Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Vətənpərvərlik, insansevərlik və mərhəmətlilik simvolu

Məhz bu keyfiyyətlərinə görə Mehriban xanım Əliyeva "2005-ci ilin adamı" elan olundu


Hazırda demokratiya yolu ilə addımlayan ölkəmizdə gedən ictimai-siyasi proseslərdə qadınların fəal surətdə iştirakı onlara cəmiyyətdə öz mövqelərini möhkəmləndirməyə şərait yaradır. Qadınların rəhbərlik etdikləri təşkilatlarda, təmsil olunduqları birliklərdə yüksək fəallıq və bacarıq nümayiş etdirmələri barələrində müsbət imic formalaşdırmaqla yanaşı, onlara böyük hörmət və məhəbbət qazandırır. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən "2005-ci ilin adamı" elan edilməsi də məhz çoxşaxəli və humanitar fəaliyyətinin nəticəsi olaraq ona ümumxalq sevgisinin təzahürüdür. Qeyd edək ki, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli-mədəni irsimizin qorunub-saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə ölkəmizin birinci xanımını “ilin adamı” elan edib. Buna qədər isə Mehriban xanım bir çox fəxri adlar və mükafatlara layiq görülüb. Ölkəmizin birinci xanımını oxuculara daha yaxından tanıtmaq üçün əvvəlcə qısa arayış verək:

Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhərində orta məktəbi qızıl medalla bitirdikdən sonra N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-92-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə və hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondu təsis olunub. 1996-cı ildə isə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. O, həmçinin ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və dahi öndərin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəslə aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il avqustun 13-də isə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanması, inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçilib. Eyni zamanda 2004-cü il dekabrın 28-də Milli Olimpiya Komitəsinin 4-cü Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. 2005-ci il iyunun 9-da isə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülüb. Ötən il isə Mehriban xanım "Uğur" mükafatı ilə təltif edilib.

Göründüyü kimi, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti diqqətdən kənarda qalmayaraq ayrı-ayrı tanınmış və nüfuzlu qurumlar tərəfindən layiqincə qiymətləndirilib. Budur, artıq bir neçə ildir ölkəmizin həyatında misilsiz xidmətləri ilə seçilən tanınmış simaları “İlin adamı" elan edən Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər qrupu Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın adını da öz siyahısına salıb. "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir.” Bu sözlərin müəllifi olan Mehriban xanım 2005-ci ildə öz işləri ilə sübut etdi ki, həqiqətən də, dövlət və xalq qarşısında öz məsuliyyətini başa düşür. Qeyd edək ki, "Diabetli uşaqlara ən yüksək qayğı", “Talassemiyasız həyat naminə", "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı" bir il ərzində onun təşəbbüsü ilə uğurla həyata keçirilən proqramların yalnız bir hissəsidir.

Milli-mədəni irsimizin qorunub-saxlanması və inkişafı da 2005-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva üçün prioritet sahələrdən birinə çevrilib. "Azərbaycan muğamları" layihəsi çərçivəsində milli ifaçılıq sənətimizin ən yaxşı nümunələrindən ibarət nəfis tərtibatlı "Qarabağ xanəndələri" musiqi albomu məhz onun təşəbbüsü ilə işıq üzü görüb, bir sıra xarici ölkələrdə də böyük maraqla qarşılanıb. Bakının ən gözəl guşəsində - Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin tikintisinə başlanması Mehriban xanımın musiqi mədəniyyətimizə, xalqımızın dəyərli insanlarının əbədi uyuduğu Mərdəkandakı məşhur Pir Həsən ziyarətgahının əsaslı təmir və bərpa edilməsi milli-mənəvi dəyərlərimizə həssas qayğısının təzahürüdür.

"YUNESKO - Azərbaycan: gələcəyə körpü" mövzusunda Parisdə və Bakıda geniş konfransların keçirilməsi, qaçqın və məcburi köçkün uşaqların təhsil problemləri ilə əlaqədar bu nüfuzlu quruma məruzə hazırlamaq məqsədi ilə YUNESKO-nun nümayəndələrinin Sabirabad, Saatlı və İmişli rayonlarındakı məcburi köçkün qəsəbələrinin, məktəblərin vəziyyəti ilə yaxından tanış olması YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil edilib.

Bütün bunlarla yanaşı, "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bir çox müəssisə əsaslı şəkildə bərpa olunaraq, müasir tələblər səviyyəsində yenidən qurulub, lazımi avadanlıqla təmin edilib.

Respublikamızın şəhər və rayonlarında yerləşən və tam yararsız vəziyyətdə olan 132 məktəb üçün yeni binaların tikilməsini əhatə edən proqram da ötən il reallığa çevrilib.

Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair keçən ildən icrasına başlanan layihə də Mehriban xanımın ideyasıdır.

Respublika Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanımın başçılığı altında görülən işlər sayəsində idmanın zəriflik, gözəllik, güc və incəsənəti özündə birləşdirən bu növü ölkəmizdə getdikcə populyarlaşmaqdadır. Respublikamızda Olimpiya hərəkatının genişlənməsinə öz töhfəsini verən Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq ötən il Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı yüksək səviyyədə keçirilib.

Qeyd edək ki, insanpərvərlik, humanizm, köməyə ehtiyacı olan konkret insanlara daimi qayğı, sosial problemlərin həlli ölkənin birinci xanımının xeyriyyəçilik fəaliyyətinə ilboyu yenə də başlıca xətt olub, onun bu sahədə gördüyü işlər xalq tərəfindən razılıqla qarşılanıb.

Mehriban xanımın qısa ictimai fəaliyyəti dövründə gördüyü geniş miqyaslı işləri, qazandığı uğurları nəzərə alan Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin birinci xanımını "2005-ci ilin adamı" elan edib. Biz də öz növbəmizdə bu ada layiq görülməsi münasibətilə onu ürəkdən təbrik edir, Vətənimiz və xalqımız qarşısındakı xidmətlərində yeni-yeni uğurlara imza atmasını arzulayırıq.”


Sevinc Paşayeva

Azad Azərbaycan.- 2006.- 8 yanvar.- № 2.- S. 2.