Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

İsveçrə prezidentinin xanımı Brigit Kuşpen Azərbaycan xalçaçılıq sənəti ilə tanış olmuşdur


AzərTAc xəbər verir ki, İsveçrə Konfederasiyası Prezidentinin xanımı Brigit Kuşpen və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 12-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşlar.

Hörmətli qonaqları burada səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

İsveçrə Prezidentinin xanımına məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir. Xalı və xalçalarımız indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. “Azərilmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən sərgilərdə xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür. Müəssisədə Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur.

Dövlət başçılarının xanımları boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər. Xanım Brigit Kuşpen toxunmaqda olan xalıya bir neçə ilmə də vurdu.

2007-ci ilin sentyabrında toxunuşuna başlanılan “Şeyx Səfi” xalçası xüsusi maraq doğurdu. Əsli Londonda saxlanılan və Təbriz xalçaçılıq məktəbinə aid olan “Şeyx Səfi” xalçasının sahəsi 37 kvadratmetr, ilmələrin sayı isə 9 milyon 250 min olacaqdır.

İsveçrəli qonaq Mehriban xanımın təşəbbüsü ilə yaradılmış qədim xalçaların nümayiş olunduğu “Sehrli naxışlar” qalereyasına da baxdı. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir.

İsveçrə Prezidentinin xanımı Azərbaycan xalçalarının gözəlliyinə heyran olduğunu, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasının məmnunluq doğurduğunu bildirdi. O, Azərbaycan xalça sənətinin hamisi Mehriban xanım Əliyevanı təbrik etdi.

Xanım Brigit Kuşpenə gözəl kompozisiyalı xalça və Şəki kəlağayısı hədiyyə olundu.


AzərTAc
2008, 12 may