Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər planlaşdırır

Layihələr il ərzində davam edəcək


Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbirlər planlaşdırır. Bu barədə qəzetimizə açıqlamasında millət vəkili Qənirə Paşayeva məlumat verib. O bildirib ki, fondun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının tanıdılması, dünyaya çatdırılması istiqamətində çox böyük layihələr var. Bu layihələr bu il ərzində də davam edəcək. Q. Paşayeva bildirib ki, fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın uzun müddətdən bəri başlatdığı "Xocalıya ədalət!" kampaniyası da davam edir. Dünyada bu kampaniyaya qoşulan insanların sayı günü-gündən çoxalır. Bu istiqamətdə görülən işlər bundan sonra da davam edəcək.

Q. Paşayeva bildirib ki, Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində həddindən artıq böyük işlər görüb. Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində sözügedən fondun rəhbəri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə çox böyük işlər həyata keçirilib: "İndiyə qədər Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi, filmlərin nümayiş olunması və sair bu qəbildəndir. Fond tərəfindən Xocalı soyqırımına dair müxtəlif dillərdə filmlər hazırlanıb. Həmçinin Xocalı soyqırımı ilə bağlı foto-sərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib. Bununla yanaşı, "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi və sair böyük tədbirlər təşkil olunub. Bunlar hamısı Fondun və ələlxüsus Mehriban xanımın Xocalı soyqırımının tanıdılması istiqamətində çox böyük xidmətləridir: "Bizim hər birimiz harada yaşamağından asılı olmayaraq, bu kampaniyalara dəstək verməliyik. Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Burada hər kəsin üzərinə düşən bir məsuliyyət payı var. Hamı o məsuliyyəti başa düşməlidir. Heç kəs gözləməməlidir ki, bunu kimsə başqaları etməlidir".

Onu da qeyd edək ki, Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşan ərəfədə hər zaman bu məsələ - sözügedən faciənin soyqırımı aktı kimi Türkiyə Böyük Millət Məclisində (TBMM) tanınması məsələsi gündəmə gəlir. Görəsən, nəhayət, TBMM Xocalı qətliamını soyqırımı kimi tanıya bilərmi?

Q. Paşayevanın qeyd etdiyinə görə, Xocalı soyqırımının ildönümlərində bir neçə dəfə Türkiyədə, TBMM-də olub. Burada bir neçə millət vəkili Xocalı soyqırımı ilə bağlı çıxışlar edir, bu qətliamın baiskarlarının, günahkarlarının pislənməsi, məsuliyyətə cəlb olunması tələbləri irəli sürülür. Bununla belə, hər bir Azərbaycan vətəndaşının, hamımızın arzusu odur ki, TBMM-də Xocalı soyqırımı ilə bağlı geniş dinləmələr təşkil olunsun və bu dinləmələrin yekun olaraq Xocalı qətliamının soyqırımı aktı kimi tanınması ilə bağlı sənəd qəbul edilsin: "Bilirsiniz, bir atalar məsəlində deyildiyi kimi, uman yerdən küsərlər. Türkiyə bizim ən yaxın dostumuz, qardaş dövlətimizdir. Biz iki dövlət, bir millətik. Eyni zamanda, onu da qeyd edim ki, Türkiyə xalqı və dövləti daim Qarabağ məsələsində Azərbaycanın yanındadır. Bununla belə, hamının könlündə olan istək budur ki, Türkiyə parlamenti də Xocalı faciəsini soyqırımı aktı kimi tanısın".

Millət vəkili əlavə edib ki, Xocalı faciəsinin soyqırımı aktı kimi TBMM tərəfindən indiyənədək tanınmamasının müəyyən səbəbləri var: "Türkiyəli dostlarımızla, siyasətçilərlə bu yöndə söhbətlər apararkən onlar bildirirlər ki, bu məsələ onların da ürəyindən keçir. Onlar vurğulayırlar ki, biz də istəyirik elə günü sabah Xocalı faciəsini müzakirə edək və onu soyqırımı kimi tanıyaq. Ancaq onlar Türkiyənin dünyanın müəyyən reallıqları ilə üz-üzə qaldığını qeyd edərək, TBMM-in Xocalı faciəsini rəsmən soyqırımı aktı kimi tanımasına çətinlik çəkdiyini dilə gətirirlər. Hesab edirəm ki, burada Türkiyə dövlətini də, parlamentini də, türkiyəli dostlarımızı da başa düşmək olar. Ancaq biz istərdik ki, Türkiyə Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk dövlət olsun".

Millət vəkili onu da bildirib ki, bu məsələdə təkcə Türkiyə ilə kifayətlənmək olmaz. Azərbaycan Xocalı soyqırımının tanınmasını təkcə Türkiyədən ummamalıdır. Bunun üçün dünyanın ən müxtəlif ölkələrində iş aparmalıdır. Bu işdə diplomatik korpuslarımızla, səfirliklərimizlə yanaşı, həmin ölkələrdəki diaspor təşkilatlarımızın, əlaqələndirici rolunu oynayan dövlət qurumlarının üzərinə çox böyük işlər düşür. Millət vəkili bildirib ki, hazırda xaricdəki Azərbaycan diaspor təşkilatlarının vəziyyəti heç də arzuolunan səviyyədə deyil: "Onların özlərində də bir sıra problemlər var. Yəni diaspor təşkilatlarımızın özündə də milli məsələlərə sahiblənmək prosesi hələ yeni-yeni başlamaqdadır. Əgər xaricdəki diaspor təşkilatlarımız milli məsələlərə tezliklə sahiblənsə, eyni zamanda, fəaliyyətimizi genişləndirməyə, işlərimizi sürətləndirməyə nail ola bilsək, onda təbii ki, Xocalı qətliamının soyqırımı aktı kimi tanınmasına nail ola bilərik. Onu da qeyd edim ki, bu işləri həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bunlara bir-iki ilin içində nail olmaq qeyri-mümkündür. Ermənilər də öz uydurma soyqırımlarını tanıtmaq üçün uzun illərdən bəri fəaliyyət göstəriblər və bu fitnəkar əməllərini bu gün də davam etdirməkdədirlər. Yəni Xocalı qətliamının soyqırımı kimi tanınması bir-iki günün məsələsi deyil. Bunun üçün hələ çox çalışmalıyıq, əlimizdən gələnləri və gəlməyənləri əsirgəməməliyik".


İlham Quliyev

Kaspi.- 2010.- 19 yanvar.- № 10.- S. 4.