Çap etmək   ⁞     ⁞   UNESCO

Atəşgahda unudulmaz konsert


Avqustun 25-də Suraxanıdakı qədim Atəşgah məbədində ölkəmizdə rəsmi səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın, onun xanımının, YUNESKO-nun xoş məramlı səfirlərinin şərəfinə Azərbaycan incəsənət ustalarının iştirakı ilə böyük konsert olmuşdur.

Qəsəbə sakinləri YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanı hərarətlə, gül-çiçəklə qarşıladılar. Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı və xanımını səmimiyyətlə qarşıladı. Hörmətli qonağa və xanımına gül dəstələri təqdim edildi. Geniş konsert proqramında səslənən mahnı və muğamlar, oynaq rəqs havaları qonaqlarda Azərbaycanın zəngin mədəniyyətinin mühüm qollarından biri haqqında əyani təsəvvür yaradırdı. Konsert boyu məbədin divarındakı geniş ekranda Azərbaycanın təbiətini, tarixi abidələrini əks etdirən sənədli kinokadrlar bu təəssüratı daha da gücləndirirdi.

Mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın "Şöhrət" ordeni ilə təltif olunmasının böyük razılıq hissi ilə qarşılandığını vurğuladı, onu ölkəmizin elm, mədəniyyət, təhsil işçiləri adından təbrik etdi. Nazir YUNESKO-nun xoşməramlı səfiri, məşhur skripkaçı İvri Gitlisin ad günü olduğunu bildirərək, qocaman sənətçiyə təbriklərini yetirdi və onu səhnəyə dəvət etdi. İvri Gitlis öz qısa çıxışında avqustun 25-nin dünyanın bir çox tanınmış simalarının, gözəl sənətçilərin, məşhur insanların doğum günü olduğunu vurğuladı və dedi ki, bu insanlar içərisində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva da var. Mehriban xanımı bütün xoşməramlı səfirlər, YUNESKO ailəsi adından təbrik edən İvri Gitlis onu musiqi ilə salamladı.

Konsert atəşfəşanlıqla başa çatdı.

Atəşgahın həyətində rəqs edənlər Mehriban xanımı, qızları Leyla və Arzunu, cənab Koişiro Matsuura və xanımı, xoşməramlı səfirləri də rəqsə dəvət etdilər.

YUNESKO-nun baş direktoru Koişiro Matsuura bu konsertin onun və səfər yoldaşlarının qəlbində silinməz iz qoyduğunu, Azərbaycanın zəngin tarixi və mədəniyyəti, musiqisi ilə daha dərindən tanış olmağa imkan yaratdığını söylədi, bu xoş anları onlara bəxş edən Mehriban xanıma öz minnətdarlığım, ad günü münasibətilə ən xoş arzularını bildirdi. Mehriban xanım Əliyeva xoş sözlərə və təbriklərə görə YUNESKO-nun baş direktoruna təşəkkürünü bildirdi, ona Bakıya səfərini əks etdirən fotoalbom hədiyyə etdi.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər, xarici ölkələrin respublikamızdakı səfirləri, yaradıcı ziyalıların nümayəndələri konsertdə olmuşlar.


Xalq qəzeti. - 2005.- 26 avqust. - № 197. - S. 3.