“Xoşməramlı səfir”
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr edilmiş kitab belə adlanır.
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi, respublika təhsil nazirinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor İradə Hüseynova açmışdır.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, YAP-ın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputat, professor Nizami Cəfərov, Respublika Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Zəhra Quliyeva, Prezidentin İcra Aparatının bölmə müdiri Qafar Əliyev və başqaları çıxış edərək YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının ardıcıl təbliği sahəsində göstərdiyi mühüm xidmətlərindən bəhs etmişlər. Onlar Mehriban xanımın şəxsi təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı sosial, mədəniyyət, səhiyyə layihələrindən, bu gün ölkəmizin bütün guşələrində geniş vüsət alan "Yeniləşən Azərbaycana - yeni məktəb" Proqramı çərçivəsində 132 təhsil ocağının tikilməsindən, "Uşaq evləri və internat məktəblərinin inkişafı" "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı", "Talassemiyasız həyat naminə", "Muğam dəstgahları", "Diabetli uşaqlara ən yüksək qayğı" və digər proqramların əhəmiyyətindən ətraflı danışmışlar. Kitabdakı materiallarda bütün bunlar barədə əhatəli məlumat verildiyi vurğulanmışdır.
Xalq musiqimizin misilsiz sərvəti olan muğamlarımızın dünyada təbliğində, milli-mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsində, olimpiya idman hərəkatının genişlənməsində Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Gimnastika Federasiyasının rəhbəri kimi Mehriban xanımın məqsədyönlü fəaliyyətinin respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, belə səmərəli fəaliyyət Mehriban xanıma cəmiyyətdə nüfuz qazandırmışdır.
Xeyirxahlıq, humanizm, mərhəmət, sadəlik və insanpərvərlik prinsipləri vəhdətini özündə cəmləşdirən və həmin amilləri həmişə uca tutan Mehriban xanımın bu yaxınlarda keçirilmiş sorğuda "İlin qadını" seçilməsi də təsadüfi deyildir. O, bu ada əsl vətənpərvər kimi layiq görülmüşdür.
Respublikamızın 100-ə yaxın qadın təşkilatı Azərbaycan qadınına xas yüksək əxlaqi keyfiyyətləri özündə cəmləşdirən, geniş xeyriyyəçilik fəaliyyətini gündən-günə genişləndirən Mehriban xanımı özlərinin vahid lideri seçmişlər.
Kitabdakı materiallara istinad edən natiqlər onu da vurğulamışlar ki, Mehriban xanım ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyalarının, siyasi xəttinin ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə respublikamızın regionlarına səfərlər edərkən insanların qayğı və problemləri ilə maraqlanır, onların həllinə kömək edir.
Bəli, Mehriban xanım Əliyevanın çox qısa müddətdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərin sayı-hesabı yoxdur. Xeyirxahlığı özünün borcu, amalı sayan bu nəcib insan şəxsi nümunəsi ilə cəmiyyətimizin diqqətini çox mühüm bir məsələyə - uşaq evlərində, internat məktəblərində tərbiyə alan gənclərin problemlərinin həllinə yönəltməyə çalışır. Bu istiqamətdə çox işlər görülmüşdür. Neçə-neçə internat məktəbləri, uşaq evləri təmir edilmiş, lazımi avadanlıqla təmin olunmuşdur. İndi hamıya bəllidir ki, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qədəmi hara dəyirsə, orada bir yenilik, inkişaf olur. Məsələn, Mehriban xanım Əliyevanın baş çəkdiyi Şüvəlan qəsəbəsindəki zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün respublika xüsusi internat məktəbində, beyin iflici qalığı olan uşaqlar üçün 16 saylı, yetim və valideyn himayəsindən məhrum olmuş əqli cəhətdən qüsurlu uşaqlar üçün 1 saylı yardımçı internat məktəblərində, "Şirnal" DRES yaşayış sahəsindəki A. S. Makarov adına humanitar təmayüllü, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbində, Nəsimi rayonundakı əqli cəhətdən qüsurlu uşaqlar üçün 11 saylı yardımçı məktəbdə, Nizami rayonundakı kar uşaqlar üçün 1 saylı respublika internat məktəbində və bir çox başqa xüsusi təyinatlı uşaq evlərində, internatlarda zəruri təmir işləri görülmüş, onlar lazımi avadanlıqla təchiz olunmuşdur.
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməkliyi ilə respublikamızda, o cümlədən də paytaxtımızda yeni məktəb tikintisi, mövcud təhsil ocaqlarında təmir işləri vüsət almışdır. El üçün, milli dəyərlərimiz üçün görülən işlər həmişə yüksək qiymətləndirilir. Azərbaycan qadınına xas ən ali insani xüsusiyyətləri, dəyərli keyfiyyətləri özündə cəmləşdirən Mehriban xanım Əliyevanın xeyirxahlığı, xalqımız, gələcək nəsillərimiz üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər kimi. Cəmiyyətimizin bütün zümrələrindən olan insanlar Mehriban xanım Əliyevanın fəaliyyətini ürəkdən bəyənir, ona öz minnətdarlıqlarını bildirirlər.
Yüksək mədəniyyəti, sadəliyi YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanıma xarici ölkələrdə də nüfuz gətirmişdir. Bu fikir çıxışlarda dönə-dönə səsləndi. Natiqlər həmişə xeyirxahlığı, mərhəməti, milli vətənpərvərliyi özünə həyat devizi seçən YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma ölkəmizin, xalqımızın taleyüklü problemlərinin həllinə göstərdiyi sanballı köməyə görə minnətdarlıq etmiş, doğma Azərbaycanımızın çiçəklənməsi naminə ona daha böyük uğurlar arzulamışlar.
Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, respublikamızın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri mərasimdə iştirak etmişlər.
Ənvər Məşədiyev
Bakı.- 2005.- 5-10 avqust.- № 4.- S. 3.