Humanizm simvolu
Min illər boyu qadınlar zərif olduqları qədər də qətiyyətli və əzmkar olublar. Azərbaycan xalqının da belə səciyyələndirilən xanımları tarix boyu həmişə olub. Həmin estafeti bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çox böyük ləyaqətlə irəli aparır. Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir.
Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diqtə etmək məharəti, üstəlik də protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində etiraf etdirilmə səriştəsi Mehriban xanım Əliyevanın siyasi dünyagörüşünün diapazonunu ehtiva etməklə bərabər, həm də onun kübarlıq ranqında özünütəsdiqi oldu.
Həyatı
Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmlər doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmli filoloq və ərəbşünas olub.
Azərbaycanın birinci xanımı 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondunun rəsmi açılışı olub.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005, 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə deputat seçilib.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb. Ailəlidir, iki qızı, bir oğlu var.
Tarixi ənənələri dirçəldən
Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən və inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutunun rəhbəri isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevadır.
Qeyd edək ki, Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist dəyərlərə söykənərək Ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində ardıcıl fəaliyyət sərgiləyir. Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ulu öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır.
Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən birini uşaq problemləri təşkil edir. Onun bu sahədəki xeyriyyəçilik işlərinə Azərbaycanın müxtəlif bölgələrində yeni məktəblərin, xəstəxanaların, klinikaların, musiqi məktəblərinin tikintisi daxildir.
2007-ci ildə paytaxt Bakıda pulsuz müalicə mərkəzi olan Talassemiya Mərkəzi tikilib. Fond tərəfindən eyni zamanda insulinlə təchiz və qanvermə üzrə layihələr də həyata keçirilib.
Mehriban Əliyeva mütəmadi olaraq qocalar evlərinə maddi və mənəvi yardımlar göstərir, onları dünya tibb elminin ən son nailiyyətləri olan zəruri tibbi avadanlıqlarla təchiz edir. Fondun təşəbbüsü ilə ana südü ilə qidalanma üzrə milli kampaniya həyata keçirilib, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgəsi yaradılıb.
Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri də mədəniyyətdir. Mehriban Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günləri keçirilib. Tədbir Şimali Amerikanın mədəniyyət həyatında mühüm hadisəyə çevrilib.
Fond Antonio Vivaldi, Corc Gerşvin konsertlərinə dəstək verib, Bakıda Muğam Mərkəzinin yaradılmasına təşəbbüs göstərib. Mehriban xanım Əliyeva dünyanın hər yerindən tanınmış musiqiçilərin iştirak etdiyi ənənəvi Qəbələ Musiqi Festivalını təşkil edir.
Mehriban Əliyeva Azərbaycan mədəniyyəti, musiqisi və tarixinə həsr edilmiş bir sıra kitabların nəşrinə də maliyyə dəstəyi göstərib.
Tolerantlıq ünvanı-Azərbaycan
Azərbaycanın birinci xanımı anlaşma və sülh uğrunda mübarizə aparan müxtəlif dinlər arasında dialoqa həsr olunmuş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısıdır.
Bütün dinlərə mənsub insanların mehriban şəraitdə yaşadıqları Azərbaycan müxtəlif dinlərin nümayəndələri arasında tolerant münasibətin parlaq nümunəsidir. Fondun “Azərbaycan - Tolerantlığın Ünvanı” layihəsi çərçivəsində qədim Buzovna Məscidi, Müqəddəs Məryəm Katolik Kilsəsi, pravoslav kilsəsi də daxil olmaqla bir neçə məscid və kilsə bərpa edilib.
Mehriban Əliyeva bəşəri irsin mühafizəsində də çox fəal iştirak edir. Onun dəstəyi ilə 14-cü əsrə aid Strasburq Kilsəsində 5 vitraj pəncərənin təmiri, Luvr Muzeyində və Versal Sarayında yenidənqurma işləri bu fəaliyyətin parlaq nümunəsidir.
Fond idmanın inkişafına böyük diqqət göstərir. Olimpiya və Paraolimpiya Oyunları, beynəlxalq yarışların qalibləri aylıq təqaüd, yaxud maliyyə mükafatı alırlar.
Bu il Azərbaycan dünyanın ən uzun müddətli canlı televiziya proqramlarından biri və Avropanın ən nüfuzlu müsabiqəsi olan “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi edib. Mehriban Əliyeva “Öz Məşəlini Alovlandır!” adlı müsabiqənin Təşkilat Komitəsinə rəhbərlik edib. Qısa vaxt ərzində Xəzər dənizinin sahilində 23.000 tamaşaçı tutan “Baku Crystal” konsert zalı tikildi.
Heydər Əliyev Fondunun beynəlxalq əlaqələri də diqqətçəkəndir. Pakistanda çıxan və bu ölkə ilə yanaşı Böyük Britaniyada, Birləşmiş Ərəb Əmirliklərində milyonlarla oxucusu olan nüfuzlu ingilisdilli “Daily Times” qəzetində nəşrin İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin “Mehriban Əliyeva - humanizm rəmzi” sərlövhəli məqaləsi dərc edilib. Yazıda qeyd edilir ki, Pakistanla əməkdaşlığı 2005-ci ildə baş vermiş və böyük insan itkisinə, dağıntılara səbəb olmuş zəlzələdən sonra başladı. Təbii fəlakət Müzəffərabadı xarabalığa çevirdi və Rara qəsəbəsindəki məktəbi yerlə yeksan etdi.
Dağılmış məktəbin yerində Mehriban Əliyevanın təşəbbüsü ilə qızlar üçün yeni müasir məktəbin tikintisinə başlandı və 2007-ci ildə dağlıq ərazidə 500 şagird yeri olan məktəb istifadəyə verildi. Fond mütəmadi olaraq məktəbi əyani vəsaitlər, kitablar, kompyüterlər və digər ləvazimatlarla təchiz edir. Bu il məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
2012-ci ildə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Hayber-Paxtunva, Bəlucistan, Pəncab və Sinddə səhiyyə, təhsil və humanitar layihələrdən ibarət silsilə tədbirlər həyata keçirilib.
Bu tədbirlər çərçivəsində “Kulsum International” xəstəxanası ilə birlikdə “Edhi Home” kimsəsizlər evində, Pişəvar “Akbar Care” Serebral İflic İnstitutunda və Hayber-Paxtunva əyalətinin Laki Marvat şəhərindəki qadın və uşaqlar üçün xəstəxanada hepatit B virusuna qarşı peyvəndləşdirmə və açıq ürək əməliyyatları aparılıb.2012-ci il iyunun 14-də Fond Pişəvarda Beynəlxalq Donor Günü münasibətilə keçirilən tədbirdə fəal iştirak edib. Tədbirin məqsədi təhlükəsiz qan və qan məhsullarına olan ehtiyac barədə ictimai məlumatlılığı artırmaq və könüllü qan donorlarına təşəkkür etmək idi.
Müqəddəs Ramazan ayında İslamabad, Rəvalpindi, Kəraçi, Larkana, Navabşah, Kvetta, Job və Pişəvar şəhərlərində yerləşən “Pakistan Sweet Home” uşaq evlərinin 1200-dən çox sakini üçün Fond tərəfindən iftar süfrələri təşkil edilib.
Əkbər Nəriman
Paritet.- 2012.- 25 avqust.- № 88.- S. 3.