“Türk Dünyasına Xidmət” sorğusunun nəticələri açıqlandı
«Türküstan» qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən «Türk dünyasına xidmət — 2012″ rəy sorğusunun nəticələri açıqlanıb. Dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında «Türküstan» qəzetinin baş redaktoru, «Ortaq Dəyərlər» İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, türk dünyasının inteqrasiyasında və türk millətinin dünyadakı nüfuzunun artırılmasında xidmətləri olan şəxsiyyətləri, qurumların sorğu vasitəsilə müəyyən edilməsi və onların gördükləri işlərin təbliği üçün keçirilən sorğuya dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən türksoylu xalqların tanınmış təşkilatlarından, ortaq qurumlardan dəstəklər ifadə olunub. Və bu təşkilatlardan ibarət sorğunun beynəlxalq dəstəkçiləri formalaşdırılıb.
«Bu qurumlardan Dünya Türk Gənclər Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Xalqları Assambleyası (Qazaxistan), Dünya Uyğur Konqresi, Kırım Türkləri Kültür və Yardımlaşma Dərnəyi, Qırğız Türkləri Yardımlaşma və Dayanışma Dərnəyi, Türküstanlılar Kültür və Yardımlaşma Dərnəyi (Özbəkistan), Kosova Qora Türkləri Kültür və Araşdırma Dərnəyi, Dünya Türkmən Birliyi (Türkmənistan), Lider Qadınlar İctimai Birliyi, Dünya TuranDo Assosiyasiyası, Borçalı Cəmiyyəti, Makedoniya Türkləri Ufuk Dərnəyi adını qeyd edə bilərik. Bu tərkib sorğunun tək Azərbaycanı deyil, bütövlükdə türk dünyasını əhatə etməsinə, həmçinin sorğunun və sorğu nəticəsində veriləcək ödüllərin beynəlxalq əhəmiyyət daşımasına imkan yaradır».
Aqil Camalın sözlərinə görə, sorğu 3 kateqoriya — mədəniyyət, təhsil və siyasət üzrə keçirilən sorğuda respondentlərdən türk dövlətləri arasında inteqrasiya prosesinə münasibət bildirmələri də soruşulub: «Sorğu internet saytlarında, eyni zamanda anketlə, adıçəkilən qurumların iştirakı ilə, həmçinin elektron poçt vasitəsilə aparılıb. Həmçinin, sosial şəbəkələrdə sorğu ilə bağlı davamlı çağırışlar olub. Yerli və xarici televiziyalarda, qəzet və saytlarda sorğuyla bağlı xəbərlər, reportajlar, müsahibələr, ayrıca televiziya verilişləri olub.
Sorğuya ümumilikdə 37.525 respondent qatılıb.
Sorğuda 3 nominasiya üzrə 60-a yaxın şəxs və qurumların adları respondentlər tərəfindən qeyd olunub. Bunların içərisində türk dünyasının tanınmış siyasət, elm, mədəniyyət xadimləri, millət vəkilləri, sənətçilər, jurnalistlər də var. Lakin, münsiflər heyəti sorğuda daha çox səs alan və böyük fərqlə önə çıxan şəxs və qurumlardan hər nominasiya üzrə 2 qalibin elan olunmasını qərara alıb. Sorğunun birinci nominasiyası — Türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva Türk mədəniyyətinin hamisi adına layiq görülüb.
Respondentlərin şərhlərində Mehriban Əliyevanın bu yöndə fəaliyyəti aşağıdakı şəkildə formalaşdırlıb. Mehriban Əliyevanın YUNESKO və İSESKO-dakı fəaliyyəti və dəstəyi sayəsində ortaq türk mədəniyyətinin, düşüncəsinin nümunəsi olan bir sıra abidələr, milli musiqi nümunələri, sənət əsərləri, milli musiqi alətləri, Türk və Şərq dəyərlərini özündə əks etdirən milli bayramlar YUNESKO-nun xətti ilə dünyanın maddi-mədəni irs siyahısına daxil edilib. Bu sırada Türk coğrafiyasının önəmli milli bayramı olan, həmçinin türklərin Ergenekon dağlarından böyük dünyaya çıxışının simvolu kimi xarakterizə edilən Novruz bayramının, Qobustanın qayaüstü abidələrinin, Şirvanşahlar saray kompleksinin, İçərişəhərin, o taylı, bu taylı Azərbaycanın danılmaz dəyəri olan muğamın, xalçanın, sazın, tarın adını çəkmək yerinə düşər. Həmçinin, Mehriban xanımın dəstəyi ilə ortaq türk düşüncəsini, milli dövlətçilik ənənələrimizi özündə əks etdirən, əski Göytürk Xaqanlığının ruhunu minillərdir daş yaddaşında qoruyan Orxon-Yenisey abidəsinin, qazax, qırğız xalqlarının yaddaşını qopuzun, «Manas» dastanının, tamburanın, tatar türklərinin milli bayramı «Sabantyu»nun dünyanın maddi-mədəni irs siyahısına daxil edilməsi, Azərbaycanın və türk dünyasının dahi şəxsiyyətlərinin, alimlərin, şairlərin yubileylərinin YUNESKO-nun və İSESKO-nun xətti ilə təntənəli şəkildə qeyd edilməsi də bu sırada vurğulanır.
