Heydər Əliyev Fondu Müqəddəs Məryəm Kilsəsinə ianə verib
Qənirə Paşayeva qurumun 40 min avro dəyərində bank qəbzini kilsənin yepiskopu Kristian Kratza təqdim edib
Heydər Əliyev Fondu Strasburqun kafedral kilsəsi olan Müqəddəs Məryəm Kilsəsinə ianə verib. APA-nın Avropa bürosunun məlumatına görə, bununla bağlı dünən kafedral kilsədə xüsusi mərasim keçirilib.
Heydər Əliyev Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva 40 min avro dəyərində bank qəbzini kilsənin yepiskopu Kristian Kratza təqdim edib.
Tədbirdə çıxış edən yepiskop K. Kratz, Strasburqun meri Rolan Ries, Elzas regionun prefekti Pyer Etyen Biş və digərləri ianəni çox yüksək dəyərləndirib, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Çıxış edənlər Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa çox böyük töhfə verdiyini vurğulayaraq bildiriblər ki, Fond Parisin Versal sarayı parkının restavrasiyasında da iştirak edir.
Tədbirdə çıxış edən Q. Paşayeva və Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov kilsəyə edilən ianənin iki ölkə arasında əlaqələrin inkişafına xidmət edəcəyini vurğulayıblar.
Hazırda AŞ PA-nın sessiyasında iştirak edən Milli Məclisin nümayəndə heyəti, Azərbaycanın YUNESKO-dakı nümayəndəliyinin təmsilçisi, Avropa Məhkəməsinin üzvü Xanlar Hacıyev, Strasburqda fəaliyyət göstərən Azərbaycan diasporunun və Strasburq ictimaiyyətinin nümayəndələri də mərasimə qatılıblar.
Qeyd olunub ki, Fondun ayırdığı vəsait hesabına Müqəddəs Məryəm Kilsəsinin 2 nəhəng pəncərəsi təmir olunacaq.
Şərq.- 2009.- 23 iyun.- № 111.- S. 5.