Çap etmək   ⁞     ⁞   UNESCO

UNESCO-nun baş direktoru Koişiro Matsuura ilə görüş


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 20-də YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycanla YUNESKO arasındakı əməkdaşlığın yeni yolları və formaları müzakirə edilmiş, xüsusilə, qurumun təşəbbüsü ilə Azərbaycanda 2008-ci ildə "Avropada və Mərkəzi Asiyada qlobal maariflənmə" mövzusunda regional konfransın keçirilməsi imkanları araşdırılmışdır. Mehriban xanım Əliyeva bu məsələyə müsbət yanaşaraq, onu dəstəkləmişdir.

Cənab Koişiro Matsuura bu təklifi dəstəklədiyi üçün Mehriban xanıma minnətdarlığını bildirmişdir. Baş direktor demişdir ki, konfransa hazırlıq məqsədi ilə 2007-ci ildə YUNESKO-nun ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir.

Söhbət zamanı YUNESKO-nun dəstəyi ilə Azərbaycanda təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi də müzakirə olunmuşdur.

Görüşdən sonra YUNESKO-nun baş direktoru Koişiro Matsuura xoşməramlı səfir Mehriban xanım Əliyevanın şərəfinə ziyafət vermişdir.


Xalq qəzeti.- 2006.- 21 oktyabr.- №239.- S. 3.