Çap etmək   ⁞     ⁞   UNESCO

Uğuruna alqış, Vətən!... yaxud misgərlik sənətimiz UNESCO-da


Böyük itkilər bahasına ikinci dəfə öz müstəqilliyini əldə etmiş ölkəmizin qüdrəti artdıqca dostlarımız sevinir, düşmənlərimiz isə xar olur. Bu qüdrətin yenilməz dayaq nöqtəsi olan dövlətimiz nəinki hərbi-siyasi, sosial-iqtisadi, həmçinin yüksək mədəni nailiyyətləri ilə bu gün dünyanı fəth etməkdədir. Bu da təbiidir. Çünki bu uğurların əsası dövlətçiliyimizin ecazkar memarı, fövqəldahi ümummilli liderimizin təməl daşını qoyduğu bünövrədən başlamışdır.

Nə gözəl ki, bu bünövrədən ucalan əbədiyaşar xoşbəxt Azərbaycan abidəsini onun layiqli övladı, həm də siyasi varisi, məharətli və mərhəmətli Prezidentimiz İlham Əliyev ucaldır...

Bu abidənin dayaq sütunlarından biri olan mədəniyyətimizin dünya miqyasında qazandığı qələbələr isə şübhəsiz ki, milli-mənəvi mədəniyyətimizin bir araşdırıcısı kimi məni hamıdan artıq fərəhləndirir.

Belə uğurların, qələbələrin müvəffəqiyyətlə əldə edilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, dövrümüzün Sara xatunu Mehriban xanım Əliyevanın böyük və fədakar əməyi xüsusi alqışlara layiqdir.

Bu günlərdə eşitdiyim yeni bir xoş xəbər isə qəlbimi daha da riqqətə gətirdi. Milli mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın təşəbbüs və dəstəyi ilə muğam-musiqi ifaçılıq sənəti (o cümlədən insan səsi və instrumental ifaçılıq sənəti), aşıq-musiqi ifaçılıq sənəti (insan səsi və instrumental-saz ifaçılığı sənəti), "Novruz" bayram mərasimi, xalça və xalçaçılıq toxuculuğu sənəti, tar və tar instrumental ifaçılığı sənəti, kəlağayı toxuculuğu və bəzəyi sənəti ilə yanaşı, qədim xalq məişəti vasitəsi olan misgərlik sənəti də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir (bunun əksinə olaraq, düşmənlərimizin öz adlarına çıxıb UNESCO-ya təqdim etdikləri xalqımızın qədim milli rəqslərindən olan "Köçəri" bu təşkilatın dəyər ölçülərinə uyğun gəlmədiyinə görə rədd edilmişdir. Təbii ki, burada da böyük hamimizin təkidi öz təsirini qeyri-şərtsiz göstərmişdir). Həmçinin çövkən - ənənəvi Qarabağ atüstü xalq oyununun isə UNESCO-nun təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alması məndə başqa bir xoş təəssürat yaratmışdır.

Misgərlik sənətinin coğrafiyası zamanında Azərbaycanın geniş ərazisini əhatə etsə də, gündən-günə çiçəklənən bugünkü ölkəmizin dilbər guşələrindən biri olan İsmayıllı rayonunun Lahıc qəsəbəsində daha geniş vüsət almış, müasir elm və texnikanın sürətli inkişafına baxmayaraq, bu sənət ilkin mahiyyət və dəyərini nəinki zəmanəmizə çatdırmış, hətta XXI əsrdə belə özünü dünyaya təqdim etməyi bacarmışdır.

Bu sənətin məmulatları bir çox dünya xalqlarının sevimli ev əşyalarına çevrilmiş, həmçinin əksər dünya dövlətlərinin muzeylərini, o cümlədən də ayrı-ayrı kolleksionerlərin sərgi salonlarını bu gün də bəzəməkdədir.

Lahıc qəsəbəsi tariximizin XVIII-XIX əsrlərində Azərbaycanın misgərlik məmulatları və silah istehsalı mərkəzlərindən biri olmuşdur. Lahıcda misgərlik sənətinin belə yüksək səviyyədə gəlib günümüzə çatmasının bir səbəbi budursa da, digər səbəbi şübhəsiz ki, buradakı insanların, sənətkarların bu peşəyə hədsiz sevgi və məhəbbəti olmuşdur.

Burada misgərlər məişətdə işlənən mürəkkəb və incə naxışlarla bəzədilmiş dolçalar, sərniclər, satıllar, məcməyilər, sərpuşlar, güyümlər, aşsüzənlər, kəfgirlər, kasalar, camlar, qazanlar, badyalar, səhənglər, çıraqlar və s. bu kimi məmulatlar hazırlamaqla yanaşı, eyni zamanda buradakı sənətkarlar odlu (tüfənglər, müxtəlif çaplı tapançalar və s.) və soyuq (xəncər, beybud, qılınc, bıçaq və s.) silahlar hazırlamağı ilə də məşhur olmuşlar.

Lahıc təkcə misgərlik sənəti və misgərləri ilə məhşur olmamışdır, həmçinin burada yaşayıb yaradan digər peşə sahiblərinin - zərgərlərin, sərracların (yəhər düzəldənlərin), palançıların, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların (dəri-gön aşılıyanların), çəkməçilərin, çarıqçıların və s. sahələr üzrə sənətkarların da məskəni olmuşdur. Bu sənətkarların da əl işləri, maddi mədəniyyət nümunələri kimi, hazırda dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

Deməli, bu gün məhz "Lahıc misgərlik sənəti"nin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi heç də təsadüfi olmamışdır.

