cəlb edir. Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə görə hətta beynəlxalq layihələri üstələyir. Bu, qürur doğuran reallıqdır. BMT, İslam Əməkdaşlığı Təşkilatı, YUNESKO, İSESKO və onlarca mötəbər qurumun dünyanın dörd bir tərəfində çalışan, peşəkarcasına müqayisə aparmaq imkanına malik yüksək vəzifəli şəxslərinin Heydər Əliyev Fondunun layihələrindən təsirlənərək gördüklərini sözə çevirməkdə aciz qaldıqlarının dəfələrlə şahidi olmuşuq.
Bu mənada, fond təkcə ölkəmizdə deyil, dünya miqyasında da təhsilə böyük dəstək verir. Moskvada, Amsterdamda və dünyanın müxtəlif ölkələrində fəaliyyətə başlayan Azərbaycan məktəbləri fondun diqqətindən kənarda qalmır. Həmin məktəblərə müntəzəm olaraq lazımi dərs vəsaitləri göndərilir. Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqları Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə müasirləşdirilir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilir. 2008-ci ilin fevralında Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb fond tərəfindən yenidən tikilərək istifadəyə verilib. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla da təmin olunub və vəsaitlərin hamısı Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilib.
2010-cu il sentyabrın 1-də Heydər Əliyev Fondu Rusiya Federasiyasının Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə və şəxsən onun nəzarəti altında "Təhsilə dəstək" layihəsi çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmir edilib. Məktəbdə yaradılmış siniflərdə Ulyanovsk uşaqları Azərbaycan milli tətbiqi sənətinin bəzi növlərini öyrənə biləcəklər. Məktəbin kitabxanası yeni tədris vəsaitləri və digər nəşrlər hesabına zənginləşib. Heydər Əliyev Fondunun bu məktəbə ən böyük hədiyyəsi onun 3 sinfinin Azərbaycanda həyata keçirilən "1:1 gələcək üçün təhsil" layihəsi çərçivəsində istehsal edilmiş 20 ədəd "NEXUS" noutbuku ilə təchiz edilməsidir.
Bu və bu kimi digər aksiyalar Azərbaycanın digər dövlətlərlə humanitar əlaqələrinin möhkəmlənməsinə, respublikamızın və xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlığın genişlənməsinə xidmət edir.
Qayğıya ehtiyacı olan uşaqlara mərhəmət sevinci
Beynəlxalq ekspertlərin vurğuladığı kimi, fondun reallaşdırdığı layihələr mahiyyətcə yeni üslub, etalon xarakteri daşıyır və əksər hallarda beynəlxalq səviyyədə tətbiqini tapır. Uşaqlara qayğı, internat məktəblərinin əsaslı təmiri və uşaq bağçalarının bərpası bu layihələr içərisində özünəməxsus yer tutur. Bu gün uşaq bağçalarının təkcə yenidən qurulması deyil, həm də ən müasir tələblərə cavab verməsi istiqamətində çoxşaxəli iş aparılır. Fondun həyata keçirdiyi layihələr çərçivəsində artıq onlarla uşaq bağçası istifadəyə verilib. Bu uşaq müəssisələri müasir avadanlıq, tədris vəsaiti, plakatlar, multimedia diskləri, oyunlar və digər vəsaitlərlə təmin olunub. Uşaqlara qayğı fondun prioritet istiqamətlərindən biridir. Bu baxımdan "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramını xüsusi qeyd etmək lazımdır. Bu proqram ata-ana qayğısından məhrum uşaqların həyatında ciddi dönüş yaratdı. Layihə çərçivəsində fondun himayə etdiyi 40-dək uşaq müəssisəsinin sosial vəziyyətində, məişət və təhsil sistemlərində əsaslı dəyişiklik yarandı. Bu gün valideyn qayğısından məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yay düşərgələri yaradılır. Uşaq evlərində tərbiyə alanların taleyi də daim diqqət mərkəzində saxlanılır.
Qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili də Mehriban xanımın diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli çantaları və dərs ləvazimatları paylayır. Artıq son bir neçə ildir ki, bu proses ölkədəki bütün orta məktəbləri əhatə edir. 2008-2009-cu tədris ilində fond tərəfindən ölkədə 130 min birinci sinif şagirdinə 16 adda məktəbli ləvazimatı ilə təmin edilən çanta paylanılıb. Bununla yanaşı fondun hazırladığı 140 adda əyani vəsait də məktəblərə göndərilib. Keçən il də eyni addım atılıb. Heydər Əliyev Fondunun bu təşəbbüsündən sonra, artıq respublikamızın bütün məktəblərində dərsliklər şagirdlərə pulsuz paylanılır. Onu da qeyd edək ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində yeni təhsil müəssisələrinin tikilməsində yardımçı olub.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə sisteminin müasirləşdirilməsi sahəsində mühüm işlər həyata keçirilir, tibb ocaqlarında ən müasir avadanlıqlar quraşdırılır, əhaliyə göstərilən xidmətin səviyyəsi getdikcə yüksəlir. Uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasında, treninqlərin keçirilməsində və həkimlərin mübadiləsində fondun köməyi xüsusi qeyd olunmalıdır. Ötən illər ərzində Heydər Əliyev Fonduna müraciət etmiş on mindən çox vətəndaş müayinə və müalicə kursu keçmiş, min nəfərə yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyə əməliyyatı olunmuş, çoxlu sayda xəstənin isə əməliyyat və müalicəsi xarici ölkələrdə aparılmışdır. İlk layihələrdən biri kimi bu gün də davam edən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi 14 yaşına qədər qeydiyyatda olanların dərman preparatı ilə təmin olunmasına yönəlib.
Maddi-mədəni irsimizə böyük qayğı Azərbaycan muğamına yeni nəfəs verdi
Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyət tarixində də silinməz iz buraxacaq layihələr həyata keçirir. Reallaşdırılan işlərin nəticəsi olaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Bu baxımdan Azərbaycan paytaxtında müasir İncəsənət Muzeyinin açılışını yüksək qiymətləndirmək olar.
Azərbaycan muğamının dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti ən yüksək qiymətə layiqdir. Azərbaycanın ənənəvi musiqisi olan muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irs siyahısına daxil edilib. Mədəni irsin qorunması baxımından muğamın təbliği və inkişafına kömək Heydər Əliyev Fondunun geniş fəaliyyət istiqamətidir. Gerçəkləşən layihələr möhtəşəm milli mədəniyyətimizi qorumaq, inkişaf etdirməklə yanaşı, həm də sivil dünyada öz layiqli yerimizi tutmağa, xalqımızı tanıtmağa imkan yaradır. Bu sahədə ilk layihələrimizdən biri "Qarabağ xanəndələri" musiqi albomunun nəşridir. Bu albomda 24 virtuoz muğam ustadının ifası cəmlənib. Fondun Azərbaycan muğamına həsr olunmuş digər nəşri "Muğam ensiklopediyası"dır. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər ilk dəfədir ki, muğam irsimizin tam mənzərəsini yaradır. Fond muğam müsabiqələri və festivallara dəstək verir, yaşlı sənətkarlarımıza, yeni istedadlı ifaçılarımıza dayaq olur. Fondun dəstəyi ilə paytaxtda "Beynəlxalq Muğam Mərkəzi", habelə regionlarda müasir standartlara uyğun muğam mərkəzləri inşa olunmuşdur. Mehriban xanım Əliyevanın peşəkarcasına fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır.
Tolerantlıq nümunəsi
Ölkəmiz hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu təcrübənin güclü əsasları vardır. Çünki əsrlər boyu müxtəlif dövrlərdə, müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində Azərbaycanda bütün xalqlar dözümlülük, tolerantlıq nümayiş etdirmişlər, multikulturalizm şəraitində yaşamışlar. Bu güclü zəmin üzərində ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində müstəqillik dövründə biz bu meyilləri daha da gücləndirdik. Bu gün isə biz öz həyatımızla, öz dünyagörüşümüzlə və öz praktiki addımlarımızla təcrübəmizi dünya birliyinə təqdim edirik.
Ölkəmiz sözün əsl mənasında fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilir. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, eləcə də digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır. Bunun növbəti əyani sübutu olaraq Bakıda dinlərarası sivilizasiyaların dialoqunun keçirilməsi, eyni zamanda Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış tolerantlıq ənənəsinin yüksək səviyyədə olmasının göstəricisidir.
