Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın ABŞ-a işgüzar səfəri
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva dekabrın 4-dən 7-dək ABŞ-a işgüzar səfəri çərçivəsində bir sıra səmərəli görüşlər keçirmişdir.
Dekabrın 6-da ABŞ-Azərbaycan Ticarət Palatası Vaşinqtonun möhtəşəm "Endryu Melon" auditoriumunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət vermişdir. Ziyafətdə 300-dən artıq qonaq, o cümlədən Ağ evin və Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri, ABŞ Konqresinin üzvləri, görkəmli siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞ-da akkreditə olunmuş səfirləri iştirak etmişlər. Mərasimin aparıcısı, ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, məşhur Beykerlər ailəsinin nümayəndəsi Ceyms BEYKER Mehriban xanımı və onu müşayiət edən Milli Məclisin üzvlərini salamlayaraq dedi:
- Mən bu axşam Azərbaycanın birinci xanımının bizimlə olmasından məmnunluğumuzu bildirirəm. ABŞ-Azərbaycan Ticarət Palatası sizin bizim tədbirdə iştirak etməyinizdən xüsusi şərəf hissi duyur. Son on il ərzində həyat yoldaşınızın bizə dəstəyini daim hiss etmişik. O, bizim Müşavirlər Şurasının üzvüdür.
Mən eyni zamanda, bu axşam sizinlə burada olan nümayəndə heyətinin üzvlərini, o cümlədən sizi müşayiət edən Milli Məclis üzvlərini salamlamaq istəyirəm. Bu axşam sizin hamınızla görüşməyimizə çox şadıq. Vaşinqtona xoş gəlmisiniz.
Mən bu axşam burada əyləşən qonaqları, o cümlədən bir neçə Konqres üzvünü salamlamaq istəyirəm. İdarə heyətimizin ilk üzvlərindən biri, doktor Zbiqnev Bjezinski burada bizimlədir. Xanım Bjezinski də gəlibdir. Mən sizi də salamlayıram. Bu axşam bizə qoşulmağınıza görə minnətdarıq.
Nəhayət, mən bu tədbirə gələn hər bir şəxsə ABŞ-Azərbaycan Ticarət Palatası adından minnətdarlığımızı bildirirəm. Biz bu mərasimin təşkil olunmasında sizinlə birgə işləməkdən çox məmnunuq və bununla fəxr edirik. Bu cür gözəl binada sizi görməkdən çox şadıq. Gəldiyinizə görə bir daha çox sağ olun.
Biz Palatada artıq on ildir ki, fəaliyyət göstəririk. Mənim fikrimcə, bu təşkilat ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin ticarət sahəsinin təşkil edilməsində səmərəli olmuşdur. Uzun illər ərzində neft sektorunda çalışan şirkətlər və biznes fəaliyyəti aparan digər dairələr bizim məsləhətimizdən istifadə etmişlər. Bu yaxınlarda Azərbaycan iqtisadiyyatının digər sahələrinə maraq göstərən yeni şirkətlər bizim Palatamıza üzv olmuşdur. Bu ilin aprel ayında ölkəmizə səfər etmiş Prezident Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində prinsipal mövqedə olduğunu bəyan etmişdir. Hesab edirəm ki, o, bu istiqamətdə çox dəstəkləyici və uğurlu təşəbbüslə çıxış etmişdir. Biz cari ilin oktyabr ayında Azərbaycana ikinci ticarət missiyamızı təşkil etmişdik. Həmin missiya bizim informasiya texnologiyaları və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərimizdən ibarət olmuşdur. Biz üzvlərimizə xidmət göstəririk, münasibətlərin ikitərəfli qaydada inkişafı üzərində çox çalışırıq və Azərbaycan şirkətlərinin fəaliyyətinin artmasını görməkdən də xüsusilə məmnunuq. Biz öz mandatımızı yerinə yetirməkdə davam edirik.
