Çap etmək   ⁞     ⁞   UNESCO

Bakıda “Muğam aləmi” Beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilmişdir


Martın 20-də Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” Beynəlxalq festivalının rəsmi açılış mərasimi olmuşdur.Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir.

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondu festivala dəstək verir. Beynəlxalq festivalın prezidenti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

Martın 25-dək davam edəcək “Muğam aləmi” festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunur. Festival çərçivəsində elmi simpozium keçirilmişdir. Bundan başqa, muğam ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, müxtəlif konsertlər də təşkil ediləcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru Koişiro Matsuura və digər qonaqlar mərkəzdə təşkil edilmiş qədim musiqi alətləri sərgisi ilə də tanış oldular. Burada Beynəlxalq muğam festivalında iştirak edən ölkələrin musiqi alətləri nümayiş etdirilir ki, bu da həmin ölkələrin mədəniyyəti, o cümlədən muğam sənəti barədə geniş təsəvvür yaratmağa imkan verir.

Sonra festivalın rəsmi açılış mərasimi oldu. Salona toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin cıxışı

- Hörmətli xanımlar və cənablar!

- Əziz dostlar!

İlk növbədə mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və cansağlığı arzulayıram.

Bu gözəl bayram günündə biz Azərbaycanda muğam festivalının açılışında bərabər iştirak edirik. Çox əlamətdar hadisədir, demək olar ki, Azərbaycanda bu günlərdə muğam həftəsi yaşanır. İki gün bundan əvvəl muğam üzrə elmi simpozium öz işinə başlamışdır, bu gün muğam festivalının açılışıdır. Eyni zamanda, Azərbaycanda Beynəlxalq muğam müsabiqəsi də keçiriləcəkdir. Müxtəlif ölkələrdən çoxsaylı qonaqları səmimiyyətlə salamlayıram və əminəm ki, həm elmi simpoziumda, həm də müsabiqədə, festivalda bizim qonaqlarımız öz istedadını, öz məharətini göstərəcəklər.

Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir. Bu, Muğam Mərkəzində keçirilən ilk beynəlxalq tədbirdir. Bu gözəl bina, bir tərəfdən, müasir standartlara tam cavab verir, digər tərəfdən, milli üslubda tikilibdir və əminəm ki, bundan sonra uzun illər ərzində Muğam Mərkəzi bütün muğamsevərləri sevindirəcək, sözün əsl mənasında, muğam evinə çevriləcək və belə gözəl tədbirlərin keçirilməsi Azərbaycanda gözəl ənənəyə çevriləcəkdir.

Eyni zamanda, bu festivalın və Azərbaycanda keçirilən muğam həftəsinin timsalında görürük ki, muğam insanları, xalqları birləşdirir. 17 ölkədən 150-dən çox qonaq bu tədbirlərdə fəal iştirak edəcəkdir. Muğam məhəbbət sənətidir, muğam dostluq sənətidir, qardaşlıq sənətidir. Ümid edirəm ki, bu günlərdə qoyulan bu gözəl yeni ənənə yaşayacaq və Azərbaycanda muğam festivallarının keçirilməsi ənənəyə çevriləcəkdir. Bu gözəl binanın tarixini siz yaxşı bilirsiniz, Muğam Mərkəzinin yaradılması ilə əlaqədar qərar veriləndə məhz şəhərin ən gözəl yeri seçilməliydi. Dənizkənarı bulvar Bakı şəhərinin ən gözəl yerlərindən biridir və məhz bu gözəl yerdə Muğam Mərkəzi tikilməliydi.

Bu gün bizimlə bərabər bu tədbirdə YUNESKO-nun baş direktoru cənab Matsuura iştirak edir. Qeyd etmək istəyirəm ki, məhz cənab Matsuuranın iştirakı ilə 2005-ci ildə bu gözəl binanın təməli qoyulmuşdur və mən o günü çox yaxşı xatırlayıram. O gözəl gündə bizim görkəmli incəsənət xadimlərimiz iştirak edirdi. Biz birlikdə təməl daşını qoyduq və indi bu gözəl tədbirdə iştirak edirik. Ondan sonra, 2008-ci ildə cənab Matsuura Bakıda olarkən tikinti ilə tanış oldu və yenə də biz birlikdə Muğam Mərkəzinin yanında yerləşəcək yeni, müasir Xalça Muzeyinin təməlini qoyduq və artıq tikinti başlanmışdır. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda dünyanın istənilən inkişaf etmiş şəhərinin əlavə yaraşığı ola biləcək müasir Xalça Muzeyi tikilib istifadəyə veriləcəkdir.

