Azərbaycan-YUNESKO əməkdaşlığı yüksək səviyyədədir
Təşkilatın Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının Bakıda keçirilməsi bu əməkdaşlığın mühüm göstəricilərindəndir
Məlum olduğu kimi, 31 may-2 iyun tarixlərində Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyası keçirilib. YUNESKO üzrə Azərbaycan Respublikası Mifli Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı və Azərbaycan hökumətinin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində 80-ə yaxın xarici qonaq, o cümlədən, BBK-nın üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi şübhəsiz ki, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir. Eyni zamanda, bu, Azərbaycanla YUNESKO arasında yüksək əlaqələrin nümunəsi sayıla bilər. Bu fakt sözügedən tədbirdə də vurğulanıb. İstərdik ki, öncə həmin sessiyada müzakirə olunan məsələləri xatırlayaq. Sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycan ilə YUNESKO arasında çox sıx əməkdaşlığın qurulduğunu bildirib. Qeyd edilib ki, son illər elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən birgə layihələr bunun bariz nümunəsidir. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi xidmətləri var. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq YUNESKO-nun beynəlxalq əhəmiyyətli tədbirinə ev sahibliyi edir.
Azərbaycanda bioetika elminin tədrisinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayan M. Kərimov, AMEA-da bu ixtisas üzrə doktorantura və dissertantura yerlərinin açıldığını diqqətə çatdırıb. Akademik bildirib ki, ölkəmizdə bioetika elminin inkişafına xüsusi qayğı göstərən Mehriban xanım Əliyeva bu sahədə "Evtanaziya və tibbdə humanistlik problemi", "Biz həyatı seçirik" kimi ilk sanballı elmi kitablar yazıb.
Heydər Əliyev Fondunun icraçı di- rektoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilib ki, sessiyada müzakirə olunacaq məsələlər qlobal inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Bioetikanın əsasını təşkil edən tibb, biologiya, fəlsəfə və humanitar elmləri əhatə edən problemlər artıq neçə illərdir ki, bir çox mütəxəssisləri, dünya alimlərini, siyasətçiləri düşündürür.
Qeyd edilib ki, müasir dövrdə tibb sahəsində keyfiyyət baxımından ciddi dəyişikliklər baş verir, səhiyyədə etik normalara riayət edilməsi əsas amil kimi nəzərdən keçirilir. Lakin son illər yeni texnologiyaların, bio və nanotexnologiyaların, gen mühəndisliyinin, atom energetikası və tibbin sürətli inkişafı nəticəsində çoxsaylı etik və hüquqi boşluqlar yaranıb. Təəssüflə qeyd olunmalıdır ki, tibbi etikanın sosial məsələlərlə bağlı problemləri artıq neçə onilliklərdir ki, öz həllini tapmır. Bir çox ölkələrdə cəmiyyətin aztəminatlı təbəqəsi ixtisaslaşmış və keyfiyyətli tibbi xidmətdən məhrumdur. Bəzi ölkələrdə çoxlu sayda uşaq beş yaşına çatmamış, asanlıqla müalicə olunan xəstəliklərdən vəfat edir. Belə boşluqların öyrənilməsi baxımından müxtəlif konfrans, forum və "dəyirmi masa"ların keçirilməsi dəstəklənməlidir.
Vurğulanıb ki, hər birimiz öz ölkə- mizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvü olduğumuzu yaxşı dərk etməliyik. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çevirib. Bu məkanda insanlar, dövlətlər, xalqlar arasında dialoq məhz etik normalar, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. Sabahı düşünürüksə, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Şübhəsiz, bu, uzunmüddətli bir prosesdir. Əminəm ki, humanizm və ədalət əsasında konstruktiv əməkdaşlığın qurulması məhz bu halda mümkün olacaq.
Müraciətin sonunda bildirilir ki, bugünkü sessiyanın yekunları bioetikanın həm dünyada, həm bölgədə, həm də ölkəmizdə inkişafına xidmət edən önəmli bir addım olacaq. Sonra YUNESKO-nun baş direktoru İrina Bokovanın BBK-nın 18-ci sessiyasına videomüraciəti dinlənilib.