Mən bir daha birinci xanımı salamlayır və ABŞ-Azərbaycan Ticarət Palatasına göstərdiyi dəstəyə görə həyat yoldaşınıza minnətdarlığımızı çatdırmağı xahiş edirik.
Mən bu axşam sponsorlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. Sponsonlar aşağıdakı şirkətlərdir: AtaHoldinq, Azərbaycan Beynəlxalq Bankı, bp, Şevron, Azercell, "J and İ", KonokoFilips, Grand Hotel Europe və CİSCO. Bu tədbirin keçirilməsində əməyi olmuş hər bir şəxsə minnətdarlığımı bildirirəm.
İndi isə hamınızdan ayağa qalxmağı xahiş edirəm. Mən Azərbaycanın birinci xanımının şərəfinə badə qaldırmaq istəyirəm. Hörmətli xanım, bizimlə bir yerdə olduğunuza görə bir daha minnətdarıq. Ölkələrimiz arasında yaxşı anlaşmanın və mədəni əlaqələrin, ümumiyyətlə, ikitərəfli münasibətlərin təşviq olunmasında sizə təşəkkürümüzü bildiririk. Badələrimizi sizin sağlığınıza qaldırırıq.
Bu axşam, mən böyük məmnuniyyətlə əsas natiqlərdən birini təqdim etməkdən məmnunam. Senator Riçard Luqar ABŞ Senatının ən qocaman üzvlərindən biridir. O, ilk dəfə 1976-cı ildə seçilmişdir. Senator Luqar əvvəllər Senatın kənd təsərrüfatı komitəsinə sədrlik etmişdir, son dörd il ərzində isə beynəlxalq əlaqələr komitəsinin sədridir.
1991-ci ildə senator Luqar Senatın digər üzvü Sem Nan ilə keçmiş Sovet İttifaqı ölkələrində nüvə başlıqlarının və kütləvi qırğın silahlarının ləğv edilməsi ilə bağlı Nan-Luqar proqramını yaratmışdır. İndiyədək həmin proqram çərçivəsində ən azı 6800 nüvə başlığı ləğv olunmuşdur. 2005-ci ilin avqust ayında senator Luqar senator Obama ilə Azərbaycana səfər etmiş və Nan-Luqar proqramını müzakirə etmişlər. Həmin vaxt, o, demokratiya və qanunun aliliyini təşviq etmək məqsədi ilə Prezident Əliyevlə görüşmüşdür. ABŞ-ın Azərbaycana təyin olunmuş yeni səfiri xanım Ann Dersin təsdiqlənməsi ilə bağlı dinləmələr zamanı senator Luqar ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsini vurğulamış və Azərbaycan hökumətinin terrorçuluğa qarşı mübarizəyə sadiqliyini alqışlamışdır. O, ölkədə iqtisadi inkişafın təşviq olunmasında zəruri hesab edilən etibarlı infrastrukturun, - xüsusən də kənd təsərrüfatı sahəsində, - yaradılmasının vacibliyini bildirmişdir.
Mən əvvəldə dedim ki, senator Luqar kənd təsərrüfatı komitəsinə sədrlik etmişdir. Zənnimcə, burada əyləşənlərin bir çoxuna məlumdur, senator Luqar dörd senatordan biridir ki, "Azadlığın Dəstəklənməsi Aktı"na 907-ci düzəlişin qəbul edilməsinə qarşı çıxmışdır. Bu yaxınlarda senator Luqar altıncı dəfə Senata seçilmişdir. Beləliklə, biz gələn altı il ərzində onun ölkəyə xidmətinin davamını görəcəyik. Senator Luqar, buyurun.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Riçard Luqarın çıxışı
- Azərbaycanın hörmətli birinci xanımı!
Hörmətli nümayəndə heyəti və millət vəkilləri!
ABŞ Konqresinin üzvləri!
Xanımlar və cənablar!