«Türk mədəniyyətinin hamisi» nominasiyası üzrə daha çox səs olan digər qalib isə TÜRKSOY təşkilatıdır.
TÜRKSOY təşkilatı türk mədəni irsinin qorunması, dünyada təbliği sayəsindəki davamlı xidmətləri ilə qeyd olunur. Türk coğrafiyasından olan böyük şəxsiyyətlərin yubileylərinin qeyd olunması, ədəbiyyat adamlarının əsərlərinin nəşri, rəssamların dəstəklənməsi, xüsusilə BMT qərargahında Türk dünyasının ortaq bayramı olan Novruz şənliyinin keçirilməsi TÜRKSOY-un fəaliyyətində böyük rəğbətlə qarşılanan hadisələrdəndir.
«Türk gəncliyinin təhsilində və formalaşmasında xidmətlərinə görə kimi türk gəncliyinin dostu sayırsınız?» nominasiyası üzrə ən çox səs bu yaxınlarda həyatdan köçmüş Türk Dünyası Arağdırmalar Vəqfinin qurucu başqanı, professor doktor Turan Yazqana verilib.
Respondentlər Turan Yazqanı bütün ömrünü, maddi və mənəvi imkanlarını Turan ülküsünə, türk Birliyinin gerçəkləşməsinə, Türk gəncliyinin çağdaş dünyasının tələblərinə uyğun şəkildə təhsil almasına yönəldən ölməz bir şəxsiyyət kimi dəyərləndiriblər. Onun çıxardığı türk dünyasına səs salmış «Türk Tarixi» dərgisi, sovet imperiyası dağıldıqdan sonra müstəqilliyinə qovuşan türk cümhuriyyətlərində, həmçinin muxtar respublikalarda açdığı Atatürk Liseyləri bu gün Turan Yazqanın dəyərli yadigarları olaraq qeyd olunmaqdadır. Hesab edirik ki, bu doğru seçim həm də Türk dünyasının bu dəyərli övladına bir vəfa borcudur.
«Türk dünyasının dostu» nominasiyası üzrə daha çox səs alan digər qalib isə Çağ Öyrətim İşlətmələri Şirkətidir.
Respondentlər Çağ Öyrətim Şirkətini Türk gəncliyinə çağdaş dünyanın tələblərinə uyğun keyfiyyətli təhsil verməsi, türk dilinin dünyada yayğınlaşdırılması və bununla gələcəkdə dünyanın aparıcı ünsiyyət dillərində birinə çevirilməsi, həmçinin hər il keçirilən Türkcə olimpiya oyunlarında önəmli iştirakına görə qiymətləndiriblər.
«Türk dövlətləri və xalqları coğrafiyasından kimi ilin siyasətçisi sayırsınız?» sorğusu üzrə ən çox səs Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana verilib. Respondentlər şərhlərində Rəcəb Tayyib Ərdoğanı Türk dünyasının aparıcı dövləti olan Türkiyənin nüfuzunun dünyada artırlımasında, bölgədə mühüm siyasi oyunçulardan birinə çevirilməsində, iqtisadi yüksəlişində, həmçinin türk dövlətləri arasında inteqrasiya proseslərinin, ortaq qurumların yaradılımasının Türkiyə hökuməti tərəfindən dəstəklənməsində xidmətlərinə görə dəyərləndiriblər.
Həmçinin son dönəmlər Türkiyə hərbi və kosmik sənayesinin məhsulları olan «Altay» tankının, «Göytürk-2″ peykinin türk tarixində silinməz iz buraxmış ifadələrlə adlandırılmasını xüsusi qeyd edilib.
İlin siyasətçisi nominasiyası üzrə daha çox səs alan digər qalib isə Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayevadır.
Respondentlər «Qırğızların anası» adlandırılan Roza Otunbayevanı Qırğızıstanda ölkədaxili gərginliyin ortadan qaldırılmasında, xarici təxribatçı qüvvələrin qırğız və özbək türkləri arasında nifaq salma cəhdlərinin qarşısının alınmasında, Orta Asiyada sülhün, sabitliyin təmin olunmasında, ölkədə hakimiyyətin qansız, demokratik şəkildə ötürülməsinə və bununla da bölgədə demokratiyaya dəstək verdiyinə, qırğız türklərinin milli və çağdaş dəyərlərə söykənən dövlət qurmasında önəmli xidmətlərinə görə qiymətləndiriblər.
Xalq Cəbhəsi.- 2013.- 21 fevral.- № 33.- S. 3.