Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsində YUNESKO ilə əməkdaşlığın rolu


1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etməyə başladı. Bu beynəlxalq təşkilatlar içərisində BMT-nın Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - YUNESKO öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verir. Eyni zamanda, xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən YUNESKO ilə Azərbaycanın əlaqələri öz tarixinə görə ölkəmizin BMT-yə qəbul olduğu dövrdən əvvəlki illərə təsadüf edir.

Azərbaycan Respublikası BMT-nin ixtisaslaşmış qurumu olan YUNESKO- ya 1992-ci iyulun 3-də üzv qəbul olunmuşdur (12). Azərbaycanın YUNESKO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993- cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanmışdır. Belə ki, Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında ən mühüm addım Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa Respublikasına 1993-cü ilin dekabrın 19-dan 21-dək davam edən ilk rəsmi səfəri çərçivəsində YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır (2, s.38-40). Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri və inkişaf perspektivləri müzakirə edilmişdir.

YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və 1994-cü il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bununla əlaqədar sərəncam imzalamışdır (8). Sərəncama əsasən Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, Xarici İşlər Naziri onun sədri təyin edilmiş və eyni zamanda sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli- mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaratdı.

Bundan sonra Respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 2005-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır (12). Sərəncama əsasən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycanın YUNESKO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.

1994-cü il iyunun 18-də Budapeştdə YUNESKO-nun Avropa regionu komitəsinin VII sessiyasında Azərbaycan bu komitəyə üzv seçildi (6, s.172). Məlumdur ki, Avropa regionu üçün akademik tanınma məsələsi bu komitə tərəfindən həll olunur. Akademik tanınma tədris kurslarının, ali təhsil haqqında diplomların, elmi ad və dərəcələrin beynəlxalq səviyyədə qəbul olunmasını əhatə edir. Azərbaycanın akademik tanınma konvensiyasına qəbul olunmasına üzv- ölkələr tərəfdar çıxdılar. Beləliklə, Azərbaycan YUNESKO-nun Avropa regionu komitəsinə daxil olan ölkələr tərəfindən irəli sürülən akademik tanınma konvensiyasına qəbul edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhsil və elm sahəsində qazandığı böyük uğurlarından biri idi.

Azərbaycanla YUNESKO arasındakı əlaqələrin möhkəmlənməsində Respublika Prezidenti Heydər Əliyevin bu ixtisaslaşmış qurumun baş direktoru Federiko Mayorla görüşləri müstəsna əhəmiyyət kəsb edir. Keçirilən görüşlərdə Azərbaycanla bağlı təhsil, elm və mədəniyyət məsələləri müzakirə edilmişdir. 1994-cü il noyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və YUNESKO-nun baş direktoru Federiko Mayor tərəfindən Azərbaycan Respublikası ilə YUNESKO arasında əməkdaşlıq haqqında memorandum imzalandı (6,s.173). Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

YUNESKO-nun baş qərargahında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş mərasimin keçirilməsi, həmin tədbirdə Federiko Mayorun şəxsən iştirakı, nəhayət, Baş direktorun 1996-cı ilin noyabrında Bakıya gəlişi və yubiley mərasimlərində iştirakı əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanla YUNESKO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasını göstərən amillərdəndir.

Səfər zamanı mədəniyyət sahəsində ikitərəfii əməkdaşlıq haqqında saziş də imzalanmışdır (19). Bununla yanaşı, “Mədəni sərvətlərin qanunsuz olaraq ölkədən aparılması, gətirilməsi və onların barəsində mülkiyyət hüququnun başqasına verilməsini qadağan etmək yolları” haqqında beynəlxalq konvensiyanın müddəalarını əsas götürməklə Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi-mədəniyyət abidələrinin qaytarılması, mühafizəsi və bərpası istiqamətində YUNESKO ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

