Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Xalqa xidmət nümunəsi


XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyət, dünya şöhrətli siyasətçi, təcrübəli dövlət rəhbəri Ulu öndərimiz Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai və siyasi fəaliyyəti müasir tariximizdə şərəfli mərhələ təşkil edir. Ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafı, dünyanın nüfuzlu siyasi qurumlarına inteqrasiyası, bəşər sivilizasiyasına qovuşmasında müdrik xalq rəhbəri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev özünəməxsus uzaqgörənlik və fenomen bəsarəti ilə hakimiyyətin əbədi olmadığını, gec-tez onu enerjili, müasir düşüncəli gənclərə ötürməyin lazım gələcəyini bilirdi.

2003-cü ilin oktyabrında Heydər Əliyev xalqa müraciət edərək demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir.... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm."

Bu gün xalqımız ölkəmizin aydın sabahını, xoşbəxt gələcəyini Heydər Əliyevin dövlətçilik məktəbinin ən bacarıqlı yetirməsi olan möhtərəm İlham Əliyevin timsalında görür. Hörmətli Prezidentimiz Azərbaycanın işıqlı gələcəyinə təminat verə biləcək bir şəxsiyyətdir.

Hazırda ölkəmiz müasirləşir, müxtəlif istiqamətlərdə inkişaf edir, cəmiyyətin demokratikləşməsi istiqamətində uğurlu addımlar atılır.

Bu gün ölkəmizdə aparılan böyük işlər uzaqgörən daxili və xarici siyasət, gün-gündən genişləndirilən iri miqyaslı islahatlar, Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, işgüzar beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyəvi demokratik-hüquqi dövlətçiliyin möhkəmləndirilməsi və s. bütün bunlar müstəqil Azərbaycanın bugünkü stabilliyini təmin etməklə yanaşı, onun gələcək taleyini də müəyyənləşdirir.

Ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında hörmətli Prezidentimiz İlham Əliyevin və Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Böyük fərəh hissi keçiririk ki, müstəqil Azərbaycan dünya dövlətləri içərisində özünə layiqli yer tutub. İnkişaf etmiş ölkələr, beynəlxalq qurumlar Azərbaycan dövləti ilə hesablaşır və bu cür münasibət ildən-ilə daha sabit xarakter alır. Bizimlə əməkdaşlıq edən dövlətlər, işgüzar dairələr ölkəmizdə aparılan siyasətdən razıdırlar. Çünki bu siyasət stabilliyin, təhlükəsizliyin, qarşılıqlı əməkdaşlığın, demokratiyanın inkişafını təmin edən siyasətdir.

Azərbaycanın çiçəklənməsi, beynəlxalq miqyasda daha yüksək imiclə tanınması, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında hörmətli Prezidentimiz İlham Əliyevlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri əvəzsizdir.

Bəzən həyatda elə olur ki, söz açmaq istədiyin insan haqqında danışmağa, yazmağa cəsarətin çatmır. Ona görə ki, bu insan yüksək mədəniyyət, ziyalılıq, insanpərvərlik, əməksevərlik, vətənpərvərlik kimi əxlaqi-mənəvi keyfiyyətləri tam dolğunluğu ilə özündə əks etdirir.

Bütün fəaliyyətini xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin inkişafına, uşaqların problemlərinin həllinə yönəldən yüksək intellekti, müasir dünyagörüşü, ən əsası incə təbiəti, həssas qəlbi olan bu insan ölkəmizin birinci xanımı Mehriban Əliyevadır.

Mehriban xanımın zahirən gözəl, nəcib olması göz qabağındadır. Onun əmək fəaliyyətini müşahidə etməyim, mətbuatdan, internet saytlarından, televiziya kanallarından aldığım məlumatlar məndə qürur hissi doğurur. Dünyanın mötəbər qurumlarında ölkəmizi təmsil etməsi, ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən titul və mükafatlara layiq görülməsi ilə hər birimiz fəxr edirik. Mehriban xanım iti ağlı, cəsarəti, zəngin mənəviyyatı, istedadı və tükənməz xeyriyyə fəaliyyəti ilə bütün dünyada şöhrət qazanmış tərəqqipərvər və nəcabətli bir insandır. Mehriban xanım 2004-cü ildən Heydər Əliyev Fondunu yaratdı və ona rəhbərlik edir.