Tolerantlıq nümunəsi sayılan Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərmişdir. Strasburq şəhərinin meri Rolan Ris Heydər Əliyev Fondunun beynəlxalq miqyasda böyük layihələr həyata keçirməsini humanizm və mədəniyyətlararası dialoq baxımından böyük rolunu qeyd etmiş, bildirmişdir ki, fondun Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayırdığı maliyyə yardımını səxavətli bir jest və Azərbaycanın Avropanın mədəni irsinə verdiyi layiqli töhfədir. Cənab Ris demişdir: "Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan öz mədəni irsinə diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı göstərir. Orta əsrlərdə xristianlığın ən yüksək kilsəsi olan Strasburq Kafedral kilsəsi də Avropa mədəni irsinin bir parçasıdır. Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında fəal iştirak edən Heydər Əliyev Fondu beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşması və təşviqinə böyük diqqət göstərir". Bu fikirlər, həm də beynəlxalq ictimaiyyətin fondun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə verdiyi qiymət kimi qəbul olunmalıdır.
Xatırlayırsınızsa, YUNESKO-nun 60 illiyinə həsr edilmiş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində Parisdə 2005-ci ilin oktyabrında keçirilmiş "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında" adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdır. Sonrakı illərdə bu yöndə əməli addımlar atılması, konkret təşəbbüslər irəli sürülməsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bizim bəşəri ideallara sadiqliyimizi bir daha təsdiqlədi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə 2008-ci il iyunun 10-11-də Bakıda "Gülüstan" Sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq foruma dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci Xanımların Bəyanatı qəbul olunmuşdur.
Bir daha yada salaq ki, beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm tədbirin, xüsusilə 2011-ci il aprelin 7-8-də Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Forumun keçirilməsi, eləcə də Bakının 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi ilə bağlı qərar da, Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.
Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun əsas məqsədlərinə sadiq qalaraq nümayəndəliklər mədəni və sosialyönümlü layihələri həyata keçirirlər: uşaq evlərinə, internat məktəblərinə, qocalar evlərinə baş çəkir, qayğıya ehtiyacı olan insanlara yardım edir, Azərbaycanın tanınmış elm və ictimai xadimlərinin xatirəsinə həsr olunmuş gecələr, Azərbaycan xalqının mədəniyyət və tarixini əks etdirən sərgi və konsertlər təşkil edirlər. Bütün bunlar xalqlar və ölkələr arasında əlaqələrin inkişafına xidmət edir. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin fəaliyyəti xüsusi olaraq diqqəti cəlb edir. Bu, fondun Azərbaycandan kənarda yaradılan ilk nümayəndəliyidir.
Nümayəndəliyin başçısı Leyla xanım Əliyevanın rəhbərlik etdiyi struktur ümumtəhsil məktəbləri, xüsusilə də Moskvanın Azərbaycan etnomədəniyyət komponenti olan 157 saylı məktəbi ilə sıx əlaqə qurur, onları lazımi texniki avadanlıq və tədris vəsaitləri ilə təmin edir. Nümayəndəlik Rusiyada əlil və valideyn qayğısından məhrum olan uşaqları daim diqqət mərkəzində saxlayır, onlar üçün müxtəlif xeyriyyə tədbirləri keçirir, bayram günlərində mərasimlər təşkil edir. Əsas fəaliyyət istiqamətlərindən biri də gənclərlə işdir. Leyla xanım Əliyeva Rusiyanın müxtəlif vilayətlərinə səfər edir, burada yaşayan və təhsil alan azərbaycanlı gənclərin problemləri ilə maraqlanır, onların həlli üçün müəyyən tədbirlər görür, yerli təşkilatlarla əməkdaşlığı daha da möhkəmləndirir.
Heydər Əliyev Fondunun fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
Heydər Əliyev Fondunun və şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə xanım Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir. Bundan əlavə, 2008-ci il iyunun 10-da İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomla təltif etmişdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadını olması çox əlamətdardır.
Ötən illər ərzində Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, respublikamızın paytaxtı festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrildi. Bütün bu fəaliyyətin nəticəsində, 2010-cu il iyulun 30-da YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən "Qızıl Motsart" medalı təqdim olunmuşdur.
Bundan başqa, xoşməramlı təşəbbüslərinə, humanizmə əsaslanan, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva 2007-ci ilin mayında "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür. 2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edilmişdir. Həmin il "XXI əsrin böyük qadını" laureatı adına layiq görülmüşdür. 2010-cu il fevralın 15-də Fransaya münasibətdə göstərdiyi xidmətlərinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilmişdir. 2011-ci il iyunun 24-də Heydər Əliyev Fondunun prezidentinə Krans Montana Forumunun Qızıl medalı təqdim edilmiş, 2012-ci il fevralın 13-də o, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülmüşdür. 2012-ci il aprelin 13-də Mehriban xanım Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən "Birlik Ulduzları" dövlətlərarası mükafatı təqdim edilmişdir. 2012-ci il iyunun 29-da isə ona Krans Montana Forumunun "Prix de la Fondation" mükafatı təqdim edilib.
Nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr inkişaf edir
Bütün sahələr üzrə inkişaf edən ölkəmizin beynəlxalq səviyyədə mədəni əlaqələrini genişləndirməsi və bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla münasibətləri yüksək səviyyədə davam etdirməsi, o cümlədən YUNESKO ilə qarşılıqlı əməkdaşlıq Azərbaycanın dünyadakı nüfuzunu daha da artırmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, tolerantlığı ilə ad qazanmış Azərbaycan sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarı kimi bu gün mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verməklə qlobal səviyyədə əhəmiyyətli missiyaya malik aparıcı dövlət olduğunu hər kəsə sübut etdi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-YUNESKO münasibətləri bu gün özünün ən yüksək inkişaf səviyyəsinə yüksəlmişdir. Keçən illər ərzində YUNESKO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.
Bir daha qeyd edək ki, 2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2009-cu il sentyabrın 28-dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir ki, bu da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir.
Azərbaycanla İslam Konfransı Təşkilatının müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidentinin humanitar sahədəki fəaliyyətinə görə "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomla təltif olunması da bununla əlaqədardır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin noyabrında Bakıda təsis edilmiş hərəkatın davamı olaraq 2011-ci il aprelin 9-dan 11-dək Bakıda Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatı təsis edilmişdir.
2011-ci il noyabrın 22-də isə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə "İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin (İƏT GİAŞ) təsis qurultayı olmuşdur ki, bu da dindaş ölkələrdəki gənc fəalların təşkilata cəlb olunması üçün mühüm əhəmiyyət daşıyır. Təsis qurultayında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva bəyan edib ki, gənclərin milli təbliğat məsələlərində yeri və rolu, həmçinin müxtəlif istiqamətlərdə şəbəkələşmə prosesi bu gün ən aktual və qlobal mövzulardan biridir. O, şəbəkənin dünyada müsəlman ölkələrini layiqli təmsil edən bacarıqlı gənclər üçün önəmli fəaliyyət qurumuna çevriləcəyini vurğulayıb.
2011-ci ildə Ciddə şəhərində keçirilmiş İslam Konfransı Təşkilatının (İKT) iqtisadi, mədəni və sosial məsələlər üzrə komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ İKGF) haqqında qətnamə layihəsi yekdilliklə qəbul olunmuş qətnamənin vacib maddələrindən biri də "XX əsrdə İKT-yə üzv ölkələrində humanitar faciələr üzrə anma günü proqramı" çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına həsr olunub. Xüsusilə, qətnamə layihəsi dövlət üzvlərini, həmçinin İKT institutlarını Xocalı kütləvi qırğınının insanlıq əleyhinə yönəlmiş cinayət kimi həm milli zəmində, həm də beynəlxalq səviyyədə tanınması istiqamətində öz fəaliyyətlərini gücləndirməyə çağırıb.
Yeri gəlmişkən, qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımı barədə beynəlxalq ictimaiyyətə geniş məlumat verilmişdir. Bu kampaniya vasitəsilə erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında dünya birliyində geniş məlumatlar yayılmışdır. Bununla əlaqədar Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə və Gürcüstanda silsilə tədbirlər keçirilmişdir. Belə tədbirlərdə fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" toplusu da ictimaiyyət arasında geniş yayılmışdır. Keçirilən aksiyaların xarici ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün hər cür şərait yaradılmışdır.
Heydər Əliyev Fondu dünyanın unikal beynəlxalq təşkilatı olan BMT ilə də əlaqələri genişləndirir. Ötən ayın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) rəhbəri Məhəmməd Ruiqinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə BMT ilə sıx əməkdaşlığın qurulduğu qeyd olunmuş, Heydər Əliyev Fondunun bu təşkilatla birlikdə bir neçə müştərək layihə reallaşdırdığı vurğulanmışdır. Mehriban Əliyeva FAO-nun nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Fondun prezidenti, həmçinin Azərbaycan dövlətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinə kömək etməyə hazır olduğunu vurğulamışdır.
FAO missiyasının rəhbəri Məhəmməd Ruiqi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirmişdir. Görüşdə Heydər Əliyev Fondunun FAO-nun Romadakı baş ofisi ilə əməkdaşlığı, ərzaq təhlükəsizliyi, həmçinin bu sahədə xüsusi uşaq müəssisələrinin yaradılması məsələləri müzakirə olunmuşdur.
