Xoşməramlı səfirin addımları: Ondan nümunə götürən olacaqmı?
Azərbaycan cəmiyyətində qadının yeri, nüfuzu və ona münasibət hər kəsə bəllidir. Təbii ki, artıq tarixə çevrilmiş bolşevik inqilabından sonra Şərqdə ilk dəfə olaraq Azərbaycan qadını yeniləşən dünyanın ağ yolunda öz qətiyyətli addımları ilə iz saldı. İstər mədəniyyət, istər elm sahəsində, ümumiyyətlə isə həyatın bütün sahələrində şərq qadını, yəni ilk öncə azərbaycanlı qadını özünü sübut etməyə başladı. Bir də ki, Azərbaycan qadınının özünü sübut etməyə o qədər də ehtiyac yox idi. Ən azı ona görə ki, onun kökündə Tomrisin, Nüşabənin, Sara xatunun, Nigarın, Xurşudbanu Natəvanın və daha onlarca tarixin yaddaşında öz adını əbədi yaşatmaq hüququ qazanmış xanımların adı dururdu.
Zaman öz inkişafının müəyyən mərhələlərində bir növ özündən əvvəlkiləri bu və ya digər formada təkrar edir. Məhz həmin təkrarlar zamanı bizim indi tez-tez işlətdiyimiz ifadə yada düşür: tarix təkrar olunur! Görünür elə həmin təkrarolunmanın nəticəsidir ki, bizlərin dünyaya baxışı da təzələnir, üzərimizə götürdüyümüz məsuliyyətin yükünü dərindən başa düşməyə çalışırıq və bir daha özümüz-özümüzü öyrənirik. Öyrənib görürük ki, özümüzə qarşı laqeydliyimiz, biganəliyimiz bütün zamanlarda olub və həmin "bütün zamanların" dərslərindən də nədənsə nəticə çıxarmamışıq. Çox təəssüf ki, bu gün də belədir. Elə ona görə də qələmə aldığım bu yazıda Azərbaycan qadınını təkcə ev xanımı deyil, həm də siyasətçi kimi, xeyriyyəçi kimi, həyat yoldaşının əqidədaşı, çiyin yoldaşı kimi böyük nüfuza malik olmaq, özünü təsdiq etmək, işi ilə, əməli ilə hətta kişilərə nümunə göstərmək iqtidarında olduğunu göstərmək istəyirəm.
Bunun üçün çox da uzaq tarixə üz tutmağa ehtiyac yoxdur. Ən azı ona görə ki, yaşadığımız müstəqil Azərbaycan dövlətinin hər bir vətəndaşı sonuncu prezident seçkilərindən sonra daha da fəallaşan cəmiyyətimizdə məmləkətimizin birinci xanımı olan, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev adına Fondun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi həyatımızdakı addımlarını, gördüyü işləri, xeyirxah əməllərini müşahidə edir. Özü də bu xeyriyyəçilik, bu xeyirxahlıq, bu siyasi fəallıq nəyinsə xatirinə yox, dövlətin və dövlətçlilyin mənafeyi naminə, xalqın rifah halı üçün və nəhayət, ölkə prezidenti İlham Əliyev cənablarının beynəlxalq aləmdə günbəgün artan nüfuzunun daha da möhkəmlənməsi naminə həyata keçirilir.
Son zamanlar həyatımızın müxtəlif sahələrində inkişaf, dirçəliş, tərəqqi özünü göstərir. Bu da təbii ki, Azərbaycan prezidentinin bir varis kimi davamçısı olduğu siyasi kursa sədaqətinin bəhrəsidir. Bunun ikinci bir səbəbi də, zənnimcə, prezidentimizin xanımının ona dəstək olmasıdır. İndi hər kəsin ölkə ərazisinin müxtəlif yerlərindən öz müraciət və şikayətlərini ünvanladıqları şəxslərdən ikincisi Mehriban xanım Əliyevadır. Təbii ki, hər kəs bir müraciəti yazanda ilk öncə onu kimə ünvanlayacağını fikirləşir və sonra yazır. Yəni kimdən ümid gözləyirsə, kimə inanırsa ona üz tutur. Azərbaycanın birinci xanımının talassemiya xəstəliyinə tutulmuş uşaqlarla bağlı gördüyü tədbirlər, uşaq evlərinə baş çəkməsi, kimsəsiz uşaqlarla maraqlanması, onların şərəfinə möhtəşəm yeni il sənliklərinin keçirilməsi və həmin şənliklərdə övladları ilə birgə iştirak etməsi, xalqımızın milli sərvəti olan muğamlarımıza diqqəti və s. hər kəsdə xoş bir ovqat, yeni bir ümid qığılcımı yandırır.