YUNESKO-nun baş direktoru müraciətində tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bioetika elminin inkişafındakı xidmətlərini yüksək qiymətləndirən İ. Bokova bu istiqamətdə ciddi səylərinə görə ona təşəkkür edib. YUNESKO-nun baş direktoru sosial, hüquqi, etik məsələlər ətrafında müzakirələrin aparılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Debatlarda dünya dövlətlərinin fəal iştirakının zəruriliyini bildirən İ. Bokova sessiyanın Bakıda keçirilməsini yüksək qiymətləndirib.
YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Pilar Alvarez-Laso qurumun həyata keçirdiyi tədbirlərə, bioetika normalarının bütün dünyada tanınmasına və BBK-nın 18-ci sessiyasının Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. Vurğulayıb ki, qlobal maliyyə böhranının YUNESKO-ya üzv dövlətlər üçün ağır nəticələrə səbəb olması qurumun öz fəaliyyətini və təsir dairəsini genişləndirməsini zəruri edib. Həmin problemlərin öhdəsindən gəlmək üçün komitənin kifayət qədər potensialı var. BBK-nın yoxsul ölkələrdə yaşayan həssas əhali qrupuna daxil olan insanların həyatına təsir edə biləcək fəaliyyəti və bu istiqamətdə həyata keçirdiyi proqram bunun göstəricisidir.
Hazırda komitədə bir neçə vacib hesabatların hazırlandığını deyən Pilar Alvares-Laso bildirib ki, bu hesabatların məqsədi milli səviyyədə qanunvericiliklərə dəyişikliklərin edilməsidir.
Beynəlxalq Bioetika Komitəsinin sədri Donald Evans göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, sessiyada müzakirə olunan məsələlərin aktuallığını vurğulayıb. Komitə sədri hazırda YUNESKO-ya üzv ölkələrin əksəriyyətində bioetika mərkəzlərinin fəaliyyət göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Bioetikanın inkişafı istiqamətində görülən işlərdən danışan
D. Evans bildirib ki, YUNESKO-ya üzv ölkələrdən BBK-ya daxil olan 36 nümayəndə son 25 ildə bu sahədə qazanılan nailiyyətləri inkişaf etdirir. Komitə sədri belə toplantıların və sessiyaların təşkil edilməsi baxımından Azərbaycanın YUNESKO-ya üzv ölkələr arasında yüksək nüfuza malik olduğunu deyib.
Sessiyada Azərbaycanın artıq 20 ildir Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkdiyi xüsusi vurğulanıb. Bildirilib ki, münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizi işğal olunub, bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşüb. Bu baxımdan qəbul ediləcək yekun hesabatda münaqişələr nəticəsində zərər çəkmiş insanların həssas əhali qrupuna daxil edilməsinin nəzərə alınması təklif edilib.
Ümumiyyətlə, Azərbaycanın fəal əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar içərisində BMT-nin ən mötəbər qurumlarından olan YUNESKO özünəməxsus yer tutur. Ölkəmizin YUNESKO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Bu əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi isə YUNESKO ilə respublikamız arasında formalaşan qarşılıqlı etimadı daha da möhkəmləndirir.
Qeyd edək ki, Azərbaycan-YUNESKO münasibətləri bu günə qədər çox zəngin inkişaf yolu keçib. Məlum olduğu kimi, Azərbaycan xalqının minilliklər boyunca yaratdığı qədim və zəngin mədə- niyyət, maddi və mənəvi irs bütün dünyada maraq doğurur.
Bu mühüm bəşəri dəyərlərin, irsin qorunaraq gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərə YUNESKO hərtərəfli dəstək göstərir.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyev dünyada təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük önəm verib. Azərbaycan-YUNESKO əlaqələrinin yaranma tarixinə qısa nəzər salmaq kifayətdir ki, Ulu öndərin bu yöndə nə qədər böyük işlər gördüyünü təsəvvür etmək mümkün olsun. Məlumat üçün bildirək ki, Azərbaycandan olan nümayəndə heyəti ilk dəfə, məhz, YUNESKO Baş konfransının 1993-cü ilin oktyabrında keçirilən 27-ci sessiyasında respublikamızı təmsil edib. Həmin sessiyanın ölkəmiz üçün ən önəmli nəticələrindən biri o olub ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi YUNESKO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edilib.
