Gülüstan sarayında YUNESKO-Azərbaycan birgə konfransı keçirilmişdir
Avqustun 24-də "Gülüstan" sarayında "YUNESKO - Azərbaycan: gələcəyə körpü" mövzusunda konfrans keçirilmişdir.
Konfransı Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva açdı.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı
— Cənab baş direktor!
Hörmətli xanım Matsuura!
Əziz xoşməramlı səfirlər!
Xanımlar və cənablar!
Bugünkü konfransın iştirakçılarının hamısını salamlayır, Sizin hər birinizə "Xoş gəlmisiniz!" deyirəm. İnanıram ki, bugünkü konfransımız çox səmərəli keçəcək və Azərbaycan təhsilinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
İlk növbədə icazə verin, ölkəmizdə rəsmi səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı sizin hamımızın adından salamlayım. Cənab baş direktorla birlikdə Azərbaycana gəlmək üçün vaxt və imkan tapdığıma görə xanım Takaka Matsuuraya öz minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdır-maq istərdim ki, bu gün bizim qonaqlarımız arasında mənim həmkarlarım, YUNESKO-nun xoşməramlı səfirləri də iştirak edirlər. İcazə verin, onları Sizə təqdim edim.
Məşhur fransız astronavtı cənab Patrik Bodrini və onun ailə üzvlərini sizə təqdim edirəm. Xüsusi vurğulamaq istərdim ki, cənab Patrik Bodri gənclər üçün Avropa kosmik düşərgəsi layihəsinin müəllifidir. Onun təhsillə bağlı çoxsaylı layihələri böyük uğur qazanmışdır.
Bizim hörmətli qonaqlarımızın arasında xoşməramlı səfir cənab Ömər Zülfı Livanelli də var. Onun zəngin yaradıcılığı xalqlar və mədəniyyətlər arasında dialoqun qurulmasına da xidmət edir. Xoşməramlı səfir cənab Kitin Minyoz məşhur səyyah və alimdir. O, sülh ideyalarının təbliği və ətraf mühitin qorunması sahəsində çox mühüm işlər görmüşdür. Mən onu və onunla birlikdə ölkəmizə gələn xanımını salamlayır və Sizə təqdim edirəm. Mahir musiqiçi İvri Gitlis artıq 20 ildir ki, xoşməramlı səfir kimi təhsilin və mədəniyyətin inkişafına xidmət edir. O, sülhə və birliyə çağıran mahnıları ilə bir çox ölkələrdə yaxşı tanınır.
Xoşməramlı səfir xanım Ki Fuk Fan Ti bütün həyatmı sülh və barış ideyalarına həsr etmişdir. Onun yaratdığı Beynəlxalq Ki Fondu hərbi münaqişələr zamanı zərər çəkən uşaqlara yardım göstərir. Mən onu və həyat yoldaşını Sizə təqdim edirəm.
Hörmətli cənab baş direktorla birlikdə Azərbaycana YUNESKO-nun məsul işçiləri və ekspertləri də gəliblər. Ekspertlərin bir çoxu ölkəmizdə olub, məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələri işləyib hazırlayıblar və bu gün də bizimlə əlaqələrini uğurla davam etdirirlər. Bu gün bizim konfransda Azərbaycan təhsilinin çox nüfuzlu nümayəndələri iştirak edirlər. Mən inanıram ki, siz bugünkü konfransın ideyalarını öz konkret fəaliyyətinizdə həyata keçirməyə çalışacaqsınız.
Sizə bu işdə uğurlar arzulayıram.
Bugünkü tədbirimizdə səfirlər və beynəlxalq qurumların nümayəndələri də iştirak edirlər. Ümidvaram ki, Azərbaycan təhsilinin dünya təhsil məkanına daxil olması prosesində onlar da öz köməyini göstərəcəklər.
Bizim konfransın çox simvolik və böyük mənaya malik adı var: Gələcəyə körpü. Mən inanıram ki, biz birlikdə bu körpünü yaratmağa nail olacağıq.
