Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri Şərq ilə Qərb arasında körpüdür


Humanist, xeyriyyəçi layihələrilə dünya miqyasında tanınan və birmənalı olaraq belə aksiyaların təşəbbüskarı kimi nüfuz qazanan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti, genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə əks-səda doğurub. Müasir dövrümüzdə Heydər Əliyev Fondu nəinki Azərbaycanın, eləcə də ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirləri sırasındadır. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir.

Xristian aləminin abidəsinə müsəlman dünyasinin töhfəsi

Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi katakombaların bərpasına dair ikitərəfli Sazişin imzalanması da elə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sırasında böyük əhəmiyyətə malikdir. İmzalanan sənəd dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsidir. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və Lavikano küçəsində yerləşir. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirib.

Heydər Əliyev Fondunun Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.

Çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrinə sadiqdir

Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Hələ 2002-ci ildə ölkəmizdə səfərdə olan Roma Papası II İohann Pavel Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırmışdır. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz Azərbaycanda keçirilir. Paytaxtımızın ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlər - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq Humanitar Forumu, İslam Əməkdaşlıq Konfransı və s. bu sahədə atılan mühüm addımlar kimi qiymətləndirilir.

Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri, layihələri Şərq ilə Qərb dünyası arasında ən böyük vasitəçi, körpüdür.


Nəzakət Ələddinqızı

Səs.- 2015.- 16 dekabr.- № 235.- S. 3.