Şəxsən mən bütün bunlardan bir vətəndaş olaraq çox məmnun oldum. Və dərhal da 1989-cu ildəki inamımda yanılmadığıma bir daha inandım. İndi Azərbaycan inkişafının elə bir mərhələsindədir ki, ölkə başçısına hər kəs kömək etməlidir. Bu kömək həm dövlət strukturlarından gəlməlidir, həm də cəmiyyət-dən. Artıq Mehriban xanım öz fəaliyyəti ilə prezidentimizə həm dəstək verir, həm də köməklik göstərir. Mən çox istərdim ki, bu gün yüksək vəzifə tutan məmurların, imkanlı iş adamlarının, nazirlərin, komitə sədrlərinin xanımları da, Milli Məclisin üzvü olan deputat xanımlarımız da Mehriban xanım Əliyevaya dəstək verəydilər, ondan nümunə götürəydilər. Onda cəmiyyətdəki problemlərin sayı bir az da azalardı. Tərəqqimiz, inkişafımız bir az da sürətlənərdi.
Hörmətli Mehriban xanım, mən bu sətirləri yazarkən kimin necə başa düşəcəyini nəzərə almışam. Ona görə də tam səmimiyyətlə ürəyimdə olanları mətbuat səhifəsinə çıxarıram. Siz bu qətiyyətli addımlarınızı həyatımızın digər sahələrinə də yönəldin. Bizi bəzi “vampir” həkimlərdən, şagirdlərin, tələbələrin əlinə baxan bəzi müəllimlərdən, vətəndaşların cibinə yol axtaran məmurlardan xilas etməkdə prezidentimizə yardımçı olun. Özü də çox istərdim ki, təkcə Bakı və onun ətrafında deyil, bölgələrimizdə də sizin gördüyünüz işlər barəsində vətəndaşlarımız xəbərlər eşitsinlər. Qaçqın qəsəbələrində, iqtisadi cəhətdən geri qalan rayonlarımızda, kəndlərimizdə insanların yanında olmağınızı, onların qayğılarını dinləməyinizi istərdim. "Çünki sizin böyüdüyünüz ailə, gəlini olduğunuz ocaq bu xalq üçün, bu Azərbaycan üçün yanmağı, işləməyi sizə nümunə göstərib, sizə sevdirib. Siz hər an bu sevginin, bu nümunənin içərisində olmusunuz. Bu gün də möhtərəm prezidentimiz və Siz Azərbaycan üçün işləyirsiniz, Azərbaycan üçün çalışırsınız.
Azərbaycan tarixinin bütün dövrlərində öz sədaqəti ilə, öz dərin ağlı və düşüncəsi ilə ərlərinə dayaq olan xanımlar yetərincə olubdur və bu gün də var. Onlardan biri də, daha doğrusu bugünkü siyasi həyatımızda birincisi olan Mehriban xanım Əliyevadır. Mən inanıram ki, YUNESKO-nun xoşməramlı səfiri olan, Heydər Əliyev adına fondun prezidenti kimi sərəfli bir vəzifəni icra edən Mehriban xanım Əliyeva bu nümunəsi ilə çoxlarına həm də bir mesaj göndərir. Onları ictimai həyatımızda fəal iştiraka, xalq üçün, Azərbaycan üçün işləməyə çağırır. Yəqin ki, kimlərsə, istər məmurların, istər iş adamlarının xanımları, istərsə də elə bəzi məmurların özləri Mehriban xanım Əliyevanın addımlarından nəticə çıxaracaq. Axı öyrənmək hər vaxt mümkündür, təki istəklə ürəkdə xalq üçün yanğı, təpər olsun.
Əlican Əliyev,
"Gənclik" nəşriyyatının direktoru,
beynəlxalq jurnalistlər birliyinin üzvü
Azad Azərbaycan.- 2005.- 8 mart.- № 35.- S. 1.