Əziz dostlar! YUNESKO-nun dəstəyi ilə 2000-ci ildə Dakarda keçirilən ümumdünya təhsil forumunun sənədləri sizə yaxşı məlumdur. Əslində bu hamımız üçün təhsil sahəsində müəyyən edilmiş ümumi bir strategiyadır. Sözsüz ki, hər bir ölkə bu strategiyanı həyata keçirəndə öz milli xüsusiyyətlərini və təhsil sahəsində toplanmış təcrübəni nəzərə almalıdır.
Məlumdur ki, Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlar xüsusi dövlət proqramı şəklində təsdiq olunmuşdur. Bu qlobal proqramla yanaşı, Təhsil Nazirliyi və təhsillə bağlı olan digər qurumlar da çox mühüm layihələr üzərində işləyirlər. Bu layihələrin bir qismində mötəbər beynəlxalq təşkilatlar da iştirak edir.
Mən təhsillə bağlı bir layihəni xüsusi vurğulamaq, "Yeniləşən Azərbaycana yeni məktəb" barəsində ayrıca danışmaq istərdim. Bu layihədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin bir çox strukturları da iştirak edir. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində təkcə bu il ərzində ölkəmizin müxtəlif regionlarında 132 məktəbin inşası və lazımi avadanlıqla təchiz olunması nəzərdə tutulmuşdur.
Bu gün mən böyük fərəh hissi ilə demək istəyirəm ki, bu il ərzində Azərbaycanda irimiqyaslı bir layihə həyata keçirilmişdir. Ölkə Prezidentinin sərəncamına müvafiq olaraq klassik, müasir Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli əsərləri latın qrafikası ilə çap olunur. Bu layihə üzrə indiyədək 250-dən çox kitab hərəsi 25 min tiraj ilə çap edilərək Azərbaycan oxucularına çatdırılmışdır. Azərbaycanın hər bir məktəbi, kitabxanası bu kitablarla təmin olunmuşdur. Həmin kitablar bu gün bu sarayda nümayiş etdirilir.
Bir sözlə, bütün bunlar deməyə imkan verir ki, bizim təhsilimizin inkişaf istiqaməti düzgündür və böyük uğurlarımız da vardır. Amma uğurlarla yanaşı, təhsil sistemində bu günə qədər həllini tapmayan problemlər də var. Bu problemlərin bir çoxu keçmiş sovetlər məkanına xas olan problemlərdir. Mənə elə gəlir ki, bu problemlərin aradan qaldırılması üçün pilot layihələr həyata keçirsəydik pis olmazdı. Digər keçmiş sovet respublikalarında da bu təcrübədən istifadə oluna bilərdi.
Bizim ən ağır problemimiz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkədir. Ərazimizin 20 faizi işğal altındadır. Məcburi köçkünlərin təhsilinin təşkili ilə bağlı ölkəmizdə nadir təcrübə qazanılmışdır. Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu məktəblər qaçqın-köçkünlər yaşayan düşərgələrdə yerləşir. Biz həm də müəllim kollektivlərini saxlaya bilmişik və onlar düşərgələrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da nadir bir təcrübədir. Mən inanıram ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər. Hamımızın ən böyük arzusu odur ki, torpaqlarımız azad olunandan sonra bu məktəblər öz doğma yerlərinə qayıtsın və fəaliyyətini artıq normal şəraitdə davam etdirə bilsin.
Ümidvaram ki, YUNESKO ilə birlikdə hazırlanan yeni proqramlar məcburi köçkün və qaçqın uşaqlarının təhsilinə öz müsbət təsirini göstərəcəkdir.
