Nəcib əməllər sahibi
Mehriban xanım Əliyevanın ABŞ-a uğurlu səfəri ölkələrarası strateji müttəfiqliyə önəmli töhfə verəcək
Azərbaycanın qüdrətlənməsi, beynəlxalq miqyasda nüfuzunun artması üçün hər bir azərbaycanlı vətəndaşlıq mövqeyini ortaya qoymağı, vətənin təəssübkeşi olmağı özünə müqəddəs borc bilməlidir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunaraq inkişaf etdirilməsi, təhsilimizin səviyyəsinin yüksəldilməsi, vətəndaşların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyi işlər fərəh doğurur. Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə xalqın dərin rəğbətini və etimadını qazanıb. 2005-ci ilin parlament seçkiləri də seçicilərin Mehriban xanım Əliyevaya olan rəğbətini əyani şəkildə ortaya qoydu.
Deputat Mehriban xanım Əliyevanın təkcə seçildiyi dairədə deyil, mütəmadi olaraq Bakının və ölkənin ayrı-ayrı kənd və qəsəbələrinin əhalisi ilə görüşlərinin şahidi oluruq. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının Hövsan, Binə, Şüvəlan və digər kənd və qəsəbələrinə içməli su xətlərinin çəkilişi, qaz, elektrik enerjisi problemlərinin qaydaya salınması, orta məktəb binalarının tikintisi, infrastrukturun yeniləşdirilməsi, uşaq və qocalar evlərinə humanitar yardımların göstərilməsi və yeni iş yerlərinin açılması ilə bağlı mühüm işlər görülmüş, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə yeni-yeni töhfələr verilmişdir.
Mehriban xanım Əliyevanın deputat kimi fəaliyyətindən söz düşərkən həm də bir siyasətçi kimi özündə çox əxz etdiyi yüksək keyfiyyətləri qeyd etmək lazım gəlir. Bu baxımdan, Mehriban xanım Əliyevanın Azərbaycan-ABŞ parlamentlərarası əlaqəlar üzrə işçi qrupunun rəhbəri kimi dekabrın birinci ongünlüyündə ABŞ-a etdiyi işgüzar səfər diqqəti cəlb edir. Son dərəcə zəngin olan səfər proqramı ABŞ-da keçirilən çoxsaylı görüşlərin səmərəliyindən xəbər verir. Mehriban xanım Əliyeva ABŞ Konqresinin Azərbaycanla işçi qrupunun həmsədrləri konqresmenlər Solomon Ortis, Bill Şuster, Şila Şikula, senator Key Beyli Hatçinson, ABŞ Konqresinin Avropa və Yeni Təhlükələr üzrə Alt Komitəsinin sədri Robert Ueksler, Corc Buş Prezident Kitabxanası Fondunun prezidenti, ABŞ-ın Milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri general Brent Skoukroft və digər rəsmi şəxslərlə danışıqlar aparmışdır. Mehriban xanım Əliyeva Ağ evdə ABŞ-ın birinci xanımı Laura Buş ilə də görüşüb. Bu görüşlər Azərbaycan mədəniyyətinin hamisi, təhsilimizin inkişafı, vətəndaşların sosial problemlərinin aradan qaldırılması istiqamətində yorulmadan çalışan nəcib əməllər sahibi Mehriban xanım Əliyevanın diplomatik məharətini nümayiş etdirdi.
Dekabrın 6-da isə ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbərinin Azərbaycanın birinci xanımının şərəfinə verdiyi ziyafətdə çıxış edən Mehriban Əliyeva Azərbaycan-ABŞ əlaqələrindən söz açıb, səfərinin qarşılıqlı əlaqələrə yeni töhfə verəcəyini bildirib: "Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi hesab edirəm ki, əlaqələrimizin daha da sıxlaşdırılması mühüm əhəmiyyət kəsb edir və əminəm ki, mənim parlament üzvləri ilə birgə Vaşinqtona səfərim həmin məqsədə xidmət edəcəkdir".
Mehriban xanım Əliyeva demək olar ki, bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə işğalçı Ermənistanın Azərbaycanın qədim mədəniyyət mərkəzi Qarabağda mədəni irsimizə ciddi ziyan vurmasından, tarixi yerlərimizi bərbad hala salmasından dönə-dönə, faktlarla danışır və dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin vəhşiliklərinə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırır. Mehriban xanım Əliyeva torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu və bu ərazilərdə tarixi-mədəniyyət abidələrimizin məhv edildiyini bir daha bəyan edib: "...Tarixi və mədəniyyət abidələrinin qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri məhv edilmişdir. Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və onların müəyyən hissəsi hələ də çadırlarda yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətə çatdırmaqda davam etdirəcəyik".
Mədəniyyətimizin və təhsilimizin inkişafı, mənəvi sərvətlərimizin qorunması, ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması kimi şərəfli və məsuliyyətli bir missiyanı öz üzərinə götürən Mehriban xanım Əliyeva hər bir azərbaycanlının dərin etimadını qazanmışdır. Ucqar kəndlərdə yeni məktəb binalarının inşası Mehriban xanımın təhsilə göstərdiyi böyük diqqət və qayğının nəticəsi kimi yüksək qiymətə layiqdir. Bu gün ölkənin elə bir bölgəsi qalmayıb ki, orada Heydər Əliyev Fondunun təşəbbüsü ilə orta məktəb binası tikilməsin və müasir avadanlıqlarla təchiz edilməsin.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu beynəlxalq səviyyəli tədbirlər - festivallar, konsertlər, sərgilər təşkil etməklə, əslində, mədəniyyətimizin təbliğatçısına çevrilmişdir. Mehriban xanım Əliyevanın xalq musiqisinin, bənzərsiz muğamlarımızın, poeziyamızın inkişafındakı xidmətləri böyükdür. O, ilk Azərbaycan qadını olaraq YUNESKO kimi mötəbər beynəlxalq təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfir adına layiq görülüb. İndi Mehriban xanımın adı dünyada cəmi 41 nəfər olan xoşməramlı səfirlə bir sırada çəkilir. YUNESKO-nun Azərbaycan mədəniyyətinə böyük əhəmiyyət verməsi, muğamlarımızın qiymətli irs kimi qorunub saxlanılması və yayılması istiqamətində təşəbbüsləri, Muğam evinin yaradılması kimi tədbirləri bəyənməsi bilavasitə Mehriban xanımın adı ilə bağlıdır. "Qafqaz Xalq Ənənələri Evi"nin məhz Bakıda yaradılması ideyası da Mehriban xanım Əliyevaya məxsusdur.
Mehriban xanım Əliyevanın Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti kimi də səmərəli fəaliyyəti diqqəti cəlb edir. Ötən müddətdə Azərbaycanda bədii gimnastika üzrə mötəbər yarışlar keçirilmiş, gimnastlarımız hər bir yarışda qələbə qazanmışdılar. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər yüksək qiymətləndirilir.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fədakar Azərbaycan qadınlarının qürur yeri, fəxridir. Mədəniyyətimizin və təhsilimizin inkişafında daim əzmkarlıq nümayiş etdirən Mehriban xanım Əliyeva ictimai-siyasi yönümlü fəaliyyəti ilə də yeni nailiyyətlər qazanır, Azərbaycanımızın adını daha da ucaldır.
Nihat Məmmədov,
Azərbaycan Dövlət İqtisad Universitetinin magistri
Azərbaycan.- 2006.- 19 dekabr.- № 284.- S. 5.