Bu gün dostluq, irəliləyiş və ideallarımızın əldə olunmasını qeyd etmək, eləcə də Azərbaycan və Birləşmiş Ştatların vətəndaşlarının yaşadığı böyük nailiyyətlərlə dolu həyat haqqında birgə düşünmək məqsədi ilə sözün əsil mənasında, çox önəmli bir fürsətdir.
Mən Azərbaycan vətəndaşlarının qonaqpərvərliyinə, keçmiş Prezidentin və hazırkı Prezidentin mənim ünvanıma söylədikləri sözlərə hər zaman minnətdarlıqla yanaşmışam. 1990-cı illərin ortalarında Azərbaycana etdiyim ilk səfərlər on il sonra baş verəcək inkişafla bağlı məndə gələcəyə ümid yaratmışdı. Lakin bu ümid uzaq görünən perspektivdə idi. Burada Ceyms Beykerin dediyi kimi, mən və senator Obama 2005-ci ildə Azərbaycanda "Britiş Petroleum" şirkətinin platformasında dayanaraq Bakı buxtasının gözəlliyini seyr etmək imkanı əldə etdik və səkkiz yüz mil məsafə keçən boru kəməri ilə neftin uzaq bazarlara çıxarıldığını gördük. Bu səfər Azərbaycanın nəinki gözəçarpan inkişafını müşahidə etmək, həm də ölkəmizin və bütün dünyanın enerji təhlükəsizliyi haqqında konstruktiv şəkildə düşünmək imkanını yaratdı. 8 milyonluq əhalisi olan və gələn illər ərzində daha böyük inkişafa nail olacaq, eləcə də bir çox vətəndaşlarının rifahı naminə böyük işlər görəcək ölkənin gələcək taleyi haqqında fikir mübadiləsi aparmaq bizim üçün önəmli idi.
Mən bütün bunları ona görə xatırladıram ki, bizim Prezident Əliyevlə keçirdiyimiz ilk görüşümüz zamanı o, vacib bəyanatla çıxış etdi. O, bizim gələcəkdə neftdən əldə olunacaq yeni gəlirlərin və təbii qazın satışından qazanılacaq vəsaitlərin hansı şəkildə istifadə olunacağı ilə bağlı suallarımızı cavablandırdı. Prezident Əliyev Norveç modelini misal gətirdi. Azərbaycanın zəngin təbii yataqlarından əldə olunan gəlirlərin düşünülmüş formada, belə bir xüsusi məkanda dünyaya göz açacaq nəsillərin gələcəyi üçün sərf edilməsinə sadiqlik vurğulandı. Mən bu sözləri çox ciddi qəbul etdim. O, bunları məndən də ciddi şəkildə vurğuladı. 2005-ci ilin sentyabr ayında keçirdiyimiz görüş zamanı Prezident geniş və böyük planları barədə olduqca düşünülmüş formada danışdı. Biz ölkənin səhiyyə xidmətləri, uşaqlara təhsilin təmin edilməsi, infrastrukturun qurulması, malların daşınması və insanların ölkə daxilində hərəkəti üçün yolların çəkilməsi kimi əsas xidmət sahələri haqqında söhbət etdik. Biz vətəndaşların ölkənin həyatında iştirakı barədə danışdıq. Təhsil imkanlarını da müzakirə etdik. Azərbaycan tələbələrinin Birləşmiş Ştatlara, habelə dünyanın digər ölkələrinə təhsil almaq, yeni fürsətlər əldə etmək, onları həvəsləndirmək və təhsillərini bitirdikdən sonra ölkənin xalqına xidmət göstərmələri məqsədi ilə Azərbaycana qayıtmaq üçün səfərlərini mümkün edəcək tələbə təqaüdlərinin verilməsi ilə bağlı çox gözəl fikir bəyənildi.
