Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu - ulu öndərin adına layiq


Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim açıqlamaq məqsədi Heydər Əliyev Fondunun yaradılmasının əsas səbəbləri olmuş və 2004-cü il may ayının 10-da ulu öndərin ad günündə fondun rəsmi açılışı olmuşdur.

Heydər Əliyev Fondunun əsas məqsədləri sırasında görkəmli siyasi xadimin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan Respublikasında və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına dəstək vermək və bir sıra digər məsələlər xüsusi yer tutur.

Fondun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun məqsədlərinin həyata keçməsi istiqamətində genişmiqyaslı fəaliyyət göstərir.

Fond təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya və digər sahələrdə mühüm layihə və proqramlar həyata keçirir.

Təhsil sahəsində Heydər Əliyev Fondu tərəfindən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” proqramları həyata keçirilir. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 30-dan artıq uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuşdur. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 2005-2009-cu illər ərzində Azərbaycanın ən müxtəlif bölgələrində 70 mindən artıq şagird yerlik 283 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. “Təhsilə dəstək” layihəsinə uyğun olaraq respublika üzrə 11 uşaq bağçası yenidən qurulmuş və ölkənin təhsil müəssisələri zəruri tədris vəsaitləri ilə təmin edilmişdir. Fondun vəsaiti hesabına Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində 650 şagird yerlik məktəb binası inşa edilmişdir.

Səhiyyə sahəsində Fond tərəfindən “Talassemiyasız həyat naminə” “Diabetli uşaqlara ən yüksək qayğı” layihələri həyata keçirilir. Fond səhiyyə müəssisələrinin yenidən qurulması, fiziki cəhətdən qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzlərinin inşa edilməsinə və müasir avadanlıqla təchiz olunmasına xüsusi önəm verir. Fond dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq edir. “Fresenius Medical Care”, “Karl-Storz”, “Servier” kimi nüfuzlu şirkətlər tərəfindən Fonda bağışlanmış müasir tibbi avadanlıq və dərman preparatları ölkənin müvafiq tibb müəssisələrinə təqdim olunmuşdur.

Heydər Əliyev Fondu tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya - kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”nə dair birgə layihə həyata keçirilmişdir. Hazırda Fond tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birgə fiziki imkanları məhdud olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsinin artırılması məqsədi ilə Gəncə və Naxçıvan şəhərlərində Regional İnformasiya Mərkəzləri yaradılır. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması məqsədi ilə 2005-ci ildə materialların həcminə, zənginliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə ölkədə analoqu olmayan “Azərbaycan” (azerbaijan.az) internet portalı yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş multimedia diskləri hazırlanmışdır.

Fond Azərbaycan muğam sənətinin inkişafı və qorunmasına xidmət edən mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzi və Müasir İncəsənət Muzeyi yaradılmışdır. 2005-2009-ci illər ərzində Fond tərəfindən bir sıra beynəlxalq musiqi festivalları keçirilmişdir. Heydər Əliyev Fondu tarixi-mədəniyyət, dini abidələrin bərpası və mədəniyyət obyektlərinin inşasına xüsusi önəm verir.

Altı illik fəaliyyəti dövründə Fondun həyata keçirdiyi proqram və layihələr, təşkil etdiyi beynəlxalq konfranslar, görüşlər, nəşr etdirdiyi kitablar, beynəlxalq aləmdə qazandığı nüfuz çox böyük nəticələrdən xəbər verir.

Fondun fəaliyyət coğrafiyası ölkəmizin sərhədlərini aşmış, onun dəstəyi ilə dünyanın bir çox ölkələrində layihələr reallaşdırılmışdır. Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Fond BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, YUNESKO, İSESKO, “Save the Children” və digər təşkilatlarla yaxından əməkdaşlıq edir və birgə layihələr həyata keçirir. Fondun təşkilatçılığı ilə bir sıra mühüm beynəlxalq konfranslar təşkil edilmişdir. Heydər Əliyev Fondu tərəfindən bir çox kitablar və görkəmli musiqiçilərin albomları nəşr olunmuşdur.

Fondun beynəlxalq əməkdaşlığı genişlənməkdə, dünyanın nüfuzlu qurumları ilə əlaqələr möhkəmlənməkdədir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş «YUNESKO-Azərbaycan: gələcəyə körpü», «Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan-sivilizasiyalararası dialoqun keçmişi və bu günü», «Orta əsr əlyazmalarında tibb və əczaçılıq» və digər beynəlxalq konfranslar, bir sıra xarici ölkələrdə həyata keçirdiyi tədbirlər Fondun beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi mövqeyinin möhkəmlənməsindən xəbər verir.

Bütün bunların nəticəsidir ki, Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adlarına layiq görülmüşdür.

Heydər Əliyev Fondu Azərbaycan xalqının hələlik sağalmayan yarası olan Qarabağ itkisinin əsas səbəblərini, erməni işğalçılığını dünya ictimaiyyətinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirir.

Xocalı soyqırımı ilə bağlı Fondun dəstəyi ilə mütəmadi olaraq xüsusi layihələr həyata keçirilmiş, dünyanın onlarla ölkəsində faciəni anım mərasimləri təşkil olunmuş, erməni faşizminin iç üzünü açıb göstərən «Qarabağ həqiqətləri», «Xocalı soyqırımı» kimi filmlər nümayiş etdirilmiş, real faktlara, foto-sənədlərə əsaslanan geniş təbliğat işləri aparılmışdır.

Heydər Əliyev Fondu ümummilli liderin göstərdiyi yolda inamla irəliləyir, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən siyasi kursun daha böyük uğurlar qazanması üçün daim dəstək olur.

Bu gün böyük iftixar hissi ilə demək olar ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ulu öndərimiz Heydər Əliyevin ölməz ideyalarının reallaşması istiqamətində uğurla irəliləyir.


Rabitə dünyası.- 2010.- 7 may.- № 16.- S. 9.