Ümid yeri – inam ünvanı
Azərbaycanda elm, təhsil, mədəniyyət sahəsinə göstərilən böyük diqqət, qayğı və əldə olunan müsbət nəticələr ulu öndər Heydər Əliyevin 35 illik hakimiyyəti dövrünə təsadüf edir. Ümummilli liderimiz bu sahələrin daim inkişaf etdirilməsinə xüsusi önəm verirdi. Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən ümummilli lider yeni ali təhsil ocaqlarının yaradılması, elmi-tədqiqat institutlarının formalaşdırılması istiqamətində mühüm işlər gördü. Azərbaycanlı gənclərin Sovetlər Birliyinin ən perspektivli ali məktəblərinə göndərilməsinə nail oldu.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider ənənəsinə sadiq qalaraq vaxtilə bu sahədə yarımçıq qalan işləri davam etdirdi. Elm və təhsilə qayğını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Yeni məktəblərin tikilib istifadəyə verilməsi, köhnə məktəblərin yenidən qurulması, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bölgələrdə müasir dövrün tələbləri səviyyəsinə cavab verən təhsil ocaqlarının yaradılması məsələsi önə çəkilir.
Ölkəmizdə sosial-iqtisadi inkişafın ən mühüm istiqamətlərindən biri kimi müəyyən edilən təhsil sahəsinin inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu da bu istiqamətdə çox əhəmiyyətli tədbirlər həyata keçirməkdədir. Fond yarandığı gündən elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv gerçəkliyin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərlə ölkə ictimaiyyətinin nüfuzunu qazanmışdır. Heydər Əliyev Fondu ümummilli liderimizin tövsiyələrinə sadiq qalaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü işləri davam etdirməkdədir. Zəngin mədəni irsimizin dünyada tanıdılması, təhsil, səhiyyə və mədəniyyət sahəsində əhəmiyyətli layihələri gerçəkləşdirməklə fond qısa müddətdə cəmiyyətin diqqətini cəlb etmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə həyata keçirilən layihələr ildən-ilə genişləndirilir. Avropaya inteqrasiya yolunu tutmuş ölkəmizdə yeni təhsil sisteminin qurulmasının vacibliyini önə çəkən Mehriban xanım Əliyeva "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin müəllifidir. Bölgələrimizdə yeni məktəblərin tikilib istifadəyə verilməsi, təhsil müəssisələrinin əsaslı təmiri layihədə prioritet məsələ kimi qoyulmuşdur. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2005-ci ildə bölgələrdə 132 məktəb binası tikilib istifadəyə verilmişdir. Fond bölgələrdə qısa müddət ərzində bu sayda məktəbin tikintisinə nail olaraq çoxlarına qeyri-mümkün görünən işi reallaşdırmışdır. 2006-cı ildə respublikamızın müxtəlif bölgələrində müasir tələblər səviyyəsində ümumilikdə 100-dən artıq yeni məktəb binasının inşa olunacağı da gözlənilir. Ölkəmizdə hər bir insana bərabər təhsil imkanının yaradılması və dünya təhsil sisteminə inteqrasiya yolunda Heydər Əliyev Fondunun xidmətləri olduqca böyükdür.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi də uğurlu fəaliyyət göstərir. 14 saylı Əzizbəyov seçki dairəsindən namizədliyi irəli sürülən xoşməramlı səfir hələ seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı seçicilər qarşısında görəcəyi işlərdən bəhs etmiş, ona bəslənən ümidləri doğruldacağını bildirmişdi. Mehriban xanım Əliyeva bütün bölgələrdə olduğu kimi, deputat seçildiyi Əzizbəyov rayonunda da mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə gördüyü əhəmiyyətli işlərlə ictimaiyyətin rəğbətini qazanmışdır. Milli Məclisin deputatı kimi təmsil etdiyi rayonun problemlərinin həll olunması istiqamətində əməli işlər görür. Mehriban xanım Əliyevanın tez-tez Bakıətrafı qəsəbələrdə olması və yeni sosial-mədəni obyektlərin açılış mərasimlərində iştirakı deyilənləri təsdiqləyir.
Əzizbəyov rayonunun Türkan qəsəbəsində bir sıra obyektlərin açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyev bildirmişdir: "Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunmuşdur. Hazırda ölkə rəhbərliyi bununla ciddi məşğul olur. Bakıətrafı qəsəbələrin bir müddət diqqətdən kənar qalmış problemlərinin həlli üçün biz nə lazımdırsa edəcəyik. Mən bilirəm ki, Heydər Əliyev Fondu bu sahədə böyük işlər görübdür. Sizin seçdiyiniz millət vəkilinin son altı aydakı fəaliyyəti ilə tanışam. Elə bu gün açılışına gəldiyimiz bir sıra obyektlər də bunu sübuta yetirir. İndi Bakıətrafı qəsəbələrin qaz, işıq, su, yol problemlərinin həlli, yeni təhsil, səhiyyə obyektlərinin inşası ilə bağlı çox mühüm tədbirlər görülür. Bizim əsas arzu və istəyimiz budur ki, insanlarımızın daha firavan yaşayışını təmin edək".
