Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu mötəbər təşkilatın 60 illik yubiley tədbirində iştirak etmişdir
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, BMT-nin Elm, Təhsil və Mədəniyyət Məsələləri Təşkilatının (YUNESKO) xoşməramlı səfiri Mehriban Əliyeva bu qurumun 60 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Parisə gəlmişdir.
YUNESKO-nun İqamətgahında Mehriban Əliyevanı təşkilatın rəsmiləri böyük hörmətlə qarşılamışlar. Yığıncaqdan əvvəl Mehriban Əliyeva BMT-nin keçmiş baş katibi Butros Butros Qali, ayrı-ayrı vaxtlarda YUNESKO-nun baş direktorları işləmiş Amadu Mathar M.Bov və Federiko Mayor ilə görüşmüşdür.
Təntənəli mərasimdə əvvəlcə bu mötəbər təşkilatın tarixini əks etdirən film göstərilmiş, müxtəlif dünya xalqlarının dilində YUNESKO-nun məram və məqsədləri səsləndirilmişdir.
Yubiley tədbirini giriş sözü ilə açan YUNESKO-nun baş direktoru Koişiro Matsuura dünyanın tanınmış ictimai və siyasi xadimlərinin mərasimdə iştirak etməsini qurumun yüksək nüfuzundan xəbər verdiyini bildirmişdir. O, 1945-ci il noyabrın 16-da yaradılmış təşkilatın müxtəlif ölkələrin təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq qurmaq məqsədi ilə YUNESKO-nun çətin, lakin şərəfli yol keçdiyini xatırlatmış, onun kommunikasiya, mədəniyyət, elm və təhsil kimi mühüm sahələri əhatə etdiyini, insanların formalaşmasında xüsusi rol oynadığını vurğulamışdır. Baş direktor rəhbərlik etdiyi təşkilatın xalqlar arasında hər cür dini və irqi ayrı-seçkiliyi rədd etdiyini, İnsanların yaratdığı maddi və mədəni irslərə hörmətlə yanaşdığını, dünyanın bütün bölgələrində qeyri-maddi sərvətlərin qorunması, müasir dövrdə mədəniyyətlərin sintezinə, elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı göstərdiyini bildirmişdir.
Koişiro Matsuura YUNESKO-nun fəaliyyətinin təkcə bu missiya ilə məhdudlaşmadığını diqqətə çatdırmış və demişdir ki, hazırda bəşəriyyətin əsas problemlərindən olan müharibələrə və beynəlxalq terrorizmə “Yox!” deyən YUNESKO-nun əsas məqsədi insan ləyaqətini, insan mənəviyyatını uca tutmaqla, haqq, ədalət və sülh naminə fəaliyyətini genişləndirməklə beynəlxalq mədəni irsin qorunmasına töhfə verməkdir. YUNESKO bu yolda dünya xalqlarının sıx birliyinə daha çox ümid edir. Ayrı-ayrı ölkələrin nümayəndələri YUNESKO-nun dəstəyi ilə həyata keçirilən layihələrin bütövlükdə dünya mədəni irsinin qorunmasına hərtərəfli təsir göstərdiyini yüksək dəyərləndirmişlər.
Yığıncaqda Ukraynanın Prezidenti Viktor Yuşşenko çıxış etmiş, Fransanın xarici işlər naziri Filip Dust-Blazi, Seneqalın Milli Məclisinin sədri Pan Dion öz ölkələrinin prezidentlərinin təbrik məktublarını oxumuş, YUNESKO-nun Baş Konfransının sədri Musa ben Cəfər ben Hassan qurumun fəaliyyətindən söhbət açmışdır.
Yığıncaq iştirakçıları İordaniyada törədilmiş terror aktları zamanı həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra YUNESKO-nun baş direktoru adından ziyafət verilmişdir. Axşam 17 ölkənin incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı verilmişdir. Azərbaycanın simfonik orkestrinin ifasında Almaniyada yaşayıb-yaradan həmyerlimiz, bəstəkar Firəngiz Əlizadənin əsəri səslənmişdir, ölkəmizin incəsənət ustalarının çıxışı diqqətlə dinlənilmiş, sürəkli alqışlarla qarşılanmışdır. İki yüzə yaxın ölkənin üzv olduğu YUNESKO-nun yubiley tədbirində Azərbaycan incəsənət ustalarının çıxışına xüsusi yer verilməsi ölkəmizin bu təşkilatdakı yüksək nüfuzunun daha bir təsdiqidir.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
AzərTAc
2005, 17 noyabr