Bu gün biz bütün günü birlikdəyik. Cənab Matsuura Azərbaycanda əziz qonaqdır, Azərbaycanın böyük dostudur, YUNESKO ilə Azərbaycan arasında əlaqələrin inkişafında onun çox böyük rolu var. Bu gün biz Novruz bayramı şənliklərində bərabər iştirak etmişik. Onu da vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın mədəni həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. Azərbaycanda yeni, çox gözəl Müasir İncəsənət Muzeyi açılmışdır və o muzeydə bizim görkəmli rəssamlarımızın əsərləri nümayiş etdirilir. O əsərlər ki, onlar illərlə hansısa anbarlarda, yaxud da ki, evlərdə, yararsız yerlərdə saxlanılırdı. İndi bu əsərlərə yeni həyat verilib və Müasir İncəsənət Muzeyi də öz zövqlü tərtibatı ilə fərqlənir. Əminəm ki, müasir üslubda, dizaynda yaradılmış, eyni zamanda, böyük milli məna daşıyan muzey Bakı sakinlərinin diqqətini cəlb edəcəkdir.

Muğam Mərkəzi də eyni üslubdadır – müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə münasibət, milli köklərə bağlılıq. Əslində, bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir və çox aydındır. Biz köklü əsaslar üzərində - tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü, dünyəvi, qüdrətli Azərbaycan qururuq və bu işdə artıq böyük nailiyyətlərə çatmışıq. Azərbaycan inkişaf edir, Azərbaycan çiçəklənir, iqtisadi, siyasi islahatlarla yanaşı, mədəniyyətlə bağlı məsələlərə çox böyük diqqət göstərilir. İndiki böhranlı günlərdə mədəniyyət sahəsinə vəsaitin ayrılması və onun prioritet kimi dövlətin diqqət mərkəzində qalması çox şeyi deyir, çox şey ifadə edir. İlk növbədə, bizim öz mədəni irsimizə, zəngin mədəniyyətimizə, tariximizə, milli ənənələrimizə olan münasibəti göstərir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün ən önəmlisi, ən əzizi milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu dəyərlərin qorunub saxlanması üçün, gələcək nəsillərə etibar olunması və inkişaf etdirilməsi üçün, əlbəttə ki, öz potensialımızı biz hərtərəfli gücləndirməliyik. Güclü iqtisadiyyat, güclü sosial siyasət, zəngin tarixi irsimizə bağlılığımız və müasir dünyada ən yüksək standartlara çatmağımız - mən hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu fikirləri bölüşür. Əminəm ki, Azərbaycanın inkişafı bundan sonra da uğurla davam etdiriləcəkdir.

Əziz dostlar, əziz qonaqlar, mən sizi bu gözəl bayramlar münasibətilə bir daha təbrik etmək istəyirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sağ olun.

YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın çıxışı

-Hörmətli Azərbaycan Respublikasının Prezidenti!

Hörmətli birinci xanım!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, mən Novruz bayramı münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Novruz bayramınız mübarək!

Prezident Əliyev və birinci xanım Əliyeva ilə bərabər sizinlə birlikdə Beynəlxalq muğam festivalının açılış mərasimində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu açılış mərasimi Novruz bayramı ilə üst-üstə düşür. Buraya gələndə mənim xatirimdə əvvəlki səfərim yaşanır. Prezident Əliyev qeyd etdiyi kimi, mən buraya 2005-ci ildə səfər etdim. İndi burada vurğulandı, o vaxt biz Prezident Əliyev və birinci xanım Əliyeva ilə birlikdə Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etdik. Ondan sonra mən buraya bir daha səfər etdim, tikinti işləri ilə tanış oldum. O vaxt interyer işləri tamamlanmamışdı. İndi görürəm ki, işlərin hamısı başa çatdırılmışdır.

