Çap etmək   ⁞     ⁞   Fond haqqında

Moskvalı iş adamı Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulmuş, Bakı məktəbi üçün əlavə sinif otaqları tikdirmişdir


Xətai rayonundakı 287 nömrəli "Zəkalar" liseyində Müəllim Günü ruh yüksəkliyi ilə qeyd edilmişdir.

Liseyin direktoru, respublikanın əməkdar müəllimi Aygün Əhmədli AzərTAc-ın müxbirinə demişdir ki, təhsil ocağının binası vaxtilə uşaq bağçası üçün tikilmişdir. Bu dərs ilinədək xüsusilə sinif otaqlarının azlığı tədris prosesini çətinləşdirirdi. Həmvətənimiz, Moskvada fəaliyyət göstərən iş adamı, "STG-EU-ROP" LTD şirkətinin prezidenti Nizami Piriyev bu ilin iyul ayında problemimizdən xəbər tutub bizə kömək edəcəyini bildirdi. Nizami müəllim sözünün üstündə durdu və iyul ayının 8-də xeyriyyəçilik müqaviləsi bağlanandan sonra ümumi sahəsi 400 kvadrat-metrdən artıq olan sinif otaqları tikdirdi. İşin sürətlə başa çatdırılmasında şirkətin baş direktoru V. Bulaxtinin böyük zəhməti xüsusilə qeyd edilməlidir. Yeni dərs ilində həmin otaqlar şagirdlərin istifadəsinə verildi. Bu, həmyerlimizin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" təşəbbüsünə töhfəsidir. Müəllim və şagird kollektivimiz adından xeyriyyəçi iş adamına minnətdarlığımızı bildiririk.

Yeri gəlmişkən qeyd edim ki, ölkə rəhbərinin təhsilə diqqəti, təhsil işçilərinə qayğısı 65 nəfərlik pedaqoji kollektivimizi yeni uğurlara ruhlandırır. Təsadüfi deyildir ki, ali məktəblərə builki qəbul zamanı 63 məzunumuzun 49-u müxtəlif universitetlərin tələbəsi adını qazanıb. "İlin müəllimi", "ilin şagirdi" məhz bizim məktəbdən seçilib. Şagirdlərimiz müntəzəm olaraq fənn olimpiadalarının qalibi olurlar. Bu uğurları daha da artıracağıq.


Azərbaycan.- 2005.- 8 oktyabr.- № 234.- S. 7.