Dünya mətbuatı Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini təqdir edir
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü humanizmə söykənən faydalı təşəbbüslər, məqsədyönlü proqramlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Etiraf edək ki, fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və bu kimi məsələlər təşkilatın daim diqqət mərkəzindədir. Fondun fəaliyyətinin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərin süzgəcindən keçirib bu günə çatdırdığı mədəni-etnoqrafik ənənələr dayanır. Dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın siması və xoşməramlı fəaliyyəti ilə tanıyır, bir sıra nüfuzlu ölkələrdə dərc olunan qəzetlərdə Heydər Əliyev Fondunun prezidentinin nurlu fəaliyyətindən söhbət açılır.
Təbii ki, Heydər Əliyev Fondu və onun prezidenti barədə xarici ölkələrin mətbuatından dərc olunan məqalələrin həcmi əsla bir yazıya sığmaz. Ancaq biz onlardan bir neçəsini qeyd etmək istərdik. Öncə deyək ki, Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan "Ekovitrin" jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasının qalibi olmuşdur. Onu da deyək ki, səsvermə iki ay ərzində 102 namizəd arasında 34 nominasiya üzrə keçirilmişdir. Münsiflər heyəti hər bir nominasiyada 3 namizədi müəyyənləşdirmiş, sonda seçilən namizədlərə jurnalın oxucuları səs vermişdir. Səsvermədə ümumilikdə 250 mindən artıq respondent iştirak edib. Jurnalın digər nominasiyaları üzrə qaliblər arasında İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və London meri Boris Conson da var.
Almaniyanın "Die Welt" qəzetinin keçən ay iyulun 13-də işıq üzü görən sayının iqtisadiyyat bölməsində "Xəzər sahillərində qlobal oyunçu: Azərbaycan iqtisadi artımı mədəniyyətə rəğbətlə birləşdirir" başlıqlı yazıda Heydər Əliyev Fondunun fəaliyyəti haqqında geniş söhbət açılır. Məlumat verilir ki, Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verir, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Məqsəd müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb, qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur. Fondun xaricdəki layihələrinə Strasburqda kilsənin restavrasiyasına 1,5 milyon avro ayrılması və Vatikanla Romadakı bəzi abidələrin restavrasiyası üçün imzalanan memorandum misal gətirilir. Bildirilir ki, fond xeyriyyə işləri ilə yanaşı çoxtərəfli layihələrə də dəstək verir, məsələn BMT, İKT və sair beynəlxalq təşkilatların savadsızlıqla mübarizə, uşaq, qadın hüquqlarının təmin olunması, ayrı-seçkiliyin aradan qaldırılması və digər mövzularda tədbirlərin həyata keçirilməsində iştirak edir. Məqalədə fondun prezidenti Mehriban xanım Əliyevadan sitat gətirilir: "Dünyada ən ağrılı problemlərdən biri mənəvi ideyaların saxta ideyalar vasitəsilə sıxışdırılmasıdır."
Son olaraq, Pakistanda çıxan və bu ölkə ilə yanaşı Böyük Britaniyada, Birləşmiş Ərəb Əmirliklərində milyonlarla oxucusu olan nüfuzlu ingilisdilli "Daily Times" qəzetində nəşrin İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin "Mehriban Əliyeva - humanizm rəmzi" sərlövhəli məqaləyə daha geniş yer vermək istərdik. Çünki bu məqalə ümumilikdə, digər ölkələrin mətbuat orqanlarında çıxan məqalələrin, necə deyərlər, ortaq mövqeyini ifadə edir. "Mehriban Əliyeva - cəmiyyətin həyatında müsbət dəyişikliklər etməyi bacaran, mühüm əhəmiyyət kəsb edən məsələlərə dair prinsipial mövqe tutan xanımdır" sözləri ilə başlayan məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın tanınmış ziyalı ailədə dünyaya göz açdığı vurğulanmışdır.Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımların edildiyi, şikəst uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin təşkil olunduğu, insulinin pulsuz paylandığı və qanvermə aksiyalarının keçirildiyi qeyd olunmuşdur. Yazıda mədəniyyətin təbliğinin fondun prioritet istiqamətlərindən biri olduğu qeyd edilmiş, bu sahədə görülmüş işlər, keçirilmiş beynəlxalq müsabiqələr və konsertlər, Niaqarada Azərbaycan Muğamı Günləri, Qəbələ festivalı haqqında ətraflı söhbət açılmışdır. Azərbaycanı tolerantlıq nümunəsi adlandıran müəllif fond tərəfindən dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində atılmış addımlardan da yazmışdır. Vurğulanmışdır ki, Heydər Əliyev Fondu Azərbaycanda bir sıra dini məbədlərin, ziyarətgahların, məscidlərin, kilsələrin yenidən qurulmasının təşəbbüskarı olmuşdur. D.Nəcəf dünya irsinin qorunub saxlanılması yolunda Mehriban xanım Əliyeva tərəfindən görülmüş işlər barədə də ətraflı məlumat vermişdir. Müəllif Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmirinin də bu sıradan olan işlərdən olduğunu vurğulamışdır.
