Heydər Əliyev Fondu ölkəmizdə təhsilin, səhiyyənin inkişafına xüsusi töhfələr verir
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi və intellektual yüksəlişə xidmət edən idealların cəmiyyətdə daha da möhkəmlənməsinə yönəlib. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə isə “Qızıl ürək” beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeni, Fransanın Ali Dövlət Ordeni ilə təltif olunan Mehriban xanım Əliyeva üzərinə götürdüyü şərəfli missiyanı inamla davam etdirir.
Çoxşaxəli fəaliyyət sferası olan Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biri də ölkəmizdə təhsilin inkişafına dəstək verməkdir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının reallaşmasını təmin etməklə ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan yaradıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın uğurlu nəticələri bu gün öz bəhrəsini verməkdədir. Bu kateqoriyadan olan onlarla uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılıb, zəruri avadanlıqla təmin edilib, zəngin kitabxanalar yaradılıb. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə məktəb təmir və inşa olunub. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.
Bundan başqa, Heydər Əliyev Fondu kor və ya görmə qabiliyyəti zəif olan şəxslərə əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni zəruri sayır. Bu məqsədlə “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə həyata keçirilib. Görmə qüsuru olan uşaqlar üçün kitabxana və təlim mərkəzi yaradılıb.
Qeyd olunduğu kimi, bir sıra sahələrdə mühüm layihələr həyata keçirən Heydər Əliyev Fondu insanların sağlamlığının təmin olunması, səhiyyə sahəsində problemlərə də diqqət ayırır. Bu sahədə “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” adı altında həyata keçirilən layihələr xüsusi qeyd olunmalıdır. Talassemiya Diaqnostika Mərkəzinin yaradılması ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən insanların həyata bağlanmasına xüsusi töhfə verib. Bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqətin göstərilməsi də təqdirəlayiqdir. Fondun təşəbbüsü ilə talassemiya ilə mübarizədə İtaliya, Türkiyə, Yunanıstan və İsrail dövlətlərindəki təcrübə öyrənilir, bu ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq genişləndirilir. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərən Heydər Əliyev Fondu milli genofondumuzun qorunmasında da öz sözünü deyir.
Ulu öndərimizin adını daşıyan Fond mədəni irsə həssas münasibət bəsləyir və Azərbaycan həqiqətlərini dünyaya çatdırır
Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunu yaratmış Mehriban xanım Əliyeva milli mədəniyyətimizin dünyada təbliği istiqamətində mühüm uğurlar əldə edib. Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi-mədəniyyət abidələrinin bərpası “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin əyani təsdiqidir.
Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir. Fond ulularımızdan yadigar qalmış mədəniyyət incilərinin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi layihələrdən biri də “Qarabağ xanəndələri” albomu olub. YUNESKO-nun xətti ilə hazırlanmış albomun “Qarabağ xanəndələri” adlandırılması ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirildi. Beynəlxalq Muğam Mərkəzi YUNESKO tərəfindən Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş Azərbaycan muğamının inkişafına və dünyada geniş təbliğinə imkan yaradır. Fondun təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam aləmi” Beynəlxalq muğam festivalı məhz bu Mərkəzdə keçirildi. Fondun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və muzeydə rəssam və heykəltəraşların 800-dən çox işi sərgilənir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” toplusu müxtəlif dillərdə nəşr olunub. Bu istiqamətdə Xocalı soyqırımı ilə bağlı davamlı layihələr həyata keçirilir. 2007-ci ildən başlayaraq Fond hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Əsasən diplomatik korpusların xətti ilə reallaşan anma mərasimlərində Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur. “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, böyük dövlətlərin paytaxtlarında tədbirlər keçirilir.
Beləliklə də, Heydər Əliyev Fondunun hərtərəfli fəaliyyətində bir daha Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqlik görürük. Bütövlükdə, Ulu öndərin ideyalarının reallaşdırılmasına xidmət edən Fond bu zəngin irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində əsas rol oynayır.
Pərviz Sadayoğlu
Yeni Azərbaycan.- 2011.- 12 may.- № 83.- S. 3.