Hörmətli baş direktor! Çıxışımın sonunda sizə bir kitab təqdim etmək istərdim. Sizin nitqlərinizdən ibarət olan bu kitab xüsusi nəşrdir. Bu kitab Azərbaycan oxucularına ünvanlanmış sözlərinizlə açılır. Kitaba Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan "Dədə Qorqud"un təntənəli yubileyində çıxışınız da daxildir. Bu kitabın nəşri ilə bağlı sizi ürəkdən təbrik edirəm. İcazə verin, kitabı sizə təqdim edim və sizi çıxışa dəvət edim.
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın çıxışı
— Çox hörmətli xanım Əliyeva!
Hörmətli Baş nazirin müavini!
Hörmətli təhsil naziri!
BMT-nin nümayəndələri, xanımlar və cənablar!
Bu konfransın açılışında iştirak etmək mənim üçün böyük şərəfdir. Konfrans təhsilə həsr olunmuşdur və bu, Azərbaycan üçün çox mühüm məsələlərdən biridir. Azərbaycanla YUNESKO-nun əməkdaşlığı çox böyük önəm daşıyır. Mən xanım Mehriban Əliyevaya işgüzarlığına və canfəşanlığına görə minnətdarlığımı bildirmək istəyirəm. YUNESKO-da biz onun mədəniyyət sahəsindəki gözəl işlərindən xəbərdarıq. Eyni zamanda, təhsil sahəsində gördüyü işləri də nəzərəçarpan və təqdirəlayiqdir.
Təhsil naziri Misir Mərdanova da öz minnətdarlığımı bildirirəm ki, Parisdə müzakirələr zamanı bu təşəbbüsü irəli sürüb və çox yerində, vaxtında keçirilən bir tədbirin təşkilinə nail olubdur.
Bu, mənim Azərbaycana ikinci səfərimdir, Cənab İlham Əliyevin və Mehriban xanımın dəvəti ilə ölkənizə gəlmişəm. Birinci dəfə mən beş il öncə Prezident Heydər Əliyevin dəvəti ilə "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinə həsr edilmiş tədbirlərlə əlaqədar gəlmişdim. Heydər Əliyevlə çəkilmiş şəkillərimi bu gün fondda görəndə çox şad oldum. Bu şəkillər mənə çox dərin təəssürat bağışlamışdır.
Bizim ikitərəfli münasibətlərimizdə çox irəliləyiş olmuşdur. Bakının İçərişəhəri 2003-cü ildə YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil edilmişdir. Mən bu gün orada da olmuşam. YUNESKO-nun mədəni irs siyahısına düşə biləcək yerlərə də baş çəkəcəyəm. Onlar Qobustan və Atəşgahdır. Bu səfər zamanı mən Heydər Əliyev Fondunda da olmuşam. Azərbaycanın birinci xanımı tərəfindən yaradılan daha bir fondda olmağı da qarşıma məqsəd qoymuşam. Bu, Azərbaycan Mədəniyyətinin Dostları Fondudur. Eyni zamanda, bu səfər zamanı Beynəlxalq Muğam Mərkəzinin binasının təməlinin qoyulmasında da iştirak edəcəyəm və bu, mənim üçün böyük şərəfdir.
Bildiyiniz kimi, 2003-cü ildə Azərbaycan muğamı YUNESKO-nun bəşəriyyətin mənəvi və şifahi mədəni irsinə daxil edilmişdir. Lakin indiki səfərimin əsas məqsədlərindən biri məhz təhsillə bağlıdır. Yəni biz Azərbaycanla bu sahədə əməkdaşlığımızı daha da genişləndirmək istəyirik. Artıq bizim Azərbaycanla texniki və peşə, informasiya və kommunikasiya texnologiyaları sahəsində geniş əməkdaşlığımız var və bu YUNESKO-nun iki qurumunun, texniki və peşə təhsili və təlimi üzrə mərkəzi (Bonnda yerləşir) və Moskvada yerləşən təhsildə informasiya texnologiyaları strukturu, - xətti ilə həyata keçirilir.
