Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Qəbələ rayonunun Daşca kəndində məktəb binasının tikintisi ilə tanış olmuşdur


Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dövlətimizin başçısının Qəbələ rayonuna səfəri çərçivəsində avqustun 18-də rayonun Daşca kəndində məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Burada inşaatçılar və kənd sakinləri Mehriban xanım Əliyevanı səmimiyyətlə qarşıladılar. Bildirildi ki, indiyədək əlverişsiz binada dərs keçən kənd uşaqları Mehriban xanımın birbaşa qayğısı və köməyi sayəsində sentyabrdan təzə, hər cür şəraiti olan məktəbdə oxuyacaqlar. Kənd sakinləri bu diqqət və qayğıya görə Heydər Əliyev Fondunun Prezidentinə minnətdarlıq etdilər.

Mehriban xanım rəhbərlik etdiyi fondun vəsaiti hesabına yeni dərs ilinə kimi respublikamızın müxtəlif yerlərində 132 təzə məktəbin tikilib istifadəyə veriləcəyini bildirdi. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının hazırda uğurla həyata keçirildiyini xatırladan Mehriban xanım, Daşca kənd məktəbində tikinti işlərinin gedişi ilə yaxından maraqlandı, öz tövsiyələrini verdi, məktəbin təzə avadanlıqla təchiz olunmasına da yaxından kömək göstəriləcəyini söylədi.

Mehriban xanım sonra inşaatçılarla, kənd sakinləri ilə səmimi söhbət etdi, onların qayğı və problemləri ilə maraqlandı.

Kənd sakinləri ölkəmizdə təhsilin inkişafına, uşaq evlərinə, internatlara göstərdiyi qayğıya görə ona ürəkdən gələn xoş sözlər dedilər.

Heydər Əliyev Fondunun Prezidenti yeni tikilən məktəbin qarşısında kənd sakinləri ilə xatirə şəkli çəkdirdi.


Xalq qəzeti.- 2005.- 19 avqust.- № 191.- S. 5 .