Əzizbəyov rayonunda 214 saylı uşaq bağçasının, müasir tədris-təhsil mərkəzinin, aptek və təcili yardım stansiyasının qısa müddətdə tikilib istifadəyə verilməsi Heydər Əliyev Fondunun xidmətidir. Qəsəbə sakinlərinin təhsil mərkəzinə, səhiyyə ocaqlarına böyük ehtiyacları var idi. Müasir tələblərə cavab verən avadanlıqla, kompüterlə təmin edilmiş tibb və təhsil ocaqlarında 50 nəfər qəsəbə sakini işlə təmin olunmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işlənib hazırlanmış "Əzizbəyov rayonunun inkişaf fondu" proqramı çərçivəsində işlər sürətlə davam etdirilir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ikinci mərhələsi çərçivəsində Yeni Türkan qəsəbəsində 300 şagird üçün nəzərdə tutulmuş məktəb binasının tikintisi də qəsəbə sakinləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdır. Heydər Əliyev Fondunun mədəniyyət sahəsində gördüyü işlərdən və həyata keçirdiyi tədbirlərdən biri də mövcud kitabxanaların yenidən qurulmasıdır. Fondun bu sahədəki fəaliyyəti də müsbət nəticələrlə diqqəti cəlb edir. Artıq onlarca qəsəbə və kənd kitabxanaları yenidən qurulub, müasir avadanlıqlarla təmin edilib. Mərdəkan qəsəbəsində müasir avadanlıqlarla təmin edilən kitabxanada yenidənqurma işləri ilə tanış olarkən Mehriban xanım Əliyeva bu xeyirxahlıq missiyasını bundan sonra da davam etdirəcəyini bildirmişdir. Xatırladaq ki, adı çəkilən kitabxana darısqal bir binada yerləşirdi və heç bir müasir tələblərə cavab vermirdi. Seçicilərin xahişlərini nəzərə alan Mehriban xanım Əliyeva qısa vaxt ərzində kitabxananın yenidən qurulmasına nail oldu. Mehriban xanım ümummilli liderimiz Heydər Əliyevin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir" müdrik kəlamını əldə rəhbər tutaraq öz fəaliyyətində bunları həyata keçirir. Mərdəkanlıların böyük sevincinə səbəb olan və həqiqətən də müqəddəs yer saydıqları kitabxananın yenidən qurulması böyük minnətdarlıqla qarşılanmışdır. Əvvəlkindən dörd dəfə böyük olan, 480 kvadratmetr sahəni əhatə edən kitabxana oxucuların ixtiyarına verilmişdir. 86 min nüsxə fondu olan kitabxanada hazırda Azərbaycan və rus dillərində dörd şöbə, oxu zalı, işçilər üçün istirahət yeri vardır. Heydər Əliyev Fondu kitabxanaya kompüter avadanlığı və yeni kitablar da hədiyyə etmişdir. Uşaq bağçalarının, körpələr evinin inkişafı, maddi-texniki bazasının yaxşılaşdırılması da Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. "Şimal" DRES yaşayış massivində 10 nömrəli körpələr evi və uşaq bağçasının yenidən qurulması buna əyani misaldır. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən "Uşaq evlərinin və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində həyata keçirilən bu tədbirlər uşaq bağçalarının müasir tələblər səviyyəsində qurulmasına imkan vermişdir.
Mehriban xanım Əliyeva seçicilərlə birbaşa ünsiyyət quraraq onların problemləri ilə yaxından tanış olur və meydana çıxan məsələlərin həlli istiqamətində konkret işlər görür. Əzizbəyov rayonunda aparılan monitorinq nəticəsində bütün yaşayış massivlərinin problemləri diqqətlə öyrənilmişdir. Əzizbəyov sakinləri Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti ilə fəxr etdiklərini bildirmişlər. Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq əlaqələrini də genişləndirir. YUNESKO ilə uğurlu əməkdaşlıq buna bariz nümunə ola bilər. Ötən ilin avqustunda "YUNESKO - Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda konfrans məhz Bakıda keçirilmişdir. Konfransda YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın təhsil problemlərindən ətraflı bəhs etmiş, ölkəmizdə bu yöndə aparılan işlər barəsində məlumat vermişdir. Konfrans YUNESKO ilə əməkdaşlıq baxımından uğurlu nəticələrlə yadda qalmışdır. Maddi və qeyri-maddi irsimizin qorunması və gələcək nəslə çatdırılmasında adı çəkilən qurumla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanmışdır. Əldə olunan nəticələr deməyə əsas yaradır ki, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond öz xeyirxah əməlləri ilə bundan sonra da xalqın rəğbətini qazanacaqdır.
Rauf Əliyev,
Milli Məclisin deputatı
Azərbaycan.- 2006.- 25 avqust.- № 190.- S. 3.