Eyni zamanda, YUNESKO hamı üçün təhsil təşəbbüsünü həyata keçirir. 2005-ci ildə irəli sürülmüş bu təşəbbüsdə YUNESKO-nun davamlı inkişaf layihəsinə yönəldilmiş, təhsil proqramının yerinə yetirilməsi çox önəmli yer tutur. Bu proqramda 2005-ci ildən 2014-cü ilə qədər təhsil onilliyinin keçirilməsi qərara alınmışdır və YUNESKO bu sahədə əsas rol oynayacaq təşkilatlardan biridir. Bu məqsədlə hazırda biz hərtərəfli plan üzərində işləyirik.
Bilirik ki, Azərbaycan bu təşəbbüsə qoşulan əsas tərəfdaşlardan biri olacaq və davamlı inkişafına yönəldilmiş proqramları dəstəkləyəcəkdir. Bu il Prezident İlham Əliyev tərəfindən yüksək səlahiyyətlərə malik olan təhsil komissiyası yaradılmışdır. Komissiyanın əsas vəzifəsi təhsilin bütün aspektlərini yaxşılaşdırmaq və dünya standartlarına uyğun bir şəkilə gətirməkdir. Bunun üçün Azərbaycanda mövcud olan təhsil sisteminin güclü və zəif tərəfləri dərindən öyrəniləcək və təhsilin yaxşılaşdırılmasına dair aparılacaq işlərin istiqamətləri müəyyənləşdiriləcəkdir.
Bu il iyulun 6-da YUNESKO Parisdə təhsil sisteminin davamlı inkişafına yönəldilmiş islahatlara həsr olunmuş bir konfrans keçirmişdir. Konfrans Azərbaycanın təhsil naziri tərəfindən də dəstəklənmişdir. Azərbaycandakı indiki konfrans çox vaxtında keçirilən bir tədbirdir. Azərbaycanda təhsil sistemi sahə-sində çox nəzərəçarpan müsbət dəyişikliklər baş vermişdir. Bununla əlaqədar biz çox dərin müzakirələr aparmışdıq və bu müzakirələr zamanı Azərbaycanda təhsilin bütün aspektləri nəzərdən keçirilmişdir.
Biz bilirik ki, Azərbaycan çox böyük problemlərlə rastlaşmışdır, Bununla belə, çox yüksək nailiyyətləri qoruyub saxlaya bilmişdir. Yəni savadlılığın səviyyəsi, davamlılıq çox yüksək olaraq qalır.
Bununla belə, bəzi problemlər var və əgər indi onların üzərində işləməsək, uzunmüddətli perspektiv-də bu problemlər ölkənin təhsil sisteminə və iqtisadi inkişafına çox mənfi təsir göstərə bilər. Artıq bizə verilən məlumata görə, xüsusən orta məktəblərdə davamlılığın azalması müşahidə olunur, Ümumiyyətlə, müəllimlik metodikalarına yenidən baxılmalıdır. Təhsil mühitinin pisləşməsi ilə müşahidə olunan bəzi aspektlər mövcuddur. İnformasiya texnologiyalarının olmaması böyük bir problemdir. Son bir neçə il ərzində Azərbaycanda çox ölçülüb-biçilmiş makroiqtisadi siyasət aparıldığına görə və neft sektoruna qoyulan sərmayələr sayəsində üzümüzə gələn bir neçə il ərzində ölkədə ÜDM-in 3 dəfə artacağı gözlənilir. Ümidvarıq ki, neft sənayesindən əldə olunan gəlirlər çox düşünülmüş şəkildə istifadə olunacaq, ölkənin insan potensialının güclənməsinə yönəldiləcəkdir. Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan siyasət bizdə nikbinlik doğurur.
