Çap etmək   ⁞     ⁞   Fond haqqında

Tarixə və həqiqətə sədaqətlə


Srağagün Azərbaycan Yazıçılar Birliyində Heydər Əliyev Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan rus yazıçısı və tarixçisi, "Bəyazidin müdafiəsi: həqiqət və yalan" əsərinin müəllifi Rudolf İvanovla görüş keçirildi. Görüş mərasimini giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qonağı salamlayaraq ona Azərbaycan Yazıçılar Birliyinin tarixi haqqında qısa məlumat verdi və onu burada gördüyündən məmnunluq duyduğunu dilə gətirdi. Daha sonra Anar tədbiri idarə etmək üçün sözü millət vəkili, yazıçı-publisist Elmira Axundovaya verdi.

Elmira Axundova Rudolf İvanovun haqqında ətraflı məlumat verərək qeyd elədi ki, yazıçı Qafqazda, Pyatiqorsk şəhərində anadan olub, Bakı Ali Hərbi Məktəbində təhsil alıb, sonradan Şimal Donanmasında.

Demobilizasiyadan sonra Moskva Energetika İnstitutunda və aspiranturada təhsil alıb, o vaxtkı Sovetlər Birliyində yeganə olan reproqrafiya kafedrasına rəhbərlik edib, dosent və professor elmi adlarını alıb. 23 kitab və 200 məqalə müəllifi olan Rudolf İvanovun tədqiqat işləri sırasında imperiya Rusiyasının və Qafqazın tarixi mühüm yer tutur. Onun əsərləri, monoqrafiyaları sırasında Şeyx Şamil və Hacı Murad haqqında əsərlər, "Stolıpinin qanı", "General Maqsud Əlixanov: triumf və tragediya" kitabları və başqa əsərləri vardır. Daha sonra sözünə davam edən yazıçı Elmira Axundova qeyd etdi ki, Rusiya Yazıçılar Birliyi və Moskva Jurnalistlər Birliyinin üzvü olan Rudolf İvanovun bu gün bizim aramızda olmasının səbəbi "Bəyazidin müdafiəsi: həqiqət və yalan", kitabıdı. Həmin kitab 1877-1878-ci illərin rus-türk müharibəsinə, daha doğrusu, həmin müharibənin bir faciəvi epizoduna həsr olunmuşdur. Belə ki, çar Rusiyası hərbiyyəsinin tarixi hərbi qələbələri arasında mühüm yer tutan Bəyazid qalasının müdafiəsi, daha doğrusu, oradakı uğur uzun müddət rus və pravoslav əsilli zabit Ştokviçin adıyla bağlanmış, onun ətrafında miflər uydurulmuş, hətta Pikulun məşhur "Bəyazid" tarixi romanı vasitəsilə sonrakı nəsillər üçün bədii həllini taparaq ötürülmüşdür. Roman əsasında iki il əvvəl çəkilən və göstərilən çoxseriyalı film isə bu yalan zəncirinin ən kütləvi halqasına çevrilmişdi. Həmin roman və filmdə, bu əsərlərin qaynaqlandığı, uydurma tarixi sənədlərdə qalanın müdafiəsində iştirak edən rus təbəəsi olan müsəlman zabitlər, konkret olaraq, azərbaycanlılar nədənsə qorxaq və satqın kimi qələmə verilmişdir. Halbuki həmin qalanın müdafiəsi və uğuru məhz azərbaycanlı polkovnik İsmayıl Xan Naxçıvanlının (Naxçıvanskinin) adıyla bağlıdır. Belə ki, pravoslav rus zabitləri ağ bayraq qaldırdıqları halda məhz İsmayıl Xan mübarizəni davam etdirmiş qalanın təslim olmamasını təmin etmişdir.

Elmira Axundova müəllifin tarixi həqiqətlərə sadiqliklə yazdığı bu əsər haqqında ən xoş sözlərini söylədi, əsərin və kitabın ərsəyə gəlməsi dövründə müəllifin üzləşdiyi çətinliklərdən, təqiblərdən də söz açdı. Budur, artıq kitab çıxıb və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəvəti ilə yazıçı Rudolf İvanov Bakıdadır. Sonda Elmira Axundova müəllifin, ümumiyyətlə, Naxçıvan xanları haqqında irihəcmli əsər yazmaq niyyətində olduğunu da söylədi.

Daha sonra Yazıçılar Birliyinin katibi, filologiya elmləri doktoru Arif Əmrahoğlu çıxış edərək kitabın əhəmiyyətindən, Bəyazid qalasındakı tarixi hadisələrdən söz açdı. Natiq qeyd elədi ki, kitabın saxtalaşdırılmış tarixin bərpa olunması istiqamətindəki əhəmiyyəti çox böyük və danılmazdır.

Söz alan şair - tərcüməçi Səyavuş Məmmədzadə kitabı mütaliədən böyük zövq aldığını və demək olar ki, rəy əvəzinə təqdim oluna biləcək yazısını görüş iştirakçılarının diqqətinə çatdırdı. Həmin yazıda kitabın araşdırıcı keyfiyyəti ilə yazıçılıq bacarığının maraqlı şəkildə çulğaşdığından, habelə, kitabın bədii məziyyətlərindən söz açılırdı.

Sonda söz kitabın müəllifi Rudolf İvanova verildi. Azərbaycanda, Bakıda olmaqdan məmnunluq duyduğunu söyləyən İvanov çıxışına belə başladı: "Mənimçün Azərbaycan ədiblərinin olimpində olmaq böyük şərəfdir..."

Çıxışı daha çox avtobioqrafik məqamlarla zəngin olan İvanov ümumiyyətlə araşdırma apararkən iki prinsipi əsas götürdüyünü söylədi. Onlardan birincisi unudulmuş şəxsiyyətləri yaddaşlar üçün bərpa etmək və dirçəltmək, ikincisi isə qəhrəmanların mənəvi keyfiyyətlərini təbliğ eləməkdi. Müəllif həm kitabı yazarkən, həm də nəşr etdirərkən üzləşdiyi çətinliklər və maneələrdən söz açdı, qeyd elədi ki, hazırkı nəşr ikinci və təkrar işlənilmiş nəşrdir. Belə ki, "Bəyazid müdafiəsi: həqiqət və yalan" əsərinin ilk nəşri naşirlərin ciddi süzgəcindən keçmiş, qayçılanmış və hətta demək olar onun iradəsinin əleyhinə nəşr olunmuşdu.

"Həmin vaxtlarda məni sakitləşdirən bir şeydi ki, kitabı sonradan ürəyim istəyən kimi təkrar nəşr nəşr edə bilərəm. Budur təkrar nəşr qarşınızdadır və bu görüşü kitabın təqdimetmə mərasimi də saymaq olar.

Görüşdə xalq şairi Fikrət Qoca, “Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Qulu Ağsəs və digər ədəbiyyat adamları iştirak edirdilər.

Görüşün sonunda müəllif televiziya və mətbuatın ona ünvanladığı suallara cavab verdi.


Səlim Babullaoğlu

Ədəbiyyat.- 2006.- 13 yanvar.- № 2.- S. 2.