Bakı şəhərinin özündə gözəçarpan təkmilləşdirmə işləri ilə bağlı hərtərəfli planı müzakirə edən Prezidentin bu barədə söylədiyi fikirlərini eşitməkdən məmnun olduq. Həmin vaxt mən dedim ki, ölkənizə etdiyim ilk səfərim zamanı ötən əsrdən qalan neft biznesinin qalıqlarını gördüm və bu qalıqların təqribən üç milyon insanın yaşadığı şəhərin mərkəzi yerlərində və kənarda, bəzi hallarda neft ilə qarışıq su, digər tullantılar formasında olduğunu bildirdim. Bunun, sözün əsl mənasında, ekoloji bir faciə olduğunu söylədim. Prezident bu sözlə razılaşdı və dedi ki, bu məsələ onu daim düşündürür və onun gündəliyində durur. Mən bunu ona görə xatırladıram ki, eyni məsələni Bakı və Prezidentin planları barədə lazımi şəkildə xəbəri olan beynəlxalq neft şirkətlərinin rəhbərləri və digər biznes dairələri ilə də müzakirə etmişəm. Lakin, səmimi desək, onlar heç bilmirdilər ki, Prezidentin ətraf mühit və sağlamlıq şəraitinin kəskin şəkildə dəyişdirilməsi ilə bağlı planları bu dərəcədə geniş və əhatəlidir. Bu planlarda tarixən qalmış tullantıların təmizlənməsi ilə yanaşı, yeni çirklənmənin qarşısının alınması da nəzərdə tutulur.
Mən Azərbaycan Prezidentinin böyük arzu və maraqla Birləşmiş Ştatlara səfər etdiyini müşahidə etdim. O, buraya yaxşı xəbərlərlə gəlmişdi. Prezident Əliyev, eyni zamanda, öz amerikalı dostları ilə geniş söhbət aparmaq üçün səfər etmişdi. O, bizə ölkənin təhlükəsizliyi barədə danışdı. Azərbaycan dünyanın çətin və təhdid dolu coğrafi məkanında yerləşir. Burada nəhəng təbii sərvətlər və resurslar var.
Mən 2005-ci ildə "Britiş Petroleum" şirkətinin vertolyotu ilə dənizdə qazma əməliyyatları aparılan neft platformasına gəldim və oradakı vəziyyəti öyrəndim. Aparılan qazma işlərinin texniki tərəfini, digər qazma qurğularını öyrənməyə, eləcə də neft və qaz ehtiyatlarını dənizin dibində aşkar edən "geoloji şəkillərin çıxarılması" adlanan texnologiya ilə tanış olmağa və təbii qazı çıxaran paralel boruları görməyə çalışdım. Bu ölkənin təbii qazı Tbilisiyə, Gürcüstana və sonra isə Türkiyəyə çatdırılacaqdır. Bu məqsədlə görüləcək təhlükəsizlik tədbirləri barədə eşitdim. Türkiyə tərəfinin bu məsələyə münasibətini öyrəndim və anladım ki, bütün bu işlər həmin üç ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Mən Qazaxıstana səfər etdiyim zaman boru kəmərinin Xəzər dənizinin dibi ilə çəkilməsinin və Bakı ilə birləşdirilməsinin vacibliyini söylədim. Hesab etdim ki, belə olan halda, Bakı-Tbilisi-Ceyhan boru kəməri həm Qazaxıstana, həm də Azərbaycan, Gürcüstan və Türkiyəyə əlavə təhlükəsizliyi təmin edəcəkdir. Bu, Avropaya da aiddir. Bütün bunlar bu axşam toplaşdığımız mərasimdə xatirimə gələn fikirlərdir. Çünki biz nəinki olduqca mühüm yeni fürsət və imkanları, habelə inkişaf edən ölkənin Prezidentinin, onun parlamentinin bütün dünya və öz vətəndaşları naminə vacib planlarını qeyd edirik.
