Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Azərbaycan gimnastları Pekində ilk olimpiya məşqləri keçmişlər


Azərbaycanın bədii gimnastika üzrə Olimpiya yığmasının üzvləri Aliyə Qarayeva və Dinara Gimatova (fərdi çıxışlar), habelə qrup komandamızın üzvləri Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alyona Tryopina, Anastasiya Prasolova və Dina Qorina avqustun 18-də “Beijing University of Technology Gymnasium”da ilk podium məşqlərini keçirmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu məşqlər fərdi yarışlarda çıxış edəcək gimnastlarımızın Tokioda və qrup komandamızın Masallıda keçirdikləri son toplantının məntiqi davamıdır. Podium məşqləri avqustun 19-20-də də keçiriləcəkdir. Bunları təkcə məşqçilər müşahidə etməyəcəklər. Eyni zamanda, hakimlər, o cümlədən Beynəlxalq Gimnastika Federasiyasından məxsusi dəvət almış Azərbaycan məşqçisi Larisa Sidorova məşqçilərin təqdim etdiyi hərəkətlər siyahısı üzrə qeydlər aparır.

Yarışlar isə avqustun 21-də Bakı vaxtı ilə saat 15.00-da başlanacaqdır. İlk olaraq fərdi çıxışlar olacaqdır. Püşkatmanın nəticələrinə görə, Aliyə Qarayeva və Dinara Gimatova 24 gimnastın iştirak etdiyi çoxnövçülükdə halqa ilə meydana 8-ci və 12-ci çıxacaqlar. Qrup komandamız isə “altılıq” 5 iplə 12 kollektiv arasında 8-ci çıxış edəcəkdir.

Gimnastlarımız çoxnövçülüyün finalına çıxmaq üçün ilk onluğa, qrup komandamız isə səkkizliyə düşməlidir. Olimpiya yarışından əvvəl nümunəvi çıxışlar olacaqdır. Bir çox məşhur idmançıların iştirakı ilə avqustun 20-də keçiriləcək şouda ölkəmizi Aliyə Qarayeva təmsil edəcəkdir.

Olimpiya oyunlarının açılışı günü Hollandiyanın nüfuzlu “Eindhovens Dagblad” qəzeti Azərbaycanın qrup komandası barədə qızlarımızın şəkilləri ilə birlikdə reportaj dərc etmişdir. Məqalədə milli gimnastika federasiyamızın fəaliyyətindən, idmançılarımızın Olimpiadaya hazırlığından söhbət açılır. Məqalə Hollandiya telekanallarının da diqqətini cəlb etmişdir və RTL 4 kanalı Azərbaycan gimnastları üçün geyim sifariş verilən mağazadan süjet hazırlamışdır.

Növbəti gün Azərbaycan-Hollandiya Fondunun nümayəndə heyəti mağazaya gəlmiş və onun menecerinə Azərbaycan kulinariyası barədə holland dilində kitab təqdim etmişdir.


AzərTAc
2008, 18 avqust