Humanitar fənlərin mükəmməl öyrədilməsi üçün tədris bazası vardır
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fevralın 1-də Əzizbəyov rayonunun "Şimal" DRES qəsəbəsində yerləşən A. S. Makarenko adına humanitar təmayüllü internat məktəbdə də olmuş, 560 şagirdin təhsil aldığı təhsil müəssisəsinin problemləri, şəraiti ilə maraqlanmışdır.
Xeyirxah işlərinə görə Mehriban xanıma minnətdarlığını bildirən direktor Fərhad Zeynalov hörmətli qonağa məlumat verərək dedi ki, 1953-cü ildən fəaliyyət göstərən, 56 müəllimin çalışdığı məktəbdə uşaqların təlim-tərbiyəsi üçün şərait yaradılmışdır. Burada 20 nəfər qaçqın və məcburi köçkün yaşayır və onlar məktəbdə işlə təmin olunmuşlar. Humanitar fənlərin mükəmməl öyrədilməsi üçün xüsusi proqram hazırlanmışdır. Təhsil Nazirliyi məktəbi dərsliklərlə təmin edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Naxçıvanski adına Hərbi Litseyə uşaqlar buradan rus dilini dərinləşmiş proqram üzrə öyrənib gedirdilər. İndi buna ehtiyac qalmayıb, çünki litseydə dərslər Azərbaycan dilində keçilir.
Fondun prezidentinə gül dəstəsi təqdim edən 10-cu sinif şagirdi Nərrin Lətifova dedi:
- Hörmətli Mehriban xanım, məktəbimizə xoş gəlmisiniz. Biz sizinlə fəxr edir və minnətdarlığımızı bildiririk. Əminik ki, bu gün yaddaşımızda daim qalacaq və gələcəkdə onu xatırladıqca böyük qürur hissi keçirəcəyik.
11-ci sinif şagirdi Hüseynxan Axundov isə Mehriban xanımı gənclər günü münasibətilə ürəkdən təbrik etdi, ona cansağlığı, uzun ömür arzuladı və ulu öndərimizə həsr etdiyi şeri oxudu:
Ölməz Heydər baba xalqın şöhrətin,
Bu Yer kürəsinə yayıb gedibdir.
Özü olmasa da bu gün bizimlə,
Layiqli bir övlad qoyub gedibdir.
Yataqxanada və istirahət otağında yaradılmış səliqə-sahmandan razılığını bildirən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım əl işləri otağına, idman salonuna baxdı, yeməkxana və mətbəxlə tanış oldu, ingilis dili dərsini izlədi, sambo yarışlarında rayonda birinci yeri tutmuş, əlaçı şagirdlərlə, uşaq təşkilatının üzvləri ilə səmimi görüşdü, onlara uğurlar arzuladı. Bildirildi ki, məktəbin klubunun təmiri üçün Təhsil Nazirliyi tərəfindən 145 milyon manat ayrılmışdır, yaxın vaxtlarda işə başlanacaqdır.
Xalq qəzeti.- 2005.- 2 fevral.- № 24.- S. 4.