Məqalədə Azərbaycanın birinci xanımının, eyni zamanda, ölkənin Gimnastika Federasiyasının prezidenti olduğu, 2003-cü, 2004-cü və 2005-ci illərdə gimnastika üzrə dünya yarışmalarının Bakıda keçirildiyi qeyd edilmişdir. Jurnalist Mehriban xanım Əliyevanın idmana qayğısını xüsusi vurğulamışdır. Jurnalist Mehriban xanım Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan "Eurovision-2012"-nin hazırlıq işlərinə rəhbərlik etdiyini qeyd etmişdir. Bildirmişdir ki, bu münasibətlə Azərbaycanın paytaxtında qısa bir zamanda Xəzər dənizi sahilində 23 min nəfərlik möhtəşəm "Crystal Hall" konsert arenası inşa edilmiş, yeni mehmanxanalar tikilmiş, şəhərin infrastrukturu əsaslı surətdə yenilənmiş və digər zəruri tədbirlər həyata keçirilmişdir.
Məqalədə Mehriban xanım Əliyevanın Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə YUNESKO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESKO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü qeyd edilmişdir. Yazıda, həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda görülmüş işlərdən bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik qızlar məktəbi tikilmiş və cari ildə orada əsaslı yenidənqurma və təmir işləri aparılmış, tədris müəssisəsi lazımi avadanlıqla təmin olunmuşdur. D.Nəcəf qeyd etmişdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Laki Marvat şəhərindəki Serebral İflic İnstitutunda pulsuz müalicə təşkil olunmuş, Peşavar Qadın və Uşaq Xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılmışdır.
Məqalədə vurğulanmışdır ki, Heydər Əliyev Fondu cari il iyunun 14-də Peşavarda Dünya Donarlar Gününə həsr edilmiş mərasimdə qan xəstəliklərinin müayinəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi təqdim etmişdir. Eyni zamanda, Heydər Əliyev Fondu Xayber Paxtunxva əyalətində reallaşdırdığı humanitar layihələr proqramı çərçivəsində Xayber Göz Fonduna, bu təşkilatın nəzdində fəaliyyət göstərən göz klinikasının yeni blokunun inşası üçün maddi yardım etmişdir. Heydər Əliyev Fondu həmin xəstəxanada imkansızlar üçün pulsuz göz əməliyyatlarının keçirilməsini də təşkil etmişdir. D. Nəcəf məqaləsində Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə müqəddəs Ramazan ayında Pakistanın dörd əyalətinin səkkiz şəhərində 1200-dən çox kimsəsiz uşaq üçün iftar süfrəsinin və əyləncə proqramının təşkil olunduğunu da qeyd etmişdir.
Bəli, Heydər Əliyev Fondunun fəaliyyəti dünyada məhz xoşməramlı təşəbbüslərin, nəcib fəaliyyətin, humanizmin və mərhəmətin, insanlığa, bəşəriyyətə xidmətin simvolu kimi qəbul edilir. Rusiyanın "Tribuna" qəzetində dərc olunan "Mənəvi əlaqə" adlı məqalədə qeyd olunduğu kimi, 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu təhsilin inkişafı proqramı çərçivəsində artıq dünyanın müxtəlif guşələrində məktəblər açmaqla Azərbaycan, Rumıniya, Misir, Niderland, Pakistan, Rusiya və digər ölkələrdə 100 mindən çox fərqli millətlərdən olan uşaqlar üçün təhsil almaq imkanı yaratmışdır ki, bu da insanlığa, bəşəriyyətə xidmətin ən gözəl nümunəsidir.
Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minlərlə insanın fikirlərini, qəlbindən keçən duyğularını haqlı olaraq bu sözlərlə ifadə etmişdir: "Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".
Xalq qəzeti.- 2012.- 26 avqust.- № 189.- S. 3; 28 avqust.- № 190.- S. 3.