Fondun əsas məqsədi Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərimizin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə geniş təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin dünyada təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadim olan Ulu öndərimizin arzularının reallaşmasına öz töhfəsini verir.

Heydər Əliyev Fondu xeyirxah, humanist dəyərlərə söykənərək ümummilli liderimizin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır.

Fond yarandığı ilk gündən xalqımızın tarixini, mədəniyyətini, mənəviyyatını dünya miqyasında geniş təbliğ edir. Bununla yanaşı, Fond ehtiyacı olanlara, kimsəsiz və xəstə uşaqlara kömək etməyi, müxtəlif aksiyalar keçirməyi öz fəaliyyətinin prioritet istiqamətlərindən hesab edir.

Fondun əsas vəzifəsi Heydər Əliyevin dövlətçilik irsinin ətraflı öyrənilməsinə və təbliğinə həsr olunmuş böyük miqyaslı proqramların həyata keçirilməsinə kömək etmək, elm, təhsil, incəsənət, mədəniyyət, idmanın inkişafını sürətləndirmək, xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərmək və digər xüsusi əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə nail olmaqdır.

Azərbaycanda təhsil sisteminin inkişafı sahəsində əsaslı dönüşün yaradılmasında dövlət başçısının səmərəli fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın böyük əməyi göz qabağındadır.

Təhsilin məzmunca yeniləşməsi, informasiya texnologiyalarının məktəblərdə geniş tətbiqi və müasir tələblərə cavab verən yeni layihələrin bu sahədə tətbiq olunması məsələləri Fondun diqqət mərkəzindədir.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Ulu öndərimizin əsasını qoyduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Ölkəmizin inkişafında təhsilin misilsiz əhəmiyyəti olduğunu nəzərə alan Heydər Əliyev Fondu bir neçə iri miqyaslı layihələr hazırlayaraq həyata keçirmişdir. Bu baxımdan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusi əhəmiyyət kəsb edir. Müəllifi Mehriban xanım Əliyevanın olduğu bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin qaldırılması əsas məsələlər sırasındadır. Təkcə 2005-2007-ci illərdə 60-dan çox rayonda 200 məktəb binası tikilmişdir. Respublikada uşaq evlərinin və internatların əsaslı şəkildə yenidən qurulmasına dair "Uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində 29 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar tikilmiş, təzə avadanlıqlarla təmin olunmuşdur. Son illərə qədər ölkəmizin bütün regionlarında təhsil sistemindəki əsas problemlər Mehriban xanımın qayğısı və diqqəti nəticəsində artıq öz həllini tapmışdır. Ümumiyyətlə, belə bir münasibət ölkəmizin pedaqoji kollektivlərini, bütün müəllimləri, tərbiyəçiləri saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, ən başlıcası Vətənini alovlu məhəbbətlə sevən uşaqların və gənclərin tərbiyə edilməsinə səfərbər edir.

Heydər Əliyev Fondunun uşaqların problemləri ilə belə yüksək səviyyədə məşğul olması, bu sahədə səmərəli fəaliyyət göstərməsi çox xeyirxah və şərəfli bir işdir. Çünki uşaqların həyatına diqqət ölkənin gələcəyi ilə məşğul olmaq deməkdir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin may ayında Bakıda dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış; tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda çox mötəbər bir tədbirin keçirilməsi buna sübutdur.

