Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Parisin Neker xəstəxanası ilə tanış olmuşdur


Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fransaya aprelin 2-də səfəri çərçivəsində talassemiya xəstələrinin müalicə olunduğu Parisin Neker xəstəxanasında olmuşdur.

Xəstəxananın rəhbərliyi Mehriban xanımı səmimiyyətlə qarşılamışdır.

Baş pediatriya şöbəsinin müdiri və talassemiya xəstəliyi üzrə baş mütəxəssis xanım Marian de Montalanberm xəstəxana barədə Mehriban xanım Əliyevaya məlumat verərək bildirmişdir ki, 1802-ci ildən fəaliyyət göstərən xəstəxanada müalicə olunanlar, əsasən, xarici ölkə vətəndaşlarıdır. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar ciddi şəkildə müalicə edilirlər. Müasir avadanlıqla təchiz edilmiş talassemiya şöbəsində təcrübəli həkimlər işləyir. Xəstəxananın nəzdindəki elmi tədqiqat mərkəzində ciddi araşdırmalar aparılır və bu sahədə müəyyən irəliləyişlər əldə edilmişdir. Mehriban xanım Əliyeva səmimi qarşılandığına və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda da talassemiyalı uşaqların olduğunu bildirmişdir. O, ölkəmizdə bu sahədə xüsusi Dövlət Proqramının həyata keçirildiyini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun talassemiya xəstəliyinə tutulmuş uşaqlara hərtərəfli qayğı və yardım göstərdiyini söyləmiş, eyni zamanda, Avropanın qabaqcıl təcrübəsindən bəhrələnməyin əhəmiyyətli olduğunu vurğulamışdır. Sonra Mehriban Əliyeva xəstələrə baş çəkmişdir.

Hörmətli qonağa Parisdəki xəstəxanaların tarixindən və fəaliyyətindən bəhs edən kitab hədiyyə olunmuşdur. Azərbaycanın birinci xanımı da xəstəxanaya xatirə hədiyyəsi təqdim etmişdir.


Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri, Paris

AzərTAc
2007, 2 aprel