Bu konfransda biz Azərbaycanda təhsil islahatına yönəldilmiş tədbirlər haqqında daha geniş məlumat almaq istərdik. Bütün bunlar Parisdə müzakirə olunan məsələlərin məntiqi davamı olacaq və davamlı inkişafa yönəldilmiş təhsil onilliyinin əsas məqsədlərini Azərbaycanda tətbiq etmək niyyəti güdür. Öz tərəfimizdən sizə islahatlarımızda hərtərəfli yardım göstərəcəyik. Son müzakirələrimizin nəticəsi olaraq, Azərbaycan hökuməti ilə əməkdaşlığa dair memorandum imzalayacağıq. Bizim əsas prioritetlərimiz strateji planlaşdırma və təhsilin idarə edilməsi, təhsil əldə etmək imkanlarında bərabərlik, təhsilin keyfiyyəti, əsas texniki və peşə vərdişləri, yüksək informasiya və kommunikasiya texnologiyalarının təhsilə tətbiqi və təhsildə beynəlxalq əməkdaşlıqdır.
Azərbaycana bu səfərimin əsas məqsədləri Azərbaycanda keçirilən təhsil islahatlarının izlənməsi və təhlili və bunun əsasında Təhsil Nazirliyinin ümumi məruzəsini hazırlamaqdır.
Mən ümidvaram ki, sizin keçmişdə əldə etdiyiniz nailiyyətlər bu konfransda müzakirə olunacaqdır. Lakin bununla yanaşı, mövcud olan problemlər haqqında geniş fikir mübadiləsi ediləcək və bu da aparılan islahatları daha da istiqamətləndirəcəkdir. Konfransın nəticələrinə əsasən, YUNESKO-nun gələcəkdə Azərbaycana göstərəcək yardımın istiqamətlərini müəyyənləşdirəcəyik.
Diqqətinizə görə sağ olun.
* * *
Sonra çıxış edən təhsil naziri Misir Mərdanov xatırlatdı ki, bu, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə Təhsil Nazirliyinin YUNESKO ilə birgə keçirdiyi ikinci konfransdır. İlk tədbir Parisdə olmuşdur. YUNESKO-nun tarixində ayrıca bir ölkəyə həsr olunmuş belə tədbirlər ilk dəfə məhz Azərbaycanla bağlı keçirilir.
Nazir dedi ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində təhsil sahəsində də ciddi irəliləyişə nail olunmuş, xüsusilə beynəlxalq əlaqələrimiz xeyli genişlənmişdir. Hazırda Azərbaycanın ali məktəblərində 41 ölkədən 3500-dək tələbə təhsil alır. Dünyanın aparıcı universitetlərində Azərbaycanın orta məktəblərini bitirmiş 3000-dən artıq gənc ölkəmiz üçün zəruri ixtisaslara yiyələnir. Təhsil Nazirliyi dünyanın 30-dək ölkəsi ilə əlaqələr yaratmışdır, 20-dən artıq beynəlxalq təşkilatla 60-dan çox birgə layihə və proqramlar həyata keçirir.
Beynəlxalq əlaqələrdə YUNESKO ilə əməkdaşlığı xüsusi vurğulayan nazir bu sahədə əməkdaşlığın 5 istiqamətini sadaladı, habelə Avropa ali təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlərdən danışdı, o cümlədən bu ilin mayında Azərbaycanın Boloniya prosesinə qoşulduğunu bildirdi.
Azərbaycan təhsilinin inkişafına mənfi təsir göstərən səbəblərdən danışan M. Mərdanov Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrini xüsusi vurğuladı. Bildirdi ki, bu təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ümumilikdə 1000-ə yaxın təhsil müəssisəsi dağıdılmış, 115 min şagird, 16 minə yaxın müəllim məcburi köçkün düşmüşdür. Dünya praktikasında Azərbaycan yeganə ölkədir ki, böyük çətinliklərə baxmayaraq, işğal edilmiş ərazilərdə mövcud olmuş təhsil infrastrukturunu qoruyub saxlamış və zəruri şərait yaratmaq mümkün olmasada, ölkənin müxtəlif bölgələrində həmin məktəblərin fəaliyyətini və köçkün uşaqların təhsilini təşkil etmişdir.
Hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın həyata keçirilməsindən söhbət açan nazir dedi ki, hazırda proqramın III mərhələsində nəzərdə tutulan tədbirlər reallaşdırılır. 2002-ci ildən başlayaraq təhsilin ən ciddi problemləri ilə bağlı inkişaf proqramlarının işlənib hazırlanması və həyata keçirilməsinə üstünlük verilir. Hazırda təhsil sisteminin müxtəlif sahələri üzrə ümumilikdə 15 proqram mövcuddur. Onlardan 6-sı həyata keçirilir, 3-ü təsdiq, 6-sı hazırlanma mərhələsindədir.
1998 - 2005-ci illərdə 50219 yerlik 201 yeni məktəb binası tikilmişdir. YUNESKO-nun xoşməramlı səfıri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilmişdir. Heydər Əliyev Fondu kənd rayonlarında yerləşən və qəza vəziyyətində olan 132 məktəb üçün yeni binaların tikilməsi üzrə xüsusi proqram hazırlamışdır və bu istiqamətdə intensiv iş gedir.
Son üç ildə ümumtəhsil məktəblərinin I - XI sinif şagirdləri dərsliklərlə pulsuz təmin edilmişdir. Bununla da postsovet məkanında, Azərbaycan, şagirdlərin dərsliklərlə pulsuz təmin edilməsini reallaşdıran yeganə ölkə olmuşdur.
İslahat çərçivəsində ümumtəhsil məktəblərinin maliyyələşdirilməsi sahəsində eksperimentlərə başlanmışdır. 59 pilot məktəbinə maliyyə müstəqilliyi verilmişdir, adambaşına maliyyələşdirmə mexanizmi sınaqdan keçirilir. Eksperimentin nəticələrinə əsasən, bu yeniliyin təhsilin keyfiyyətinin yüksəldilməsinə real təsiri yoxlanılacaq, müsbət nəticələr əldə olunarsa, ikinci mərhələdə bu təcrübənin coğrafiyası genişlənəcək, üçüncü mərhələdə isə maliyyə islahatı bütün ölkəni əhatə edəcəkdir.
Nazir çıxışının sonunda əmin olduğunu vurğuladı ki, YUNESKO ilə imzalanacaq memorandum təhsil sahəsində Azərbaycan - YUNESKO əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaqdır. Memoranduma əsasən Təhsil Nazirliyi və YUNESKO-nun birgə komissiyası yaradılacaq və o, prioritet istiqamətlər üzrə səmərəli əməkdaşlığın həyata keçirilməsi ilə məşğul olacaqdır.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti çıxışında vurğuladı ki, təhsildə yoxsulluğun azaldılması arasında aşkar əlaqə vardır. Çünki təhsil səviyyəsi artdıqca, işsizlik azalır. Azərbaycanın istər elmdə, istərsə də təhsildə çox gözəl və müsbət tarixi ənənələri vardır. Məsələn, Dövlət Neft Akademiyası və Bakı Dövlət Universiteti dünya miqyasında şöhrət qazanmış tədris ocaqlarıdır. Azərbaycan cəmiyyətində həmişə təhsilə çox böyük diqqət yetirilmiş, burada çox böyük mədəni mühit yaradılmışdır.
Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir ölkədir.
Cənab Prezident tərəfindən təhsil komissiyasının yaradılması, sözsüz ki, gələcəkdə bu sahədə işlərin aparılması üçün çox gözəl zəmin yaradır. Təhsilin keyfiyyətinin artırılması ciddi məsələdir. Azərbaycanın say göstəriciləri çox gözəldir. Lakin indi keyfiyyətə fikir verilməlidir. Bu baxımdan idarəetmənin yaxşılaşdırılması əsas prinsiplərdən biridir. Təhsil sistemində idarəetməyə diqqət yetirilməsi və bu sistemin daha səmərəli, daha yüksək nəticələrə yönəldilməsi, zənnimcə, böyük önəm kəsb edir.
