Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xarici ölkələrin səfirləri ilə görüşmüşdür
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iyunun 8-də Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe ilə görüşmüşdür.
Səfiri və xanımını səmimiyyətlə salamlayan Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun tarixi, məqsədləri, fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, 2004-cü ildən fəaliyyət göstərən Fondun layihəsi ilə son iki ildə respublikanın bütün regionlarında, o cümlədən ən ucqar kəndlərdə 180 müasir tipli məktəb tikilib istifadəyə verilmiş, bütün lazımi avadanlıqla təmin edilmişdir. Daha 50 məktəbin tikintisi davam edir. Fond həm də səhiyyə sahəsində, elmin, mədəniyyətin inkişafına, informasiya texnologiyalarının tətbiqinə dair bir neçə layihə həyata keçirmişdir. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurulmuşdur.
Fondun fəaliyyətinə həsr edilmiş və yenicə çapdan çıxmış kitabı səfirə təqdim edən Mehriban xanım, burada Fondun fəaliyyətinin geniş əks olunduğunu söylədi.
Səfir Tadahiro Abe Yaponiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, bu şərəfli missiyanın davam etməsinə bütün mümkün vasitələrlə kömək göstərəcəyini vurğuladı. Diplomat Mehriban xanımın istər ölkə daxilində, istərsə də beynəlxalq qurumlarda dəyərli fəaliyyətini yüksək qiymətləndirdi, Yaponiyanın bir sıra ictimai təşkilatlarının Fondla əməkdaşlıq etmək istədiyini bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində işgüzar fikir mübadiləsi edildi.
* * *
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iyunun 8-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Xayçjou ilə görüşmüşdür.
Azərbaycanın Çin ilə əlaqələrinin günü-gündən inkişaf etdiyini xatırladan Mehriban xanım, əməkdaşlığın daha da genişlənməsi üçün potensial imkanların da çox olduğunu bildirdi. Xüsusilə mədəniyyət, təhsil, səhiyyə sahəsində belə imkanların uğurlu nəticələr verə biləcəyinə inandığını söylədi.
Ötən il Fondun illik fəaliyyətinə həsr olunmuş toplantıda iştirak etdiyini xatırladan səfir Çjan Xayçjou Azərbaycanın birinci xanımının Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi çoxşaxəli fəaliyyətinin bütünlüklə öz xalqının təhsil, elm, mədəniyyət, səhiyyə, sosial sahələrdə inkişafına həsr etdiyinə ürəkdən inandığını bildirdi. O, Mehriban xanımın Dünya Səhiyyə Təşkilatlının yüksək mükafatına, digər beynəlxalq mükafatlara layiq görülməsini belə dəyərli işlərə verilən qiymətin təzahürü olduğunu vurğuladı. Çinlə Azərbaycanı birləşdirən tellərin möhkəmlənməsinə töhfəsini əsirgəməyəcəyini deyən diplomat ölkəsinə xoş münasibətə, səmimi qəbula görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Səmimilik şəraitində keçən görüşdə bir sıra məsələlər barəsində də söhbət aparıldı.
Qonağa Heydər Əliyev Fondu haqqında kitab hədiyyə olundu.
* * *
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iyunun 8-də daha bir görüşü Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarslıoğlu ilə olmuşdur.
Azərbaycanın birinci xanımı səfiri yeni təyinatı münasibətilə təbrik etdi, fəaliyyətində uğurlar arzuladı.
Mehriban xanım Əliyeva səfirə Heydər Əliyev Fondunun yaranma tarixi, məqsədləri, fəaliyyəti barədə kitabı və görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Türkiyədə çapdan çıxmış dörd kitabını hədiyyə etdi.
Səfir Azərbaycanın birinci xanımının fəaliyyətinə Türkiyədə həmişə yüksək diqqət verildiyini, mətbuatda da dəfələrlə xüsusi yazılar dərc edildiyini bildirdi. Ölkəmizin bütün sahələrdə inkişafının Türkiyədə qürurla izləndiyini deyən səfir, öz fəaliyyətində ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi səciyyələndirdiyi xalqlarımızın və ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına çalışacağını söylədi.
Mehriban xanımın səfirliyin təzə binasındakı şərait barədə sualına cavab verən səfir, burada ən müasir tələblərə uyğun şərait yaradıldığını, heç bir problemin olmadığını bildirdi, eyni zamanda binanın açılış mərasimində Azərbaycan Prezidenti ilə birlikdə iştirakına görə Mehriban xanıma təşəkkür etdi.
Hüseyn Avni Qarslıoğlu dünya şöhrətli liderin adını daşıyan Fondda səmimi görüşə görə Mehriban xanıma minnətdarlığını bildirdi.
AzərTAc
2007, 9 iyun