Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu ilə tanışlıq


Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin dəvəti ilə respublikamıza səfərə gəlmiş FİFA prezidenti Yozef Blatter və onu müşayiət edən şəxslər - UEFA-nın vitse-prezidenti Seneş Erzik və tanınmış fransız futbolçusu, UEFA İcraiyyə Komitəsinin üzvü Mişel Platini Heydər Əliyev Fondunu ziyarət etmişlər.

Burada qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, fondun əsas məqsədləri prezident Heydər Əliyevin zəngin irsinin öyrənilməsindən, Azərbaycanın tərəqqisinə yönəldilmiş genişmiqyaslı layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və Ölkəmizin tarixinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən ibarətdir.

FİFA VƏ UEFA-nın nümayəndələri Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular.

FİFA prezidenti Yozef Blatter fondla tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Qonaqlar fondun eyvanından Bakının mənzərəsini seyr etdilər.


Xalq qəzeti.- 2004.- 14 oktyabr.- № 239.- S. 4.