İqtisadi sistemin tələblərinə uyğun olaraq təhsil sisteminin yenidən qurulması məsələsi çox vacibdir. Bu müxtəlif amillərin iqtisadi tələblərə uyğun olaraq nəzərə alınması ölkənin xeyrinə olacaqdır. Azərbaycan üçün bəzi məsələlər birinci dərəcəli məqsəd deyildir. Məsələn, ibtidai məktəblərə uşaqların az gəlməsi Azərbaycan üçün elə bir problem deyildir. Lakin bununla belə təhsil sahəsində problemlər mövcuddur. Ancaq orta məktəblərin şagirdlərinin sayında qızların səviyyəsinin saxlanması çox vacibdir. Çünki açıq etiraf etməliyəm ki, ölkənin bəzi rayonlarında qızların məktəblərdən tez çıxarılması özünü büruzə verir.
Eyni zamanda, tədris proqramlarının təkmilləşdirilməsi mühüm məsələlərdəndir. Bu, qlobal iqtisadiyyata inteqrasiyanın çox vacib amillərindən biridir. Bundan əlavə, informasiya texnologiyalarının təhsilin bütün sahələrində, bütün mərhələlərdə tətbiq edilməsi ölkənin və iqtisadiyyatın gələcək ehtiyaclarını ödəmək üçün çox vacibdir. Universitetlərlə tədqiqat mərkəzləri arasında əməkdaşlıq yeni təkan almalıdır. Azərbaycandan xaricə göndərilən tələbələrin sayını artırmaq lazımdır. Bu da ölkənin gələcək inkişafına müsbət təsir göstərər. Gözəl ənənələrə malik ölkə kimi Azərbaycanın gələcəkdə öz təhsil və mədəni səviyyəsini daha da artırması üçün bütün imkanlara malik olduğunu vurğulayan cənab Borsotti dedi ki, bu, gələcəyə nikbin baxmağa imkan verir. Bununla yanaşı, digər ölkələrin də bu sahədə təcrübəsinə diqqət yetirilməlidir. Çünki təhsil gələcək nəsillərin yaradılmasına yönəldilmiş əsas sahədir.
* * *
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov çıxışında YUNESKO-nun baş direktorunun bir sıra xoşməramlı səfirlərlə birlikdə Azərbaycana səfərini Azərbaycan xalqına və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya səmimi münasibətin təzahürü kimi qiymətləndirdi,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrılı nəticələrini xatırladan Əli Həsənov dedi ki, hazırda dünyada olan 19 milyon nəfərdən çox qaçqın-köçkünün 5 faizi Azərbaycanın payına düşür. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə vurduğu ziyan təxminən 60 milyard ABŞ dolları həcmində hesablanır. Təhsil sahəsinə çox ciddi zərbə dəymişdir. 1000-dən çox təhsil müəssisəsi işğal zonasında qalmış və dağıdılmışdır. Bu gün əraziləri işğal olunmuş rayonlar üzrə 687 məktəb, 61 məktəbəqədər və 31 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Həmin tədris ocaqlarında 93 min şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 17 min müəllim məşğul olur. Bu məktəblərdə təhsil alan şagirdlərin hamısı pulsuz dərsliklərlə təmin olunur. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə 3200 şagird yerlik 18 orta məktəb, 600 yerlik 18 uşaq bağçası tikilib istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən məcburi köçkün ailələri üçün hazırda yeni salınan 13 qəsəbədə 2 min şagird yerlik 15 məktəb, 175 yerlik 5 uşaq bağçası tikilir.
Məcburi köçkün məktəblərinin maddi-texniki bazalarının, yaxşılaşdırılmasında ABŞ-ın, Yaponiyanın Azərbaycandakı səfirlikləri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, YUNİSEF-in, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, digər beynəlxalq humanitar təşkilatların Azərbaycandakı nümayəndəlikləri də yaxından iştirak edirlər.