Prezident Əliyevin dediyi kimi, Azərbaycanda bir il ərzində ümumi daxili məhsulun real artımı 34 faizdən çox olmuşdur. Təbii ki, bu rəqəm ölkənizin əldə edəcəyi son nəticə demək deyildir. Yalnız bir neçə ölkə belə artıma nail ola bilmişdir. Bir çoxları bu cür səviyyəni heç vaxt əldə etməmişlər. Adətən, 8, 9 və ya 10 faiz real artıma nail olmuş ölkələr bu baxımdan xüsusi misal kimi göstərilir. Dövləti idarə etmək qabiliyyəti və bacarığı olmayan halda, bütün bunlar uzun çəkmir.
Mən demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində azərbaycanlıların göstərdiyi səyləri alqışlayıram. Bu, beynəlxalq ictimaiyyət arasında müzakirə mövzusu olmuşdur. 2005-ci ildə senator Obama ilə səfərim zamanı biz seçki proseslərini, namizədlərin qeydiyyata alınmasını izlədik. Biz yüzlərlə insanın arzu və istəklərini öyrənməyə çalışdıq. Mən seçki haqqında bir neçə söz söyləmək istəyirəm. Azərbaycana gəldikdə, bu, istənilən sürətlə irəliyə doğru addımlar atmaq baxımından asan bir proses deyildir. Keçmişdə səhvlər və çətinliklər də olmuşdur. Vaşinqtona səfər edən Prezident Əliyev onların əksər hissəsini qəbul etmiş və səhvlərin aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə məlumat vermişdir.
Mən bütün bunları ona görə deyirəm ki, demokratik təsisatların inkişaf etdirilməsi ölkənin tərəqqisi və resurslardan müdrik şəkildə istifadə üçün çox vacibdir. Bu mövzu burada, Vaşinqtonda diqqət mərkəzində olaraq qalır. Eyni zamanda, nəhəng enerji resursları və inkişaf məsələləri apardığımız danışıqların vacib tərəfini təşkil edir. Lakin bu gün həmçinin o faktı da qeyd edirik, hər iki ölkədə biz xalqın, hər bir vətəndaşın arzuları və imkanları haqqında çox səmərəli şəkildə düşünürük. Tələbə təqaüdləri, biznes və ticarət əlaqələri, musiqi və incəsənət sahəsində əməkdaşlığa dair təcrübəmizlə bölüşməliyik.
Mən Azərbaycana və xüsusən də, iki ölkə arasındakı dostluğa olan marağımı sadəcə ifadə etmək üçün yaradılmış bu fürsətə görə minnətdaram. Çox sağ olun.
Ceyms BEYKER: Senator Luqar, çox sağ olun.
Xanımlar və cənablar, indi isə mən ABŞ-Azərbaycan Ticarət Palatasının "Azadlığın dəstəklənməsi" mükafatını senator Luqara təqdim etməkdən məmnunluğumu bildirmək istəyirəm. ABŞ-Azərbaycan Ticarət Palatasının "Azadlığın dəstəklənməsi" mükafatı Azərbaycanda müstəqilliyə, sülhə, demokratiyaya, şəxsi azadlıqlara və iqtisadi inkişafa böyük töhfə vermiş şəxslərə verilir. Bu sahəyə töhfəsinə görə bu axşam həmin mükafatın senator Luqara təqdim edilməsindən olduqca məmnunam.
Riçard LUQAR: Mən, adətən, mükafat qəbul edəndə dediyim sözlər qısa olur. Sadəcə, ən səmimi minnətdarlığımı və xoş sözlərimi bildirmək istəyirəm. Mən badəni ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə qaldırır, sizə qarşıdakı uzun illər ərzində bir çox xoş arzularımı çatdırıram. Sağ olun.
Ceyms BEYKER: İndi isə mən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı təqdim etmək istəyirəm. O, qısa nitqlə çıxış edəcək və sonra isə ona mükafatın verilməsi mərasimi olacaqdır.