Azərbaycana səfərlərim zamanı mən bir daha şahid oldum ki, Prezident Əliyev və xanım Əliyeva qeyri-maddi mədəni irsin qorunmasına xüsusi diqqət yetirirlər. Azərbaycan xalqının mənəvi dəyərlərinin yaşanmasına böyük qayğı göstərirlər. Mən buna görə Prezident Əliyevə və birinci xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Mən dəfələrlə ölkənizə səfər etdikdə sizin zəngin mədəniyyətinizin şahidi olmuşam, burada musiqinizi dinləmişəm, rəqslərinizi görmüşəm. Bütün bunlar qeyri-maddi mədəni irsin tərkib hissələridir.

Hörmətli Prezident Əliyev!

Hörmətli xanım Əliyeva!

Hörmətli dostlar, xanımlar və cənablar!

2003-cü ildə Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin dəyəri kimi elan edilmiş və ümumi mədəni irs siyahısına salınmışdır. 2006-cı ildə YUNESKO qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanı qəbul etdikdən sonra bu sahədə ölkəniz bir çox səylər göstərmişdir. Bu tədbirlərin keçirilməsi bütün Azərbaycan xalqının iradəsini bir daha nümayiş etdirir. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması və gənc nəslə ötürülməsi və çatdırılmasında böyük, vacib işlər görülür. Bu gün açılışını etdiyimiz Beynəlxalq muğam festivalı gələcək illərdə də daim bizim ürəyimizdə yaşayacaqdır.

Xanımlar və cənablar!

Mən çox şadam ki, Azərbaycan özünün zəngin mədəni irsinin qorunması istiqamətində aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunduğu şah əsərlərin siyahısına daxil olunmasını təklif etmişdir. Mən bununla bağlı bildirmək istəyirəm ki, YUNESKO-nun qeyri-maddi mədəni irs Komitəsinin 2009-cu ilin sentyabrında Abu-Dabidə keçiriləcək iclasında bu təklifə baxılacaqdır. Ümidvaram ki, Azərbaycan bu sahədə uğura nail olacaqdır.

Azərbaycan eyni zamanda, Qırğızıstan, Pakistan, Türkiyə, Hindistan və Özbəkistan kimi Novruz bayramını qeyd edir. Bahar bayramı bu xalqların, ölkələrin mədəniyyətinin vacib bir hissəsi hesab olunur və bu bayram hazırda ekspertlər tərəfindən öyrənilməkdədir.

Xanımlar və cənablar!

YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyası bizim bu sahədə gördüyümüz işi özündə əks etdirir. Bildirmək istəyirəm ki, bu cür mühüm Konvensiya YUNESKO-ya üzv olan bir çox ölkələr tərəfindən ratifikasiya ediləndən sonra ölkələr arasında bu sahədə dialoqu daha da gücləndirəcək, qeyri-maddi mədəni irsin qorunmasında səyləri birləşdirəcək və sərhədləri siləcəkdir. Ona görə də beynəlxalq ictimaiyyət arzulayır ki, bu sahədə səylər birləşdirilsin və bütün ölkələr davamlı şəkildə birgə işləsinlər. Bütün bəşəri mədəni irsin qorunması, mədəniyyətin müxtəlifliyinin mühafizəsi üçün çalışsınlar. Bu baxımdan bizim təşkilat bu ölkələrin, o cümlədən sizin ölkənizin dəyərli səylərini alqışlayır və istəyir ki, nəinki gənc muğam istedadlarının, o cümlədən digər incəsənət nümayəndələrinin işinin, fəaliyyətinin daha da yaxşı şəkildə təşviq olunması üçün əlavə işlər görülsün. Bu baxımdan təşkilatımız öz yardımını göstərməyə hazırdır. Mən, eyni zamanda, bu

Mərkəzin yaradılmasında zəhməti olan bütün şəxslərə öz minnətdarlığımı bildirirəm. Sizi festivalın açılışı münasibətilə bir daha təbrik edirəm.

X X X

Sonra gənc muğam ifaçıları konsert proqramı ilə çıxış etdilər. Konsertin gedişində xalq şairi Bəxtiyar Vahabzadənin “Muğam” poemasından parçalar səsləndi.

X X X

Həmin gün “Muğam aləmi” Beynəlxalq festivalının rəsmi açılış mərasimində iştirak edən qonaqların şərəfinə ziyafət verildi.


Xalq qəzeti. - 2009.-21 mart. - № 64. - S. 3-4.