Tədbirdə YUNESKO-nun baş katibi Koişiro Matsuuranın, Hollandiya şahzadəsi Laurentienin, YUNESKO-nun xoşməramlı səfiri - İordaniya şahzadəsinin, İslandiyanın sabiq prezidenti Viqdos Fiuboqadottirinin, bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssislərinin Bakıya səfəri konfransın böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Avropanın 31 ölkəsinin nümayəndələrinin Bakıda toplaşması ölkəmizin getdikcə artan nüfuzunun göstəricisidir. Mehriban xanım Əliyeva bildirib ki, Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş səylərin bir hissəsidir və bu konfrans hamı üçün təhsil proqramının uğurla həyata keçirilməsinə xidmət edəcək.

İstər milli mənəvi dəyərlərin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəlməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı sahəsində həyata keçirilən mühüm layihələr Mehriban xanımın geniş dünyagörüşündən, yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.

Mehriban xanımın fəaliyyətinin ruhunu təşkil edən humanizm, nəciblik, xeyriyyəçilik onun ziyalı mövqeyinə böyük hörmət və rəğbət gətirir.

Heydər Əliyev Fondu Ulu öndərimizin bizə miras qoyduğu ənənələrə sadiq qalaraq dövlətimizin, xalqımızın gələcəyi olan uşaqların, yeniyetmələrin və gənclərin sağlamlığına xüsusi qayğı göstərir, müxtəlif xəstəliyə düçar olanların müalicə olunması üçün təxirəsalınmaz tədbirlər görür, hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşmağı özünün başlıca vəzifəsi hesab edir.

Mehriban xanım Əliyevanın həyatımızın prioritet sahələrindən biri olan uşaqların sağlamlığının qorunması sahəsindəki xeyirxahlıq fəaliyyəti onu nəinki ölkəmizdə, hətta dünyanın bir çox ölkəsində məşhur etmişdir. Gələcəyimiz olan yüzlərlə uşağın sağlamlığını özünə qaytarmaqla saysız-hesabsız ailəyə xoşbəxtlik, səadət və sevinc gətirmişdir.

Milli Gimnastika Federasiyasının Prezidenti kimi hörmətli Mehriban xanım Əliyeva gənc nəslin fiziki-mənəvi sağlamlığının təminatı məqsədilə genişmiqyaslı iş aparır. Azərbaycanda bədii gimnastikanın uğurları, eyni zamanda 2008-ci ilin iyun ayında Bakıda növbəti dünya çempionatının keçirilməsi onun bu sahəyə olan xüsusi diqqətini göstərir.

Vaxtaşırı olaraq respublikamızda elmin, maarifin, mədəniyyətin, ədəbiyyat və incəsənətin tərəqqisi naminə düşünülmüş tədbirlər həyata keçirirlər. Ölkəmizin görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, YUNESKO-nun "Dünya irs siyahısına" bir sıra tarixi abidələrimizin daxil edilməsi "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun da uğurlu fəaliyyətindən xəbər verir.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın muğamlarımızın öyrənilməsi və təbliği sahəsində gördüyü məqsədyönlü işlər, YUNESKO-nun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğam və aşıq sənətinin daxil edilməsi, muğam ifaçılarına və muğamsevərlərə hədiyyə olaraq dənizkənarı Milli Parkda dünyada analoqu olmayan Muğam Evinin tikilib istifadəyə verilməsi və s. onun milli-mənəvi dəyərlərimizə bağlı xeyirxah əməllərinin nümunəsidir.

Ötən ilin iyun ayında Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilmiş beynəlxalq forum öz mahiyyəti etibarilə böyük əks-sədaya səbəb oldu. Həmin tədbir Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən 400 nəfər mötəbər və iş-güzar xanımın iştirak etdiyi bu tədbir öz möhtəşəmliyi ilə bu gün də iftixarla yad olunur. Forumun əsas məqsədi Şərqlə Qərb arasında xeyirxahlıq körpüsü yaratmaqdır. Öz milli adət və ənənələrini fəxrlə qoruyub saxlayan, yeniləşən və gündən-günə güclənən Azərbaycan özünü Şərqlə Qərbi birləşdirən lider kimi təsdiq etməkdədir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva beynəlxalq forumda çıxış edərək demişdir ki, qadınların siyasi həyatda geniş iştirakı mədəni, iqtisadi və sosial bölgü arasında körpü yaratmaq üçün öz köməyini göstərəcəkdir. O həm də qeyd etmişdir ki, qadınlar olan yerdə səmimiyyət, dostluq var və qarşıdurmaya yer yoxdur.

