Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Bakıda Bədii Gimnastika üzrə AGF kuboku yarışları başlanmışdır


Mayın 13-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə ilk kubok yarışları start götürmüşdür. Dünya Kubokunun mərhələsi statusu olan turnirdə 24 ölkənin 105 gimnastı iştirak edir. Üç gün ərzində onlar fərdi proqram üzrə və qrup hərəkətlərində yarışacaqlar.

Açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, Beynəlxalq Gimnastika Federasiyasının (BGF) nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.

Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev çıxışında demişdir ki, Azərbaycanın dövlət müstəqilliyinə qovuşduğu vaxtdan ötən qısa müddətdə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanmışlar. Bütün bunlar Azərbaycanda idman hərəkatının inkişafına, gənc idmançıların uğurlarına həmişə diqqət yetirmiş ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu xətti məqsədyönlü şəkildə davam etdirir.

Nazir Azərbaycan gimnastlarının beynəlxalq yarışlarda müvəffəqiyyətlərini və bu sahədə Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rolunu vurğulamışdır. Bakıda keçirilən indiki yarışları idmanın inkişafına böyük diqqət yetirilən ölkə kimi Azərbaycanın nüfuzunun möhkəmləndiyini göstərən amil adlandırmış və ölkəmizdə idmanın bu növünün yüksəlişinə təkan verəcəyini bildirmişdir. Nazir buna görə Beynəlxalq Gimnastika Federasiyasına təşəkkür etmişdir.

BGF-nin Bədii Gimnastika üzrə Texniki Komitəsinin prezidenti Eqle Abruzini qonaqpərvərliyə görə, oktyabrın 3-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə XXVII dünya çempionatına test xarakteri daşıyan AGF kuboku yarışlarının yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirmişdir.

Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

Sonra konsert proqramı olmuşdur. Turnirin birinci günü iştirakçılar ip və topla hərəkətlərdə fərdi proqram üzrə mübarizə aparmışlar.

Mayın 13-də keçirilən final yarışlarında beş lentlə qrup hərəkətlərində birinci yeri 14,825 bal toplayan Rusiya komandası, ikinci yeri bolqarlar (14,300), üçüncü yeri italyanlar (13,875) tutmuşlar. Azərbaycan komandası doqquzuncu olmuşdur.


Xalq qəzeti.- 2005.- 14 may.- S. 2.