BMT-nin ixtisaslaşmış qurumları ilə elm sahəsində əməkdaşlıq özünü əsasən elmi konfranslarda, simpoziumlarda, seminarlarda iştirak etməkdə göstərir. Azərbaycan alimləri müxtəlif məsələlərə həsr olunmuş konfrans və seminarlarda çıxış etməklə yanaşı, qlobal problemlərlə bağlı beynəlxalq məclislərdə də öz sözlərini deyirlər. Bir sıra elmi toplantıların Bakıda keçirilməsi isə, Azərbaycan elminin böyük uğurudur. Qeyd etmək lazımdır ki, YUNESKO dünya şöhrətli alimlərin elmi irsinin öyrənilməsinə və təbliğinə də xüsusi diqqət verir. Görkəmli Azərbaycan alimi akademik Azad Mirzəcanzadənin elmi-pedaqoji irsi haqqında YUNESKO xətti ilə konfrans keçirilməsi qərarı hələ 1992-ci ildə qəbul edilmişdi. Bu cür konfransların keçirilməsi istər Azərbaycan alimlərinin dünyada tanınmasında, istərsə də respublikada elmin inkişafında böyük əhəmiyyət kəsb edir.

BMT və onun ixtisaslaşmış qurumları ilə mədəni əlaqələr çərçivəsində sərgilərin, baxış müsabiqələrinin, foto sərgilərin təşkil edilməsi səmərəli nəticələr vermişdir. Görkəmli Azərbaycan rəssamı S.Bəhlulzadənin əsərlərindən ibarət sərginin BMT-nin Nyu-Yorkdakı iqamətgahında nümayiş etdirilməsi respublikanın təsviri incəsənət sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilməlidir (19).

BMT Baş Katibinin həmin sərginin açılışında iştirakı Azərbaycan mədəniyyətinə göstərilən böyük diqqətdir. YUNESKO Baş Direktorunun kabineti yanındakı sərgidə dünya incəsənət inciləri ilə bir sırada Lətif Kərimovun müəllifi olduğu “Memar Əcəmi” xalçasının asılması (bu xalça 1983- cü ildə Bakıda YUNESKO xətti ilə keçirilən xalça simpoziumunda o dövrki Baş direktor A.Bouya hədiyyə edilmişdi) Azərbaycan mədəniyyətinə olan diqqətin nəticəsi idi. Azərbaycan YUNESKO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış saziş təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı idi. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihə reallaşdırılmağa başladı, 2000-ci il YUNESKO tərəfindən Böyük İpək yolu - TRASEKA ili elan olundu (19).

Bundan əlavə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur. Bu mənada, Azərbaycanın qoşulduğu YUNESKO konvensiyalarından - Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il tarixli Konvensiyası, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiyası, Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, Ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il tarixli regional Konvensiyası, mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiyalarının adlarını çəkmək olar (19).

Ümummilli lider Heydər Əliyevin 1997-ci il sentyabrın 3-də YUNESKO-nun Baş direktoru Federiko Mayora ünvanladığı məktubunda YUNESKO-nun İnsanların Sülh Hüququ haqqında Bəyannaməsinin qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab etdiyini və bəyannamə layihəsini dəstəklədiyini baş direktorun diqqətinə çatdırdı. Bununla yanaşı, məktubda Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyi qeyd edilirdi 0.0).

Ümummilli liderin məktubunda, xüsusilə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsinə, 1 milyondan artıq vətəndaşımızın öz yurdlarından didərgin düşməsinə, mədəni sərvətlərimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Respublikasının sülhsevər siyasət apararaq, ölkədə siyasi sabitliyə, vətəndaş həmrəyliyinə nail olduğunu və bu münaqişəni yalnız sülh yolu ilə həll etmək niyyətində olduğu bildirilirdi. Məktubda bütün bunların Azərbaycanın insan hüquqlarına nə qədər hörmət etməsinin əyani sübutu olduğunu və Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyi qeyd edilmişdir.

Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım ümummilli lider Heydər Əliyevin 1997-ci il aprelin 20-də "Kitabi- Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərman olmuşdur (9). Yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülüb və bütün bunları yüksək qiymətləndirən ümummilli lider "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb. Bu tədbirlərə YUNESKO nümayəndələri də biganə yanaşmamış və 2000-ci il “Kitabi Dədə Qorqud Dastanının” 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuşdur (1, s.222). Bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatmışdır.

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də YUNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi YUNESKO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi YUNESKO-nun Təhlükə altında olan abidələr Siyahısından çıxarılmışdır (20).

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilmişir (20).

