Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki bölməsinin Baş direktoru Sergey Orconikidze ilə görüşmüşdür


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Cenevrəyə səfəri çərçivəsində mayın 18-də Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki bölməsinin iqamətgahına gəlmişdir. Mehriban xanımı iqamətgahın önündə bölmənin protokol rəisi Sergey Şapoşnikov ehtiramla qarşılamışdır.

Burada Mehriban Əliyeva və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidzenin görüşü keçirilmişdir. Görüşdə BMT ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılmışdır.

Baş direktor Mehriban xanım Əliyevanı ana və uşaqların, ailənin sağlamlığının qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Dünya Səhiyyə Təşkilatı tərəfindən İnsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülməsi münasibətilə təbrik etmiş, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ilə Cenevrədə görüşünü xatırlatmışdır. Azərbaycanla BMT arasında əməkdaşlıqdan danışan Sergey Orconikidze Azərbaycanın BMT sistemində artan rolunu vurğulamış, ölkəmizin bu təşkilatda layiqincə təmsil olunduğunu bildirmişdir. O, BMT-nin Cenevrə bölməsinin iqamətgahında “Azərbaycan otağı”nın açılmasını mühüm hadisə, ikitərəfli əməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirmişdir.

Mehriban Əliyeva onun ünvanına söylədiyi xoş sözlərə görə baş direktora təşəkkür etmiş, dünyada, ölkələr və xalqlar arasında sülhün, əmin-amanlığın qorunub saxlanmasında BMT-nin səylərini yüksək qiymətləndirmişdir. Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Fondun təhsil və mədəniyyətlə yanaşı, səhiyyənin inkişafı sahəsində gördüyü işlər barədə də məlumat vermiş, ölkəmizdə müasir tipli yeni xəstəxana və tibb ocaqlarının tikildiyini bildirmişdir.

Səmimilik şəraitində keçən görüşün sonunda Mehriban Əliyeva və Sergey Orconikidze BMT-nin bayrağı qarşısında xatirə şəkli çəkdirmişlər.


AzərTAc
2007, 18 may