Forum iştirakçıları qeyd etdilər ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir. Azərbaycan hətta ABŞ-dan iki il əvvəl qadınların siyasi həyatda iştirak etməsinə imkan yaratmışdır. Azərbaycanın bu addımı bir çox ölkələrdə qadınların ictimai, sosial, siyasi həyatda və beynəlxalq aləmdə layiqli yer tutmaları üçün geniş imkanlar açmışdır.

Mehriban xanım Əliyeva və İSESKO-nun baş direktoru Əbdül-Əziz bin Osman əl-Tüveycri tərəfindən verilən yekun bəyanatda deyilir: "Gəlin mədəniyyətlərarası dialoq və xalqlararası anlaşmanın inkişafı üçün geniş və tolerant sivilizasiyalı baxışla birlikdə fəaliyyət göstərən və ədavət, eləcə də dini və mədəni ayrı-seçkiliyə sövq edən çağırışları aradan qaldıraq".

Beynəlxalq Forumda iştirak etmiş Mədəniyyət Səfirlərinin Beynəlxalq Cəmiyyətinin təsisçisi və sədri xanım Helma Dustian Blumberq "Qadın həmrəyliyi" sərlövhəli məqaləsində Bakıya səfəri və forum haqqında demişdir: "Forumda iştirak etdiyim üçün artıq məndə müəyyən yeni ideyalar yaranmışdır və gələcəkdə əlaqədar təşkilatlarla əməkdaşlığa ümid edirəm.

Sağ ol, Azərbaycan! Sən bir daha yenilikçi, demokratik, dünyəvi olduğunu və bütün mədəniyyətlərə qonaqpərvər dost olduğunu sübut etdin.»

Heydər Əliyev Fondu ölkənin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir, beynəlxalq təşkilatlarla sıx əlaqələrin yaradılmasına, onların ölkəmizdə keçirilən tədbirlərə cəlb olunmasına hərtərəfli şərait yaradır. Fondun təşəbbüsü ilə ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərin hamısını sadalamaq mümkün deyil. Ancaq onu deyə bilərik ki, həqiqətən də Azərbaycan beynəlxalq tədbirlərin ünvanına çevrilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əsas mahiyyəti milli genefondun qorunması, təmiz, saf hisslərin şüurlarda məskən salmasıdır. İncə qəlbə malik olan Mehriban xanım öz nəcib əməlləri, həssas ürəyi, ülviyyəti ilə milyonlarla insanın ürəyinə yol tapmış, bununla xalqın sevimlisinə çevrilmişdir.

Son bir əsrdə Azərbaycan tarixində ölkənin tərəqqisinə, xalqın problemlərinin həllinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına Mehriban xanım qədər əmək sərf edən ikinci qadın xəyala gəlmir. Elə buna görə də 8 Mart Beynəlxalq Qadınlar gününün geniş qeyd edildiyi bu günlərdə Mehriban xanımın adı dillərdən düşmür, hər kəs onu təbrik etməyi, gördüyü işlərə görə minnətdarlıq bildirməyi özünə borc bilir. Elə bu istəklə biz də Azərbaycanın birinci xanımını, millət vəkili, ölkəmizi dünyaya sevdirən, xalqımıza baş ucalığı gətirən Mehriban xanım Əliyevaya "bayramınız mübarək!" deyirik. Sizə bol-bol bayram sevincləri, ölkəmizin daha da çiçəklənməsi naminə göstərdiyiniz fəaliyyətdə daha böyük uğurlar arzulayırıq.

Bir daha bayramınız mübarək!

Raya Quliyeva,
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlar vəsiyasi partiyalarla
iş şöbəsinin baş məsləhətçisi

İki sahil.- 2009.- 7 mart.- № 46.- S. 4.