Azərbaycan gimnastı İtaliyada keçirilən beynəlxalq çempionatda dörd gümüş medal qazanmışdır
Azərbaycan gimnastı Anna Qurbanova İtaliyada keçirilən Spoleto Cup beynəlxalq turnirində dörd gümüş medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, çoxnövçülükdə ilk çıxışından sonra ikinci nəticəni göstərmiş A.Qurbanova Belarusun nümayəndəsi Mariya Yuşkeviçi qabaqlamışdır. O, bu uğurunu halqa, gürz və lentlə hərəkətlər üzrə finallarda da təkrarlamışdır.
A.Qurbanova demişdir ki, öz çıxışından və nəticələrdən razıdır. O, cüzi fərqlə yalnız Rusiya gimnastı Yevgeniya Kanayevaya uduzmuşdur: “Bu, olduqca güclü, maraqlı yarışdır və burada iştirak etmək həmişə xoşdur. Hər üç finala vəsiqə qazanmış Zeynəbə də əhsən deyirəm!”
Zeynəb Cavadlı finalda lentlə ən yaxşı nəticə göstərərək, 5-ci yeri, ip və halqa ilə 7-ci, çoxnövçülükdə isə 8-ci yeri tutmuşdur.
Gimnastika Federasiyasından bildirmişlər ki, digər gimnastlarımız Aliyə Qarayeva, Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarovadan ibarət qrup komandası dekabrın 5-7-də Pekində keçiriləcək olimpiyaqabağı test turnirində iştirak edəcəklər. Turnirə hər ölkədən bir gimnast və 2008-ci ilin Olimpiadasına lisenziya qazanmış qrup kollektivləri qatılacaqlar.
Həmin vaxt Minskdə akrobatik gimnastika üzrə beynəlxalq turnir keçiriləcəkdir. Turnirdə Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət cütlük iştirak edəcəkdir.
Bu arada paytaxtımızda Bakı gimnastika məktəbinin əsasını qoymuş əməkdar məşqçi Cavid Əmirovun xatirəsinə həsr olunmuş tamblinq (akrobatik xalçada tullanmalar) üzrə 7-ci Azərbaycan çempionatı başa çatmışdır. Turnirdə Bakı gimnastika məktəbini, “Təhsil” cəmiyyətini və Dəvəçi rayonunu təmsil edən 30 gimnast iştirak etmişdir.
İdman ustaları arasında birinci yeri 101,7 balla Hafiz Rzayev tutmuşdur. Gümüş medala ötənilki çempion Səid Səlimov, bürünc medala isə Timur Oduşev (hamısı gimnastika məktəbindən) layiq görülmüşlər.
Ustalığa namizədlər arasında Nəbi Mirzəliyev və Nərminə Minequlova (hər ikisi gimnastika məktəbindən) ən yaxşı nəticə göstərmişlər.
Birinci dərəcəli idmançılar arasında Cəlal Əzizli və Sevda Nəsrullayeva, ikinci dərəcəlilər arasında İsmayıl Hacızadə və Aytən Şükürova, üçüncü dərəcəlilər arasında isə Fərid İskakov (hamısı Bakı gimnastika məktəbindən) fərqlənmişlər.
Tamblinq üzrə Azərbaycan yığmasının baş məşqçisi Arif Qafarov idmançıların yüksək səviyyəsini vurğulayaraq demişdir ki, dəvəçili gimnastlar da yaxşı təsir bağışlamışlar. Bir sözlə, gimnastikanın bu növü təkcə Bakıda deyil, bölgələrdə də getdikcə daha geniş inkişaf edir.
AzərTAc
2007, 3 dekabr