Yeni yaranmaqda olan əlaqələrin daha da genişlənməsi üçün Ulu öndər daha bir mühüm addım ataraq, 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən, YUNESKO-nun o zamankı Baş direktoru Federiko Mayorla görüşüb. Respublikamızın elm, təhsil və mədəniyyətlə məşğul olan qurumlarının fəaliyyətinin YUNESKO-nun işi ilə əlaqələndirilməsini həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 1994-cü il fevral ayının 21-də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın yaradılması barədə Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılan komissiyanın respublikanın müvafiq nazirliklərinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrin- dən ibarət 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qədim maddi-mədəniyyət abidələrinin qorunması istiqamətində gördüyü işlərin nəticəsi olaraq 2000-ci ildə İçərişəhər YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.
Azərbaycan xalqına məxsus mədəni irsin, maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması və yaşadılmasına hər zaman böyük önəm verən Prezident İlham Əliyev YUNESKO ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri daha da genişləndirib. Dövlət başçısının YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən Milli Komissiyanın yeni tərkibi müəyyənləşdirilib. Azərbaycanın YUNESKO ilə əməkdaşlığına dair operativ iş Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.
Azərbaycanla YUNESKO arasında çoxşaxəli əlaqələrin mövcudluğunu sübut edən daha bir mühüm göstərici ölkəmizin təşkilat çərçivəsində qoşulduğu çoxsaylı konvensiyalardır. Bunların içərisində Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Protokol (1993) və İkinci Protokol (2000), Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993), Qeyri-maddi-mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006) və başqalarının adını çəkmək olar. Bu vaxta qədər ölkəmizdə YUNESKO çərçivəsində bir çox tədbirlər keçirilib. Buna misal olaraq 1996-cı ildə Məhəmməd Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının yaranmasının 1300 illik, 2001-ci ildə N. Tusinin anadan olmasının 800 illik yubiley tədbirlərini, mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminarı, silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiyanın 50 illiyinə dair və digər tədbirləri göstərmək olar.
Heç kəsə sirr deyil ki, Azərbaycan- YUNESKO əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsində, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük əməyi var. Dünya mədəniyyətinə böyük töhfələr bəxş etmiş zəngin və olduqca qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə, həmçinin, YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü ildə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri fəxri adına layiq görülüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə təşkil olunan beynəlxalq tədbirlər, festivallar, konsertlər, sərgilər ölkəmizin mədəni irsinin qorunub saxlanmasında və təbliğində böyük rol oynayıb. Mehriban xanım Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişiəndirilməsi yönündə mühüm nailiyyətdir. Əlavə edək ki, olduqca genişmiqyaslı fəaliyyət göstərən Mehriban xanım Əliyeva mədəniyyətlərarası dialoq sahəsi ilə yanaşı, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, eləcə də, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Yeri gəlmişkən, həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi olaraq, 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. 2009-cu il isə Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə ilə yadda qalıb. Belə ki, təşkilatın Qeyri-maddi-mədəni irsin qorunması üzrə Komitəsinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən IV sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycan aşıq sənəti YUNESKO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Bununla da adıçəkilən mədəniyyət sahələrinin Azərbaycan xalqına məxsus qədim irs olması beynəlxalq aləmdə təsdiqlənmiş oldu. Qeyd edək ki, Novruz bayramının beynəlmiləl qeyri-maddi-mədəni irs kimi siyahıya daxil olmasında da Azərbaycanın rolu böyükdür. Eyni zamanda, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq ötən ilin noyabrında Keniyada keçirilən YUNESKO-nun V iclasında Azərbaycan xalçası Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.
Əminliklə demək olar ki, bu istiqamətdə Azərbaycanda görülən işlərin davam etdirilməsi ölkəmizlə təşkilat arasında tərəfdaşlığın daha da möhkəmlənməsi, bu əlaqələrin dünya mədəniyyətinə daha böyük töhfələr verməsi baxımından çox önəmlidir. YUNESKQ-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyasının Bakıda keçirilməsi isə Azərbaycanla YUNESKO-nun əməkdaşlığının bundan sonra da yüksək səviyyədə davam edəcəyinin ciddi göstəricisidir.
Nardar Bayramlı
Yeni Azərbaycan.- 2011.- 11 iyun.- № 104.- S. 4; 14 iyun.- № 105.- S. 5.