Xanım Əliyeva mədəniyyətlə maraqlanır və mərhəmətli fəaliyyətlə məşğuldur. 1988-ci ildən 1992-ci ilə qədər o, Moskvanın Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyibdir. 1995-ci ildə xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır və hazırda ona rəhbərlik edir. 1996-cı ildə o, Azərbaycan, ingilis və rus dillərində çıxan "Azərbaycan-İrs" adlı mədəniyyət-tarix jurnalı təsis etmiş və həmin jurnalın baş redaktoru olmuşdur. 2002-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. Onun bu sahədə apardığı fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyasının 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatını Azərbaycanda keçirmək qərarı ilə nəticələnmişdir.
Eyni zamanda, o, 2004-cü ildə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir. Elə həmin ildə şifahi və musiqi ənənələrinin təşviq olunması üzrə YUNESKO-nun xoşməramlı səfiri təyin edilmişdir. Həmin ilin sonunda Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, öz xeyriyyə işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq fondunun Yaqut Xaç ordenini almış ilk qadındır. Eyni zamanda, 2004-cü ildə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir. Millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, bir çox xeyriyyə və mədəniyyət təşkilatlarının sədri kimi onun, demək olar ki, heç boş vaxtı qalmır. Lakin bütün bu işlərdən əlavə, onun ən vacib işi 1983-cü ildən etibarən başlamışdır. Həmin vaxtdan o, öz həyat yoldaşı, indiki Prezident Əliyev ilə ailə qurmuşdur. İndi isə mən məmnuniyyət hissi ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təqdim edirəm.
Azərbaycanın Respublikasının birinci xanımı Mehriban Əliyevanın çıxışı
- Hörmətli xanımlar və cənablar!
Hörmətli dostlar!
Mən Sizin hamınızı bu axşam görməkdən şadam. Birləşmiş Ştatlarda yenidən olmağımdan çox məmnunam. Birləşmiş Ştatlarda olduğum zaman mənə olduqca xoş qonaqpərvərlik göstərilmişdir və mən həmin qonaqpərvərliyə görə bütün dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm.
Mən bu tədbiri təşkil etdiyinə görə ABŞ-Azərbaycan Ticarət Palatasına xüsusi təşəkkürümü ifadə etmək istəyirəm. 1995-ci ildə yarandığı vaxtdan etibarən Ticarət Palatası ölkələrimiz arasında tərəfdaşlığın inkişafına yardım etmiş və Azərbaycanın Birləşmiş Ştatlarda daha yaxşı tanınmasını təşviq etmişdir.
Uzun illər ərzində Palata bir çox tədbirlərə sponsorluq etmiş və saysız-hesabsız sərgilərin, konfransların və humanitar layihələrin təşəbbüskarı olmuşdur. Onun Harvard Universitetində Xəzər Araşdırmaları proqramı kimi təhsil layihələri gənc Azərbaycan peşəkarları və tələbələri üçün yeni üfüqlər açmışdır. Bütün bu uğurlu işlər barədə məlumatım var və Palatanın nailiyyətlərini alqışlayıram.
Hörmətli dostlar, dövlətlərimiz arasında bu cür güclü əlaqələrin qurulması təqdirəlayiq haldır. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf etmişdir. Amerika Birləşmiş Ştatları enerji layihələrimizdə bizim böyük tərəfdaşımızdır. Biz bir çox çətinliklərlə üzləşmişdik, lakin dünyada ən böyük enerji layihəsi hesab edilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsinə birgə nail olduq.
Azərbaycan antiterror koalisiyasının üzvüdür və əsgərlərimiz amerikalı həmkarları ilə çiyin-çiyinə sülhün bərqərar olması naminə İraq, Əfqanıstan və Kosovoda qulluq edirlər. Biz eyni zamanda siyasi islahatlar, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində də Birləşmiş Ştatlarla əməkdaşlıq edirik. ABŞ Konqresinin çox sayda nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Həmin səfərlər ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynamışdır.