1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov YUNESKO - Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır. 2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur (11). 2008-ci ildə məşhur Azərbaycanlı bəstəkar və pedaqoq Firəngiz Əlizadəyə YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilmişdir. Dünya mədəni irsinə verdiyi töhfələrə görə Azərbaycanın xalq rəssamı Tahir Salahov YUNESKO-nun "Pikasso" qızıl medalına layiq görülmüşdür.

2009-cu il 28 sentyabr - 02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir ki, bu da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir (19).

Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə qalxmış, ümumdünya mədəniyyətinin bir parçası olmuşdur. YUNESKO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı üçün şərait yaranmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində YUNESKO vasitəsilə müxtəlif ölkələrlə və eləcə də təşkilatın özü ilə geniş əlaqələr qurur və əməkdaşlığını genişləndirir.

Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rolu olmuşdur. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyət, təhsil və idman sahəsində geniş fəaliyyət göstərir. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, xanım Mehriban Əliyeva ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürmüşdür.

Keçən illər ərzində YUNESKO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir (19).

Ümumiyyətlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-YUNESKO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlmişdir. Bununla yanaşı, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatının müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə xanım Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür (13).

Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl- Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir (14).

2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak ediblər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci xanımların Bəyanatı qəbul olunmuşdur (15).

Bundan əlavə, beynəlxalq forumda iştirak edən İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomla təltif etmişdir (16). Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın olması olduqca əlamətdardır.

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm tədbirin keçirilməsi, xüsusilə 2011-ci il aprelin 7-8-də Bakıda Ümumdünya Mədəniyyətlərarası dialoq üzrə forumunun keçirilməsi, eləcə də Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli- mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir”.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdur.

Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu baxımdan ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır.

Təqdirəlayiq haldır ki, bu istiqamətdə həm dövlət, həm də qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir.

Azərbaycan muğamının, aşıq sənətinin, milli xalçaçılıq sənətimizin YUNESKO tərəfindən bəşəriyyətin qeyri- maddi mədəni irs xəzinəsinə daxil edilməsi, ədəbiyyat, mədəniyyət korifeylərimizin dünyaya tanıdılması, onların yubileylərinin YUNESKO miqyasında qeyd olunması hamımızda məmnunluq doğurur. Azərbaycan incəsənəti, klassik musiqi, muğam, aşıq, xalçaçılıq sənəti ilə bağlı ölkəmizdə keçirilən beynəlxalq festivallar, toplantılar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilər, alimlər arasında fikir mübadiləsi, dialoq atmosferi üçün geniş imkanlar yaradır. Dünyanın liderləri, mədəniyyət, elm, din xadimləri Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlərdə qlobal problemlərin həll yollarını arayır.

Hələ 2005-ci ilin oktyabrında YUNESKO- nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində Parisdə keçirilmiş “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamış, sonrakı illərdə bu yöndə əməli addımların, konkret təşəbbüslərin irəli sürülməsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqlədi.

Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, bu il çərçivəsində də respublikamızın paytaxtı festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrildi. Bütün bu fəaliyyətin nəticəsində, 2010-cu il iyulun 30-da YUNESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun Baş Direktoru İrina Bokova tərəfindən qızıl Motsart medalı təqdim olunmuşdur (17).

“Bakı İslam Mədəniyyəti Paytaxtı - 2009” ilinin açılışında çıxış edən prezident İlham Əliyev demişdir: “Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, əmin-amanlıq olsun, sivilizasiyalar arasında dialoq daha da möhkəmlənsin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır”. Təbii ki, Azərbaycanı dünya üçün mənəvi ünsiyyət, mədəniyyətlərarası dialoq məkanına çevirən bu tədbirlərin, məqsədyönlü fəaliyyətin zirvəsi ölkəmizin ev sahibliyi edəcəyi Dünya Forumu olmalı idi. Məlum olduğu kimi, mədəniyyətlərarası dialoqa həsr olunan Dünya Forumu barədə təşəbbüs 2008-ci il dekabrın 2-3-də Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakıda keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdür (16).