Natiq dedi ki, bütün bunlarla yanaşı, əraziləri işğal olunmuş rayonların ümumtəhsil məktəblərində çox ciddi problemlər də mövcuddur. Onların böyük əksəriyyəti yerli məktəblərin nəzdində, eləcə də tədris üçün yararlı olmayan binalarda dözülməz şəraitdə fəaliyyət göstərir, maddi-texniki bazası xeyli aşağıdır, məktəb avadanlığı, sinif otaqları çatışmır.
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqın və məcburi köçkün uşaqların təhsil problemləri ilə əlaqədar məruzə hazırlamaq məqsədi ilə 2005-ci ilin mayında ölkəmizdə səfərdə olan YUNESKO-nun nümayəndələri də Sabirabad, Saatlı və İmişli rayonlarında məcburi köçkün məktəblərinin fəaliyyəti ilə tanışlıq zamanı bütün bu problemlərin canlı şahidi oldular.
Lakin şəraitin dözülməzliyinə baxmayaraq, məcburi köçkün şagirdlərin təhsilə həvəsi yüksək olaraq qalır. Məhz bunun nəticəsidir ki, məcburi köçkün məktəblərinin məzunları arasında ali və orta ixtisas təhsili ocaqlarına qəbul olunanların sayı digər məktəblərlə müqayisədə heç də aşağı səviyyədə deyildir. Təkcə keçən ildə 4 min nəfərdən çox qaçqın və məcburi köçkün uşağı ali məktəbə daxil olmuşdur.
İlkin hesablamalara görə, bu il onların sayı 5 min nəfərdən çoxdur. Bizim düçar olduğumuz problemin dünyada analoqu olmadığı kimi, müasir tələblərə cavab verməyən məktəblərdə təhsil alan qaçqın və məcburi köçkün uşaqlarının təhsildə yüksək göstəricilər əldə etməsinin də, yəqin ki, dünyada analoqu yoxdur. Bunun özü Azərbaycan gənclərinin təhsilə olan marağına əyani sübutdur. Natiq daha sonra dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı vaxtdan qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır. Bu gün keçirilən konfrans da bunun konkret ifadəsidir. Bu diqqət və qayğıya görə, məcburi köçkünlər adından fondun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar diləyirik. Azərbaycanda təhsilin problemlərinə diqqət yetirdiyinə görə YUNESKO-nun baş direktoru cənab Koişiro Matsuuraya bir daha təşəkkür edir və ümidvar olduğumu bildirirəm ki, ölkəmizdəki qaçqın və məcburi köçkün uşaqların təhsil problemlərinin həllində bügünkü tədbir əhəmiyyətli rol oynayacaq və YUNESKO da bu mühüm işdə bizə daim yardımçı olacaqdır.
Sonra cənab Koişiro Matsuura və nazir Misir Mərdanov YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair memorandum imzaladılar.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konfransın geniş iclasına yekun vurdu:
— Bu gün biz Azərbaycan təhsilinin problemlərini birlikdə müzakirə edərək fikir birliyi nümayiş etdirdik. Mən inanıram ki, bu fikir birliyi bizə gələcəkdə bütün problemlərin həllində yardım edəcək, ümumi işimizdə böyük rol oynayacaqdır.
Konfrans iştirakçıları latın qrafikası ilə nəşr edilmiş kitabların sərgisinə baxdılar. Tədbir iştirakçılarına hədiyyə olaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun vəsaiti ilə YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın Azərbaycan dilində çapdan çıxmış "Quruculuq salnaməsi" kitabı paylandı. Sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər. Qonaqlar "Gülüstan" sarayından Bakının mənzərəsini seyr etdilər.
* * *
Fasilədən sonra konfrans öz işini Bakı Dövlət Universitetində və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bölmə İclaslarında davam etdirdi, müxtəlif mövzularda dinlənilən məruzələr ətrafında müzakirələr aparıldı.
Xalq qəzeti.- 2005.- 25 avqust.- № 196.- S. 5-6.