Böyük dövlət xadimi və Azərbaycanın səmimi dostu senator Luqarın bu yaxınlarda Bakıya səfəri əlaqələrimizin genişləndirilməsində atılmış mühüm addım oldu.
Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi hesab edirəm ki, əlaqələrimizin daha da sıxlaşdırılması böyük əhəmiyyət kəsb edir və əminəm ki, mənim parlament üzvləri ilə birgə Vaşinqtona səfərim həmin məqsədə xidmət edəcəkdir.
Bu gün Azərbaycan öz inkişafının mühüm mərhələsindədir. İqtisadiyyatımız sürətlə artır. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı 2005-ci ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi qiymətləndirilmişdir və biz 2006-cı ildə də bu göstəricinin qorunub saxlanılmasına çalışacağıq.
Ölkəmizin müxtəlif regionları inkişaf etməkdədir. Son üç il ərzində 500 min yeni iş yeri açılmışdır. Mən Prezidentlə birgə ölkənin bir çox yerlərinə səfər edirəm və bütün bu dəyişiklikləri görməkdən çox məmnunam və fərəh hissi keçirirəm. Yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman mərkəzləri inşa edilməkdədir. Yeni sənaye və kənd təsərrüfatı müəssisələri açılmaqdadır. Yeni yollar çəkilir.
Bu gün biz gənclərimizin təhsilinə xüsusi diqqət yetiririk. Son üç il ərzində 735 orta məktəb binası tikilmişdir. Ötən ay Azərbaycan Prezidenti gənc istedadlı azərbaycanlıların xaricdə təhsil alması üçün tələbə təqaüdlərinin artırılması ilə bağlı Dövlət proqramı haqqında fərman imzalamışdır. Bu, hökumətin neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna sərf edilməsi strategiyasının bir hissəsidir. Hesab edirəm ki, təhsilimizə, gələcəyimizə və yeni nəsillərə sərmayə qoymaq ən münasib sərmayə formasıdır.
Ümid edirəm ki, tələbələrin böyük hissəsi təhsil üçün Amerikaya gələcəkdir. Təhsilin dəstəklənməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas prioritetlərdən biridir. Heydər Əliyev Fondu mədəniyyət, səhiyyə, təhsil və elm sahələrində layihələri dəstəkləmək məqsədi ilə 2004-cü ilin may ayında yaradılmışdır.
Son illər ərzində Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Talassemiyasız həyat", "Diabetli uşaqlara ən yüksək qayğı", "Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi" kimi layihələri həyata keçirmişdir. Təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı proqramlarımız çərçivəsində 200-dən çox məktəb tikilmiş, lazımi avadanlıqla təchiz olunmuş və kompüterləşdirilmişdir. Həmin məktəblərdən bir neçəsi ən ucqar kəndlərdə yerləşir.
Fəaliyyətimizin xüsusi bir hissəsi uşaq evlərində yaşayan uşaqların qayğısına qalmaqdan ibarət olmuşdur. Onların yaşadığı yerlər müasirləşdirilmiş, kompüterlərlə təchiz olunmuşdur və orada kitabxanalar yaradılmışdır. Biz ailəsiz qalmış uşaqlara yardım göstərmək üçün YUNİSEF ilə birgə çalışırıq. Səhiyyə sahəsinə gəldikdə isə, Heydər Əliyev Fondu tibbi xidmətə ehtiyacı olan 2500-dən çox insana kömək etmişdir. Diabet və qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərmək məqsədi ilə xüsusi proqram həyata keçirilir. Biz görmə problemləri olan şəxslər üçün xüsusi təhsil mərkəzinin tikilməsindən ötrü BMT-nin İnkişaf Proqramı ilə birgə layihəni həyata keçiririk.
Fondumuz milli mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Bir çox tarixi və mədəniyyət abidələri Fondun fəaliyyəti sayəsində bərpa olunmuşdur. Bildiyiniz kimi, muğam Azərbaycanın qədim folklor musiqisidir və bu məqsədlə biz Fondun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikirik. Tarixi və mədəniyyət abidələrinin qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri və dini abidələr işğalçı qüvvələr tərəfindən məhv edilmişdir. Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və onların müəyyən hissəsi hələ də çadır düşərgələrində yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda səylərimizi davam etdiririk.
Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətini genişləndirir. Son illər ərzində biz YUNESKO, Vaşinqton Elmlər Akademiyası, Latın Mədəniyyəti Akademiyası ilə birgə bir neçə beynəlxalq konfranslar təşkil etmişik. Bir çox ölkələrin, o cümlədən Birləşmiş Ştatların tanınmış alimləri həmin tədbirlərdə iştirak etmişlər. Bizim çox faydalı müzakirələrimiz oldu. Ümid edirəm ki, biz birgə layihələri davam etdirəcəyik. Bir sözlə, fondumuz beynəlxalq təşkilatlar və fondlar ilə əməkdaşlıq etmək arzusundadır və buna hazırdır.
Hörmətli dostlar, Azərbaycan olduqca zəngin mədəni irsə və ənənələrə malik olan qədim diyardır. Uzun əsrlər boyu ölkəmiz Qərblə Şərq arasında körpü olmuşdur. Biz öz müxtəlifliyimizdən fərəhlənirik. Bu gün bizim çoxmilli və çoxdinli cəmiyyətimiz var və burada müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri yan-yana, anlaşma şəraitində bir ailədəki kimi yaşayırlar. Biz dözümlülük, ləyaqət, digər mədəniyyətlərə hörmət, ailəyə sadiqlik, uşaq və yaşlılara qayğı kimi dəyərlərimizi vacib hesab edirik. Bütün bu dəyərlər həmçinin Amerikanın da dəyərləridir. Ona görə də hesab edirəm ki, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq bizim ümumi uğurumuz üçün olduqca vacibdir. Dialoq vasitəsilə biz bir çox işlər görə və bir-birimizi daha yaxşı başa düşə bilərik və nəhayət, uzun müddətli əlaqələrimizi qura bilərik.
Sonda, mən göstərilmiş qonaqpərvərliyə və sizinlə görüşmək imkanının yaradılmasına görə ABŞ-Azərbaycan Ticarət Palatasına bir daha öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sizin hamınız, Azərbaycanın dostları Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin möhkəmləndirilməsində səylərinizi davam etdirəcəksiniz. Bir daha sağ olun. Mən sizə və ailələrinizə ən xoş arzularımızı çatdırıram.
Diqqətinizə görə minnətdaram.
(Azərbaycanın birinci xanımının çıxışı diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
* * *
Ceyms BEYKER: Xanım Əliyeva, sağ olun.
İndi isə, mən məmnuniyyətlə birinci xanıma Palatanın "2006-cı ilin Xoşməramlı səfiri" mükafatını təqdim etmək istəyirəm. Biz bu mükafatı dövri olaraq veririk və ötən dəfə bu mükafat artıq təqdim edilmişdir. Mükafatın verilməsi Birləşmiş Ştatlar ilə Azərbaycan arasında xoş məramın təşviq olunmasına dəlalət edir. Təbii ki, birinci xanım mədəniyyət, təhsil, xeyriyyəçilik sahəsində işlərinə görə bu mükafatla təltif olunur. Mən digər həmsədrlə birgə "Xoşməramlı səfir" mükafatını xanım Əliyevaya məmnuniyyətlə təqdim etmək istəyirəm.
Mehriban ƏLİYEVA: Bu cür yüksək mükafata görə minnətdaram. Mən Azərbaycanın zəngin mədəni irsi haqqında danışdım. Bu gün axşam bizim gənc və istedadlı azərbaycanlıların səhnədə çıxışlarını dinləmək imkanımız olacaqdır. Əminəm ki, siz bundan həzz alacaqsınız. Sağ olun.
Azərbaycan.- 2006.- 12 dekabr.- № 278.- S. 5.