“Bakı Prosesi” adını alan təşəbbüs Azərbaycan rəhbərliyinin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və işbirliyinə verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan bu beynəlxalq tədbirə bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa рəncərə açdı. Konfransda çıxış edən prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Mən çox istərdim ki, bu gün başlanan “Bakı prosesi” uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin” (16). Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi prosesin əsası qoyuldu. Ötən müddətdə “Bakı Prosesi”nin ideyadan praktik müstəviyə keçməsi üçün görülən işlər nəticəsini vermiş və Azərbaycan paytaxtın 2011-ci il aprelin 7-8-də ilk dəfə olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir (18).

Bütün yuxarıda göstərilən Azərbaycanın çoxtərəli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda aydın olur ki, müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, о cümlədən YUNESKO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya təkan vermiş və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulmuşdur.

QEYDLƏR:

1. Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001,280 s.

2. Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır /tərtibçi - Şükürov İ/. Bakı, 1994, 175 s.

3. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I -XXXVIII kitablar. Bakı, 1997-2012.

4. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik, Bakı, 2005.

5. Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991-1996-cı illər). Bakı, 2000, 368 s

6. Rəcəbli H. BMT-nin ixtisaslaşmış qurumları. Bakı, 2003, 256 s.

7. “Azərbaycan” 10 iyun 1992-ci il

8. “Azərbaycan” 22 fevral 1994-cü il

9. “Azərbaycan” 21 aprel 1997-ci il

10. “Azərbaycan” 5 sentyabr 1997-ci il

11. “Xalq qəzeti” 8 noyabr 2003-cü il

12. “Azərbaycan” 15 sentyabr 2005-ci il

13. “Azərbaycan” 6 noyabr 2006-cı il

14. “Azərbaycan” 27 noyabr 2006-cı il

15. “Azərbaycan” 10-11 iyun 2008-ci il

16. “Azərbaycan” 3-4 dekabr 2008-ci il

17. “Azərbaycan” 31 iyul 2010-cu il

18. “Azərbaycan” 8 aprel 2011-ci il

19. Azərbaycan və YUNESKO - www.mfa. gov.az

20. Azorbaycan və YUNESKO - www. azembassy.ma/unesco_az.

21. www.unesco.org/ new/en/

22. www.unesco.org/ new/ru/

23. www.unesco.org/ comnat/azerbaidjan/az/

Açar sözlər: Azərbaycan, YUNESKO, beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq, əməkdaşlıq

Key Words: Azerbaijan, UNESCO, international relations, intercultural dialogue, cooperation

Ключевые слова: Азербайджан, ЮНЕСКО, международные отношения, межкультурный диалог, сотрудничество


Aynur Farmanova

The Academy of Public Administration under the President of the Republic of Azerbaijan, Senior lecturer

The role of co-operation with UNESCO in the development of international relations of Azerbaijan

SUMMARY

International cultural relations of Azerbaijan with UNESCO in cooperation context are analyzed in the article. The establishment and development of Azerbaijani relations with the UNESCO are learned in the article. The stage of cooperation between Azerbaijan and UNESCO in education, science, culture and humanitarian fields are shown in the article. At the same time, in the article the highest level of development of relations with UNESCO considered as a result of Mrs Aliyeva’s activity, the President of the Heydar Aliyev Foundation, Goodwill Ambassador of UNESCO and ISESCO.


Айнур Фарманова

Старший преподаватель Академии Государственного Управления при Президенте Азербайджанской Республики

Роль сотрудничества с ЮНЕСКО в развитие международных отношений Азербайджана

РЕЗЮМЕ

В статье исследованы международных отношения Азербайджана в рамках сотрудничества с ЮНЕСКО. В работе были исследованы создание и развитие отношений между Азербайджаном и ЮНЕСКО. В статье показываются и анализируются этапы сотрудничества Азербайджана и ЮНЕСКО, в научной, образовательной, культурной и гуманитарной сферах. Кроме того, в статье развитие и достижение высокий уровня отношений Азербайджана с ЮНЕСКО рассматривается как результат деятельности президента Фонда Гейдара Алиева, посла доброй воли ЮНЕСКО и ИСЕСКО, Мехрибан Алиевы.


Aynur Fərmanova,
A
zərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
baş müəllimi

Geostrategiya.- 2013.- № 2.- S. 55-60.