Bu xeyirxah işdə milli mədəniyyətimizin əvəzsiz himayədarı Mehriban xanıma yaxından köməklik etmiş Mədəniyyət və Turizm Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəliyinə və bu sahə üzrə mütəxəssis-ekspertlərə dərin təşəkkürümü bildirməyi də özümə borc bilirəm.

Azərbaycan misgərliyinin tarixinə nəzər saldıqda görürük ki, bu peşə dəmir dövründən qalma bir sənətdir. Aparılan tədqiqatlar və həmin sənətin bu gün də sevilə-sevilə yaşadılması təsdiqləyir ki, vətənimizdə misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. O da məlumdur ki, bu ərazilərdə tapılan ilk mis-metal işləmələrin tarixi Neolit dövrünə aiddir. Miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sənət növü kimi isə onun təşəkkül tapması artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən yüksək inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan mis eksponatlar da sübut edir.

Mis üzərində işləyən sənətkarlar imzalarını onun üzərinə həkk etdikləri üçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adına çıxması mümkün olmamışdır. Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və 5 qrupda ümumiləşdirilib: xörək, süfrə, su-ağartı qabları və digər məişət əşyaları.

Orta əsr mənbələrində Azərbaycan misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) olduğu qeyd edilir.

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb. Müxtəlif vaxtlarda əcnəbi tacirlər, səyyahlar və diplomatlar bu diyarda olub. Burada sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açıblar. Misgərliyin əsas mərkəzi hesab olunan Azərbaycanda bu qədim sənət növünün yaşadılması üçün bütün dövrlərdə müəyyən səbəblər olub.

Təəssüflər olsun ki, başqa sahələrdə olduğu kimi, bu sənət növünün tarixi barədə də bəzən qeyri-dəqiq məlumatlar yayılır. Məsələn, misgər Şəmsəddin Məmmədova istinadən belə bir məlumat verilir ki, "Şərqdən Şimali Azərbaycana gətirilən misgərlik sonralar cənuba - İrana keçib, oradan isə Orta Asiya respublikalarına yayılıb. Misgərliyin kökü Azərbaycanda çox qədimlərə qədər gedib çıxır: 500 il bundan öncələrə. Bu sənət nümunələrinin hər biri dəqiq tədqiq olunmalı əsərdir. Bir qabın üstündə sənətkar iki il işləyirsə, ona sadəcə qab demək olmaz".

Ümumilikdə götürdükdə, Azərbaycanda mis xam malı, mis məmulatları və bu sahə üzrə sənətə gəldikdə isə, deyə bilərəm ki, bu diyarda misgərliyin inkişafı elə misin kəşf olunma tarixi ilə eynidir. Ola bilsin ki, orta əsr araşdırmaçıları bu fikirlərlə tam razılaşmasın, lakin hesab edirəm ki, qədim tarixi mənbələri araşdırsalar, məni təsdiqləyərlər.

Yəni qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya (Mada), Manna (Annan), Massaget (Maskut-maas), Atropatena (Mukan) dövlətlərinin dövrü-tarixlərinə nəzər yetirsələr, amazonların (maskutların kəskin-nişançı, müasir dildə desək, snayper qızların) oxlarının, ox ucluğunun misdən olduğunu, eyni zamanda bu dövr döyüşçülərinin xəncər, qılınc, qəbzələrinin və qınlarının yüngül mis örtükdən hazırlandığı haqqında müəyyən bilgilər əldə edə bilərlər, nəinki misgərlik sənətinin mücərrəd Şərqin qeyri-müəyyən ərazilərindən Azərbaycana gəlməsi barədə müəmmalı məlumatları...

Belə məlumatları əldə edib yayanlara isə tövsiyəm odur ki, xalqımızın milli-mənəvi dəyərlərinin tarixi və fəlsəfi mahiyyətinin əsasları barədə məlumat toplayarkən ifaçı, icraçı sənətkarlara yox, icmalçı, tədrisçi, elmçi elm adamlarına yox, mükəmməl kəşfi-elmi araşdırmalarla məşğul olan alimlərə müraciət etsinlər. Ən bəsit halda isə, heç olmazsa, yüksək səriştəli mənbəşünaslardan məlumat alsınlar. Yoxsa, dünyanın ilk milləti - xalqı olan uyğur (ukur, uruq) - asarların (bugünkü azərbaycanlıların) çox qədim tarixini bir neçə əsrdə, ən yaxşı halda isə bir neçə minillikdə itirə bilərik.

Belə ki, millətimizin, xalqımızın tarixinin bu torpaqlarda ən azı on səkkiz min il olduğu qeyd olunur. Bunu mən yox, Amerika şərqşünası Kramer "Tarix Şumerdən başlanır" əsərində, polyak arxeoloqu Şlemen "Says (Saus) mədəniyyətinin kəşfi" yazılarında, ingilis hərbçisi və tarixçisi Corvord "Dünyanın yaranış tarixi" barədəki 4 cildliyində və bu fikirləri "Qobustan" haqqındakı məqalələrində təsdiq edən Tur Heyerdal və başqaları öz əsərlərində göstərmişlər. Baxmayaraq ki, onların bu əsərləri öz həmvətənləri tərəfindən uzun müddət cəmiyyətdən gizlədilmişdir.

Ümid edirəm ki, hörmətli Mehriban xanımın fədakar əməyi sayəsində neçə-neçə dəyərli maddi və mənəvi mədəniyyət nümunələrimiz də tezliklə UNESCO tərəfindən qəbul ediləcək.


Binnət Hünbətoğlu

Bakı Xəbər.- 2015.- 29 dekabr.- № 235.- S. 15.